“İclasa tələsərkən avtomobiliniz saxlanılsa və cərimələnsəniz, o cəriməni mən verərəm”
Milli Məclisin iclasında millət vəkilləri Tahir Kərimli və Fəzail Ağamalı tədbirlərə gedərkən avtomobillərinin yol polisi tərəfindən müxtəlif vaxtlarda saxlanılmasından şikayətləniblər.
APA-nın məlumatına görə, F. Ağamalı deyib ki, Milli Məclisin iclasına tələsərkən də avtomobillərinin yol polisi tərəfindən saxlanılması halları olub. O bildirib ki, hətta yol polislərinə parlamentin iclasına tələsdiklərini deyərkən də bu, nəzərə alınmayıb: "Araşdırmışam, elə nömrələr var ki, saatda 200 km sürətlə gedərkən də həmin avtomobil saxlanılmır. Deputatlara da 2020-ci ilə qədər həmin nömrələrdən verilsin. Sonra kim yenidən seçilsə, nömrə qalsın, seçilməyən nömrəni təhvil versin”.
Sədr Oqtay Əsədov isə qeyd edib ki, xüsusi nömrə məsələsi yoxdur: "Milli Məclisin iclasına gecikməmək üçün tələsərkən avtomobiliniz saxlanılıb, cərimələnsəniz, o cəriməni mən verərəm. Ancaq hər kəs qanunun tələblərinə riayət etməlidir”.
Milli Məclisin iclasında millət vəkillərinin apardığı xüsusi nömrə müzakirəsinin absurd olduğunu deyən "Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı ümumiyyətlə qanunvericilikdə belə bir hal olmadığını deyib: "Yalnız spikerin avomobilini Xüsusi Dövlət Mühafizə Xidməti müşayiət edir, çünki həmin avtomobil operativ nəqliyyat vasitəsidir. Amma deputatların inzibati məsuliyyətdən azad olunmasə məsələsi qanunda yoxdur. Millət vəkilləri də hər vətəndaş kimi yol hərəkəti qaydalarını pozarkən məsuliyyətə cəlb olunur, yeni inzibati protokol tərtib edilir. Yəni millət vəkilləri avtomobil idarə edən zaman qırmızı işıqda keçərsə yol polisi onu saxlayıb cərimə yaza bilər. Amma maşını cərimə meydançasına aparmaq və digər hallar yolverilməzdir. O cümlədən də, idarə etdikləri avtomobil radara düşdüyü halda cəriməni vaxtında ödəməlidirlər”. E. Muradlının sözlərinə görə, operativ nəqliyyat vasitəsindən istifadə üçün mütləq Daxili İşlər Nazirliyindən icazə alınmalıdır: " Hər kəs qanun qarşısında eynidir. Kimsənin də kimsədən bir üstünlüyü yoxdur. Əslində yol hərəkəti qaydaları kifayət qədər ciddi məsələ olduğu üçün statusundan asılı olmayaraq hər kəs müvafiq qaydalara əməl etməlidir.Millət vəkillərimiz məhz bu məsələni parlamentd qaldırıb, cərimələrdən yayınmaq məqsədi ilə xüsusi nömrə tələbləri məndə təəssüf doğurur. Səhv eləmirəmsə, elə iki il bundan əvvəl indi xüsusi nömrə tələb edən Fəzail Ağamalının sürücüsü ağır qəzaya düşərək həlak olub. Təbii ki, qəzanın baş vermə səbəbi isə birmənalı olaraq sürücünün sürət həddini aşması ilə bağlı idi. Görünür, millət vəkili sürət həddini aşmağa və qayda pozmağa meyl edir. Bu isə qanuna zidd olmaqla yanaşı digər vətəndaşlar üçün də pis nümunədir”
Şəymən