Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddətinə Milli Məclisin payız sessiyasında baxılacaq. Ombudsmanın səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb. Lakin yeni Ombudsman seçilmədiyindən Elmira Süleymanova fəaliyyətini davam etdirir. E.Süleymanova iki dəfə - 2002 və 2010-cu illərdə Ombudsman seçilib. Mövcud qanunvericiliyə görə, Prezident parlamentə Ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar verir.
Elmira Süleymanovanın uzunmüddətli fəaliyyəti və yenidən seçilməyəcəyi təqdirdə onu kimin əvəzələyəcəyi ilə bağlı "Şərq”ə danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas Tahir Kərimli deyib ki, hər şey yeni namizədlərin ortaya çıxmasından sonra bəlli olacaq.
Deputatın sözlərinə görə, Ombudsmanın dəyişib-dəyişməyəcəyi dövlət başçısından asılıdır:
"Konstutusiyada Ombudsmanla bağlı dəyişiklik gündəmə gələndə cəmiyyətdə eyforiya yarandı. Bəzən yanlış olaraq elə bir fikir formalaşır ki, guya Ombudsman alternativ ictimai nəzarət və hakimiyyət orqanına çevrilir. Toplumlar hüquq müvəklillərinin fəaliyyətini siyasiləşdirsə də, Ombudsmanlar daha çox sakit fəaliyyətə meyil edirlər. Bu institutlar insan haqqlarının müdafiəsi üçün təsis edilib. Ona görə də müstəqil olmalı, heç kimə hesabat verməməlidir. E.Süleymanovanın vəzifəsində qalıb-qalmayacağı Prezidentin mövqeyindən sonra bəlli olacaq. Lakin qanuna əsasən Ombudsmanın səlahiyyət müddəti başa çatıb və növbəti addım qanuna müvafiq atılacaq”.
T.Kərimli Ombudsmanla bağlı eyforik fikirləri bölüşmədiyini deyib. Parlament üzvü vurğulayıb ki, insan hüquqları üzrə müvəkkil cəmiyyətdə baş verənlərə obyektiv qiymət verməlidir:
"Ombudsman hadisələrlə bağlı düzgün yanaşma sərgiləməlidir. Keçən il E.Süleymanova hesabat verəndə öz narazılıqlarımı dilə gətirdim. Vurğuladım ki, "uzun zamandır əhali problemli kreditlərdən əziyyət çəkir, amma Elmira xanım bu məsələyə münasibət bildirmir”. Amma Ombudsman Xəzər dənizində baş evrən faciə ilə bağlı aktiv mövqe sərgiləmişdi. O cümlədən, həbsxanalarla bağlı məsələlərdə mütəmadi fikirlər bəyan edilmişdi. Yəni bəzi məqamlarda qurumun fəaliyyəti gözə dəyir, digər proseslər də isə yox. Bütövlükdə ümumi fəaliyyəti müəyyən qədər normal saymaq olar. Bildiyimə görə, regionlarda mərkəzlər açılıb”.
Milli Məclisin üzvü deyib ki, Elmira xanım çox mehriban və hörmətli qadındır:
"Heç kim onun şəxsi və insani keyfiyyətlərində nöqsan tapa bilməz. Yəqin ki, cənab Prezident E.Süleymanovanı daha yüksək qoymətləndirəcək. Əgər yenidən onun namizədliyi təklif olunarsa, məncə, dəstək qazanacaq. Amma hər şey yeni namizədlərin kimliyindən asılı olacaq. Bəlkə namizədlər arasında daha perspektivli şəxs çıxacaq. Hələlik, namizədlərin kimliyi bizə məlum deyil. Deputat olaraq biz bu məsələdə təklif vermirik, sadəcə verilən təklifləri dəyərləndiririk”.
İsmayıl