Onların Bakıda tanıdıqları var

Qızların evdən qaçış halları populyarlaşır
Deməli, ailədə valideynlə övladlar arasında münasibətlər gərgindir. Ailə daxilində parçalanma var

Evdən qaçan gəlinlərin sırasına nişanlı qızlar da qoşuldu. Hadisə Şirvanda baş verib. İki nişanlı qız sözləşərək birlikdə evlərini tərk ediblər. 17 gün onlardan xəbər alınmayıb. Hüquq-mühafizə orqanları qızları itkin olaraq axtarıb. Sonra məlum olub ki, Şirvan şəhər sakinləri 17 yaşlı Aytac Zahidova və qardaşının nişanlısı, 18 yaşlı Əfsanə Quliyeva Bakıya gəlib marketlərdən birində işə düzəliblər.

Aytacın anası Flora Şirinova deyib ki, gələcək gəlini valideynlərindən bezdiyini deyirmiş. Qızı Aytac da nişanını qaytarmaq istəyirmiş, əks halda evdən qaçacağı ilə hədələyirmiş. Lakin ailə bu hədələri ciddiyə almayıb. Qızlarsa düşündüklərini icra ediblər.

Ailə qızların itkin düşmələri ilə bağlı Şirvan Polis Şöbəsinə müraciət etdikdən sonra axtarışlara başlanılıb. Qızlar analarının APA TV-yə müraciətini sosial şəbəkədə izlədikdən sonra insafa gəlib geri qayıdıblar. Ana qızların mobil telefonlarını satıb xərclik üçün istifadə etdiklərini də deyib.

Yenə erkən nikah, yenə qaçış

Baş vermiş olayda diqqət çəkən bir neçə məqam var. Birincisi, qızların hər ikisinin də nişanlı olması və hər ikisinin də ailələrindən narazılığı. Qızlardan biri evdən bezdiyini deyirmiş. Digəri, nişanı qaytarılmayacağı təqdirdə evdən gedəcəyi ilə hədələyirmiş. Deməli, ailədə gərginlik varmış. Lakin valideynlər bunu çözə bilməyiblər. Övladlarının istəyinə qarşı çıxıblar. Nəticədə olan olub. Digər məsələ, qızların Bakıya işləməyə gəlməsi və dolanışıq üçün mobil telefonlarını satmalarıdır. Amma qızlar 2-3 gün yox, düz 17 gün paytaxtda yaşayıblar. Bu müddətdə harada qalıblar, kimin yanında olublar, satılan mobil telefonların dəyəri nə qədərmiş ki, 17 gün qızların kirayə pulunu da, gündəlik ərzaq xərclərini də ödəyib? Bəlkə də pul qurtardıqdan sonra evə dönmək məcburiyyətində qalıblar. Müəmmalar çoxdur.

Qızların evdən qaçması olayı barədə «Şərq»ə şərh verən psixoloq Narınc Rüstəmova son illərdə evdən qaçış hallarının populyarlaşdırdığını söylədi:

- Təəssüf ki, bu cür hallar artır və populyarlaşır. Evdən qaçış halları xüsusilə də yeniyetmə yaş dövrləri üçün xarakterik sayılır. Valideynləri ilə anlaşa bilməyən, ailədə problem yaşayan uşaqlar təhdid yolunu seçir, evdən qaçacaqları, intihar edəcəkləri ilə qorxudurlar. Belə hallarda bu təhdidlərə heç vaxt laqeyd yanaşılmamalıdır. Yeniyetməlik çılğın bir dövrdür və uşaq bu yaş dövründə düşündüyünü, beyninə gələni edə bilər. Valideynlər hədsiz diqqətli olmalı və uşaqları nəzarətsiz qoymamalıdırlar.17 və 18 yaşlı qızların nişanlı olmaları və bundan da narazılıqları erkən nikahlar problemini də qabardır. Bölgələrdə erkən nikahlara hələ də tez-tez rast gəlinir. Ailələr birdəfəlik bilməlidir ki, nikah nə qədər erkəndirsə, boşanma riski də bir o qədər artıqdır. Bəzən gənc qızlar özləri evlənmək, sevdiklərini zənn etdikləri şəxslə ailə qurmaq, birgə yaşamaq arzusunda olur və buna görə də erkən nikaha daxil olmağa çalışırlar. Amma bir müddət sonra hisslər soyuduqda ortada sevginin olmadığı, bunun ötəri bir həvəs olduğu üzə çıxır və boşanma da qaçılmaz xarakter alır. Həmçinin istəmədən, arzulamadan nişanlanmaq, nikaha daxil olmaq da boşanmalara gətirib çıxarır. Konkret Şirvanda baş vermiş hadisədə qızın nişanlanmaq istəmədiyi bəlli olub. Bunu qızın anası deyir. O zaman sual olunur, bir halda ki, qız nişanlanmaq istəməyib və nişanını qaytarmaq istəyirmiş, ailə niyə buna etinasız yanaşıb? Digər nişanlı qız da evdən bezdiyini deyirmiş. Niyə? Deməli, ailədə valideynlə övladlar arasında münasibətlər gərgindir. Ailə daxilində parçalanma var. Qarşılıqlı anlaşma yoxdur. Ailə üzvləri arasında ünsiyyət problemi də var. Xoş, rahat bir ailə ortamında uşaqlarla valideyn arasında problem yaşanmır, ailədən kənar bir çətinlik ortaya çıxanda da, uşaq valideynlərinin köməyinə sığınır.

Azuşaqlı ailə problemi

N.Rüstəmova Azərbaycan ailələrinin say tərkibinin aşağı düşməsinin problemlərinin bir səbəbi olduğunu dedi:

- 40-50 il əvvəlki ailələrin tərkibinə baxsaq, görərik ki, şəhər mühitində bir ailədə uşaqların sayı 2-4 arasıdır. Bölgələrdə isə 6-8, 11 uşaqlı və bəzən daha artıq saydadır. Artıq təsdiq olunub ki, ailədə uşaqların sayı nə qədər çoxdursa, o ailədə mənəvi sıxıntılar bir o qədər az olur. Mənəvi sıxıntı olmayan ailədə maddi sıxıntılara da önəm verilmir. Və demək olar ki, ailə çox rahat, sakit, uyumlu bir həyat tərzi keçirir. Ailədə uşaqların sayı azaldıqca problemlər də artır. Araşdırmalar sübut edir ki, sovet dövründə ailədə uşaqların döyülməsi, cəzalandırılması halları daha artıq idi, indi isə uşaqlar daha artıq əzizlənir, sevilir, onlara diqqət aşırı dərəcədədir. Problemlər də buradan qaynaqlanır. Aşırı sevgi və diqqət görən uşaq özgüvənsiz böyüyür. Özgüvənsiz böyüdüyü üçün də çətinliklərə dözümsüz olur, kiçik bir çətinliyə düşən kimi, xəyal qırıqlığı yaşayan kimi, həyatdan küsür, intihar yolunu seçir. Ya da bəzi gənclər kimi çıxış yolunu evdən qaçmaqda görürlər. Uşağına yaxın olan valideyn onu başa salmalıdır ki, intihar və ya qaçış çıxış yolu deyil. Bununla problem həll edilmir. Evlilik təkcə fizioloji və ya maddi hazırlıqla məhdudlaşmır. Evlilikdə psixoloji hazırlıq da olmalıdır.

Qızlar şəbəkənin əlinə də düşə bilər

N.Rüstəmova gənc qızların evdən qaçmasına sıradan bir məişət hadisəsi kimi baxılmasının əleyhinədir:

- Qaçış fikri birdən-birə yaranmır. Bu, uzun bir prosesdir. Qaçış birtərəfli də olmur. Kimsə mobil telefona arxayınlaşıb Bakıya gəlməz. Qaçış planı «çantamı alım, evdən çıxacam» deyil. Bu prosesə öncədən hazırlıq aparılıb. Bəlkə də o qızların Bakıda tanıdıqları kimlərsə var. Onlarla danışıb, sözləşib gəliblər. Harda qalacaqlarını əvvəlcədən müəyyənləşdiriblər. Paytaxta səhər gəlib, mobil telefon satıb, axşam ev kirayələmək elə də asan iş deyil. Böyük ehtimalla qızların paytaxtda sözləşdikləri kimlərsə varmış. Bəlkə də qohumlarıdır, bəlkə də tanışları, rəfiqələri. Hər halda bu məsələ hüquq-mühafizə orqanları tərəfindən də, ailə tərəfindən də ciddi araşdırılmalıdır. Çünki qızların müxtəlif dəstələrin, şəbəkələrin əlinə düşməsi təhlükəsi də realdır. Bilinməlidir ki, kimdir qızlara təsir edən, onların paytaxtda yaşayışını təmin edən. Bir ay sonra qaçış planı yenidən təkrarlana da bilər. Məncə, ailələr övladlarının problemini həll etməyə çalışmalıdırlar.

Məlahət Rzayeva