Səbuhi Rəhimli: “İçərişəhərdə 30-a yaxın fırıldaqçı falçılar var, insanlar orda növbəyə dururlar”
İnsanların həssas durumlarından istifadə edib onlara müxtəlif vədlər verən baxıcılar haqqında çox eşitmişik. Ailə qurmaq istəyən qızları gözəl evliliklə, işsiz insanları yaxşı işlə təmin edə biləcək gücdə olduğunu deyən falçılar kütlənin böyük əksəriyyətini öz təsirləri altına alıblar. Maraqlıdır, hər kəsə gözəl vədlər verən, "güclü” qüvvəyə malik olan baxıcılar niyə özləri üçün bir gün ağlamırlar?
Məsələ ilə bağlı hər zaman cinayət məsuliyyəti, həbslər və cəzalar olsa da, dəyişən bir şey yoxdur. Çünki qeyri-adi qüvvəyə sahib olduqlarını iddia edən fırıldaqçılar ara sakitləşən kimi yenidən "biznes”lərinin başına keçirlər. Acınacaqlı durum isə vətəndaşların onlara hər şeydən və hamıdan çox inanmalarıdı.
Paytaxtımızda vətəndaşları işə düzəltmək adı ilə aldadaraq onların pulunu ələ keçirən növbəti falçı saxlanılıb. Esmira Muradova adlı şəxsə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən E.Muradova 7 il müddətinə azadlıqdan məhrum edilib.
Bəs falçıların məsuliyyətə cəlb olunması onların dələduzluğuna son qoya biləcəkmi?
Hər şeydən əvvəl güclü maariflənmə işlərinin aparılmasını deyən astroloq Səbuhi Rəhimli baxıcıların məsuliyyətə cəlb olunmasını müsbət qiymətləndirib. Astroloqun sözlərinə görə, insanların ümidsiz, işsiz halından istifadə edən baxıcılara qarşı ictimai qınaq da güclənməlidir:
"Ümumiyyətlə, istər falçılıq, istərsə də başqa müstəvilərdə dələduzluqla məşğul olan, insanları aldadan, onların hissi ilə oynayan şəxslərin cəzalanması müsbət haldır. Lakin bu cinayətlər məsələnin həll olunmasına kömək etmir. Mən ömrümü falçılara, qara magiya ilə məşğul olan insanların əməllərinə həsr etmişəm. Hətta Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da falçılara qarşı mübarizələrin başlanılmasını söyləmişdi. Amma heç bir şey olmadı. Neçə dəfə açıqlama verdim ki, təkcə İçərişəhərdə 30-a yaxın xüsusi adam fala baxır və insanlar orda növbəyə durur. Bu məsələnin qarşısını almağa yönəlmiş işlər azdır və o qədər də gözə çarpmır.
Bir-iki nəfər həbs edilir, vəssalam. Bəziləri uzağı bir müddət sakit duracaq, amma sonra yenə fəaliyyətə başlayacaq. Məncə, məsələnin əsas kökünü, yaranma səbəbini tapmaq lazımdır. Əlaqədar məsələdə dini və mənəvi verilişlər, yazılar çox olmalı, insanlar oxuyub nəyin doğru, nəyin yalan olduğunu bilməlidir. Devalvasiya ilə bağlı evlərin qiyməti kəskin dəyişir, vətəndaşlar da belə fırıldaqçılara müraciət edib evlərinin satılıb-satılmayacaqlarını öyrənmək istəyirlər. Falçıların da əlinə insanları aldatmaq üçün gözəl məqamlar düşür. Hətta sovet dönəmində də falçılara gedənlər olurdu. Lakin o zaman belə insanlar çoxluq təşkil etmirdi. İnsanların düşdüyü şərait, çətinlik onları bu fırıldaqçılara üz tutmağa vadar edir. Amma tarix göstərir ki, onların 99 faizi yalançıdır. Bu məsələ ilə bağlı geniş miqyasda tədbirlər aparılmalıdır. Necə ki, kriminal xəbərlər daim saytlarda, qəzet və televiziyalarda əks olunur, həmçinin bu cür falçıların da dələduzluqları ifşa olunmalıdır. Lazımlı tədbirləri gücləndirməklə belə hadisələrin qarşısını almaq olar”.
Yeganə Bayramova