Onlar matəm günü qanunu pozublar?

Televiziyalar uzaqbaşı, reklam olunan müəssisələrlə razılaşıb, bir günlük reklamı dayandıra bilərdilər



Dünən "Günəşli” yatağındakı 10-cu özüldə baş verən güclü yanğınla bağlı ölkədə matəm elan olunsa da, bir sıra televiziya kanalları buna əməl etməyib. Matəm günü TV-lərdə reklam vermək qadağa olunsa da, bəzi televiziyalarda reklamların yayımı dayandırılmayıb. Bu isə ictimaiyyətdə narazılıq doğurub və sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Matəm günündə televiziyaların reklam verməsinin qanunvericiliyə və mənəvi-əxlaqi normalara zidd olduğu qeyd olunub.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli isə hüquqi aspektdən burada heç bir qanun pozuntusu olmadığını deyib: "Əslində bu məsələ həm mənəvi, həm də hüquqi baxımdan yanaşma tələb edən bir sahədir. Əslinə qalsa, qanunvericilikdə matəm günü anlayışı yoxdur. "Televiziya yayımı haqqında” qanunun müvafiq standartları var ki, televiziyalar bu qanunlara ya əməl edir, ya da etmir. Matəm günü anlayışı bizdə 20 Yanvar faciəsindən sonra formalaşan qeyri-hüquqi, amma ənənəvi olaraq tətbiq olunan bir yanaşmadır. Həmin gün əyləncə tipli proqramlar təxirə salınır və daha çox hüznlü musiqilər səsləndirilir. Daha çox informasiyaverici verilişlərə üstünlük verilir. Normalda matəm günü üçün dövlət bayrağı yarıya qədər endirilir, dövlət müəssisələrində və dövlətin təşkil etdiyi kütləvi-mədəni tədbirlər təxirə salınır. Matəm gününün daha çox dövlət qurumlarının fəaliyyəti ilə bağlı olduğunu deyən ekspertə görə, televiziyalar da öz yayımını cəmiyyətin ab-havasına uyğun qurur. Necə ki, yaxını rəhmətə gedən insanlar televiziyanı açmır, avtomobilində musiqiyə qulaq asmır və radioda yalnız xəbərlər dinləyir. Eləcə də, ölkədə matəm elan olunan zaman televiziyaların yeritdiyi proqram siyasəti əxlaqi davranış hesab olunur. Amma cəmiyyətin mənafeyini qorumaq, faciədə yaxınlarını itirən insanlara hörmət əlaməti olaraq, televiziyalarımız öz yayım siyasətini fərqli də qura bilərdilər. Uzaqbaşı, reklam olunan müəssisələrlə razılaşıb, bir günlük reklamı dayandıra bilərdilər. Amma dediyim kimi, bu, daha çox mənəvi-əxlaqi məsələ olduğu üçün heç kəs onları matəm günü reklam veriblər deyə, qanunu pozmaqda ittiham edə bilməz”.

Ə.Məmmədlinin sözlərinə görə, "Televiziya və radio yayımı haqqında” qanuna görə, televiziyaların reklam qanunvericiliyinə əməl edib-etməmə məsələsini tənzimləmək MTRŞ-nin səlahiyyətlərindədir: "Hər bir televiziya qanunun müvafiq prinsiplərini nəzərə alıb, reklam qanunvericiliyində əks olunan prinsiplərə əməl etməlidir. Bu istiqamətdə yaranan hər hansı anlaşılmazlıq ayrı bir məsələdir və tərəflərin öz arasında həll olunmalıdır. Amma "Televiziya və radio yayımı haqqında” qanunun özündə birbaşa belə bir norma nəzərdə tutulmayıb”.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov isə məsələ ilə bağlı özünün feysbuk hesabında status yazıb: "Televiziyalar "Reklam yayımı haqqında” Qanunun 20.8-ci maddəsini pozublar: "Qanunda göstərilib ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində teleradio proqramlarında reklam yayımlanması qadağandır. Dekabrın 6 da həmin günlərdəndir. Amma həmin gün "Space” TV-nin efirində şadlıq saraylarının, ANS-də isə mayonez, monstr kuklaları və s. reklamı yayımlanıb. Mənə elə gəlir ki, bəlkə də kanallar bunu bilərəkdən etmir. Məsələnin məhz pis tərəfi də budur. Çünki kanallarda bu işlərə cavabdeh olanların bir çoxu qanunları bilmir, sonra da deyirlər ki, şura bizi cərimələdi. Bu məsələ şurada müzakirə olunacaq”.

T.Dadaşov da onu da qeyd edib ki, "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozan televiziyalar haqqında arayış hazırlanır.

Şəymən