Bu qadınlar artıq üstlərinə qışqıran kişiləri bıçaqlayacaq qədər irəli gediblər
"Bizim Cəbiş müəllim” filminin yaddaqalan, maraqlı epizodlarından biri də Cəbiş müəllimi müharibənin "ağzından” almağa çalışan həyat yoldaşının zabitlə dialoqudur;
- Əşi, bunu kim buraxıb bura?!
- Üstümə qışqırma, arvadın-zadın deyiləm sənin...”
Bu dəfə, məhz bu qadınlardan kiminsə "arvadı-zadı” olmayan qadınlardan danışmaq istəyirik. Bu qadınlar artıq üstlərinə qışqıran kişiləri bıçaqlayacaq qədər irəli gediblər. Etiraf etməliyik ki, ailə, qadın-kişi münasibətlərində kəskin deqradasiya hiss olunacaq səviyyədədir. Dünənədək kişilərin qadına qarşı zorakılığı adi hal idisə, getdikcə "əli bıçaqlı qadın”lar da çoxalır. Zorakılıq artıq sərhəd tanımır.
Kişi də, qadın da eyni dərəcədə aqressivləşib. Bu günlərdə paytaxtda baş vermiş bıçaqlanma hadisəsi də, deyilənləri təsdiq edir. Verilən məlumata görə, paytaxt sakini Aygün Ağayeva birgə yaşadığı Emin Bayramovu münaqişə zəminində bıçaqlayıb. A.Ağayevanın E.Bayramovla vətəndaş nikahında olduğu bildirilir. Bundan öncə, Sumqayıtda da oxşar hadisə baş vermişdi. Gənc qadın rəsmi nikahda olmadığı kişini bıçaqlamışdı.
Rəsmi nikahda olmayan cütlüklər barəsində, adətən "qeyri-qanuni nikah” ifadəsi işlədilir. Ailə-məişət problemlərinin araşdırılması ilə məşğul olan mütəxəssislər qeyri-rəsmi nikahların uşaqlarla bağlı tərəfinə daha çox diqqət ayırır. Uşaqlar natamam ailədə böyüyür, adına doğum şəhadətnaməsinin əldə olunmasında çətinlik yaranır, cütlüklər ayrıldıqda uşağa aliment təyin edilməsi problemə çevrilir, böyüdükdə isə cəmiyyətin qınağı onların həyatına mənfi təsir göstərir və s. Amma qeyri-rəsmi nikahın birbaşa qadının həyatında hansı problemləri yaratdığı sanki diqqətdən kənar qalır. Bəzi mütəxəssislər isə hesab edir ki, qeyri-rəsmi nikahda yaşamaq qadının həyatına real təhlükədir.
Mövzu ilə bağlı "Şərq”ə danışan "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, qeyri-rəsmi nikahda yaşamaq tərəflərin üzərinə heç bir məsuliyyət qoymadığından qadın da, kişi də özünü sərbəst hiss edir və bu sərbəstlik hissi də bəzən tərəflərin istədiyi kimi davranması ilə nəticələnir:
- Nə qədər əksini əsaslandırmağa çalışsalar da, bu faktdır ki, rəsmi nikah münasibətlərdə məsuliyyət hissini formalaşdırır. Vətəndaş nikahı ilə yaşayanlar isə özlərini kimdənsə asılı hiss etmir, məsuliyyət daşımadıqlarını düşünür və bu da onların davranışlarına, birgə yaşayışlarındakı münasibətlərinə təsirini göstərir. Qeyri-rəsmi nikahda olanlar qarşı tərəfin hökm etməsini, ağalıq etməsini, müxtəlif qadağalar qoymasını qəbul etmir. Sadə bir məntiqlə; axı sən kimsən, işimə qarışırsan?!” Münasibətlər bu həddə çatanda isə cinayət də törədilə nə bilir, müxtəlif formada zorakılıqlar da üzə çıxır. Bununla heç də demək istəmirik ki, qanuni nikahda olanlar arasında məişət zorakılıqları yaşanmır, yaxud, ölüm, bıçaqlanma halları olmur. Belə ailələrdə cinayət əməllərinin sayı az deyil. Ancaq qeyri-rəsmi nikahlar tərəflər üçün daha təhlükəlidir. Xüsusilə də qadınlar üçün. Kişi heç bir məsuliyyət daşımadan, hesabat vermədən, istədiyi vaxt, necə deyərlər, pencəyini götürüb gedə bilər. Təbii ki, bu cür məsuliyyətsiz ərlər, atalar da çoxdur. Amma rəsmi nikah, ailə məsuliyyəti, uşaqlar müəyyən mənada atanın da, ananın da spontan, düşünülməmiş qərar verməsinin qarşısını ala bilir. Ana da, ata da, ailəsini, uşaqlarını, qohum-əqrəbasını düşünür. Ən azından, "qohum-əqrəba nə deyər, camaat üzümə tüpürər” fikri beyinlərini məşğul edir. Vətəndaş nikahında isə daxili vicdan, təmiz sevgi xaric, belə hisslər olmur. Tərəflər düşünür ki, onsuz da bizim münasibətlərin qeyri-rəsmi olduğu məlumdur. Deyəcəyik, ayrılmışıq, vəssalam.
M.Zeynalova qeyd etdi ki, qeyri-rəsmi nikahda yaşayan qadınları qorumaq, mühafizə etmək də çətindir. Xüsusilə əgər bu izdivacdan körpə də dünyaya gəlirsə, problemlər daha da artır:
- Ortada hər hansı bir sənəd olmadığından, ölkə üzrə qeyri-rəsmi nikahların statistikasını aparmaq çətindir. Sözügedən rəqəmləri yalnız əhalinin ümumi siyahıya alınması zamanı müəyyənləşdirmək olar. Özü də bir şərtlə ki, tərəflər nikahsız yaşadıqlarını etiraf etsinlər. Amma qeyri-rəsmi nikahdan doğulan körpələrin sayı onlara doğum haqqında şəhadətnamə verilən vaxt ayrıca qeyd olunur. Rəsmi nikah istənilən halda qadının xeyrinədir. Bu, qadın və uşağa hüquqi
cəhətdən öz statusunu müəyyənləşdirməyə imkan verir. Rəsmi nikaha girməyən şəxslər, onların övladları sonradan sosial-psixoloji travmalar yaşayır. Bir çox hallarda rəsmi nikah da bəzən ailə başçısı olan kişilərin məsuliyyət hissinə az təsir göstərir. Aliment almaq üçünsə heç də rəsmi nikahda olmaq və ya boşanmaq lazım deyil. Tərəflər boşanmasa da, həmçinin, rəsmi nikah qüvvədə qalsa da, qadın aliment üçün müraciət edə bilər. Bəzən bizə kəbin kağızını nikah haqqında şəhadətnamə əvəzinə təqdim edən qadınlar olur. Bu elə vətəndaş nikahı deməkdir. Çünki kəbin kağızının qanun qarşısında heç bir hüquqi yükü, əhəmiyyəti yoxdur. Rəsmi nikaha girməmək qadınlara boşanma və ya kişi dünyasını dəyişdiyi məqamda da böyük problemlər yaradır. Rəsmi nikaha girməyən qadının vərəsəlik hüququ olmur. Boşanma və ərin dünyasını dəyişdiyi təqdirdə mənzil problemləri qabarır. Qadının mənzilə köçürülməsi, mənzildən istifadə hüququnun tanınması qeyri-mümkün olur. Eyni zamanda, birgə nikah vaxtı əldə edilmiş mülkiyyətdən qadın məhrum olur. Münasibətlərin rəsmi və ya qeyri-rəsmiliyindən asılı olmayaraq atalıq faktı məhkəmə yolu ilə müəyyən olunduqdan sonra uşağın bütün haqları tanınır.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də bu fikirdədir ki, qeyri-rəsmi nikah tərəflər üzərinə heç bir məsuliyyət qoymadığından bəziləri bu cür əlaqəyə meyl edir:
- Cəmiyyətdə boşanmış qadınlara olan münasibəti nəzərə alsaq, vətəndaş nikahında olan qadınlara münasibətin dərəcəsini tam aydınlığı ilə təxmin edə bilərik. Onu da deyim ki, paytaxta nisbətən əyalətlərdə vəziyyət fərqlidir. Əyalətdə rəsmi nikahın vacibliyi və ya qeyri-vacibliyi gündəmdə olan mövzu deyil. Çünki regionlarda ailə münasibətləri tam oturuşmuş dəyərlər prinsipi ilə qurulub. Və belə də davam edir. Şəhərdə isə rəsmi nikahın əhəmiyyəti getdikcə daha çox artır. Nəzərə alanda ki, paytaxtda boşanma sayı daha çoxdur, regionlardakı vəziyyəti təxmin etmək olur. Çünki bizdə rəsmi nikahın əhəmiyyəti yalnız boşanma zamanı yada düşür. Vətəndaş nikahına daxil olanların sayının çoxalmasına səbəb məsuliyyətdən qaçmaq istəyidir. İnsanlar düşünür ki, rəsmi nikaha girməsələr, başları daha çox rahat olar, məsuliyyətdən uzaqda qalarlar. Azərbaycan cəmiyyətində isə, qeyri-rəsmi nikah qadınlar üçün böyük narahatçılıqlar törədir. Azərbaycanda vətəndaş nikahında olanlar daha çox ikinci nikaha girənlərdir. Birinci nikahı uğursuz olanlar sonradan ailə qurmaq və ya münasibətlərə girmək istəyirlər. Mental dəyərlər isə bu münasibətlərin toyla nəticələnməsinə icazə vermir. Azərbaycanda vətəndaş nikahına daxil olanları iki yerə bölmək olar: əyalətdə yaşayanlar və şəhərdə yaşayanlar. Şəhər mühitində yaşayıb vətəndaş nikahına girənlər daha çox maddi təminatı olan, təhsilli, təcrübəli insanlardır. Onlar daha çox həyat yoldaşı, ən primitiv halda isə cinsi tələbatlarını ödəmək üçün partnyor axtaranlardır. İkincilər isə əyalətdə yaşayan, maddi dəstəyi olmayan, təhsilsiz qızlardır ki, onlar da maddi sığınacaq axtarırlar. Son iyirmi ildə əyalətlərdə qızların ərə getməməyi, evdə qalmaları halına çox rast gəlinir. Qızlar isə evdə qalmaq yerinə evli və ya boşanmış kişilərlə vətəndaş nikahında yaşamağı üstün tuturlar. İndi nikah möhürünün əhəmiyyəti o qədər də deyil. İnsanlar düşünür ki, qeyri-rəsmi nikahda yaşasalar, daha sərbəst olarlar. Tərəflər istədikləri nikah formasını seçə bilər. Lakin bu, heç bir halda uşağın mənəvi-psixoloji sağlamlığı bahasına başa gəlməməlidir.
Amma son illər tək analar və qeyri-rəsmi anaların sayı artıb.
Məlahət Rzayeva