NATO rəsmiləri Avropa İttifaqının bəzi hərbi təşəbbüslərindən narazıdır. Məsələn, “dron divarı”nın yaradılması layihəsi ilə bağlı narahatlıq var. Onların fikrincə, bu cəhdlər Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Avropanın militarizasiyasını öz nailiyyəti kimi təqdim etmək istəyindən irəli gəlir. Bu barədə “Financial Times” qəzeti yazır.
Sherg.az xəbər verir ki, adı açıqlanmayan alyans diplomatı hesab edir ki, Avropa Komissiyası artıq təcrübəyə malik olduğu sahələrlə məşğul olmalıdır.
“Yaxşı ticarət sazişləri bağlayın və transatlantik təhlükəsizlik məsələlərindən uzaq durun”, - deyə o vurğulayıb.
2025-ci ilin yazında Aİ genişmiqyaslı militarizasiya istiqamətində addımlar atıb. Belə ki, mart ayında Brüsseldə keçirilən fövqəladə sammitdə 800 milyard avro dəyərində “ReArm EU” yenidən silahlanma planı təsdiqlənib. Plan birgə silah alışını və geridə qalmış regionlar üçün nəzərdə tutulan proqram vəsaitlərindən istifadəni nəzərdə tutur. Daha sonra Aİ Şurası 2030-cu ilə qədər uzunmüddətli hərbi quruculuq proqramının tərkib hissəsi kimi militarizasiya fondunun (SAFE) yaradılmasını təsdiqləyib.
Rusiya Xarici İşlər Nazirliyi dekabrın 11-də bildirib ki, Avropanın militarizasiyası layihəsi Rusiyadan qaynaqlandığı iddia edilən mifoloji təhlükəyə qarşı yönəlib və bu, Avropa ölkələrinin əksəriyyətini Moskva ilə hərbi qarşıdurmaya sövq etmək cəhdidir.