Ora bir ədəbiyyat məktəbi idi

Yazarlar BSU-nun Yaradıcılıq fakültəsinin bağlanmasına etiraz etdi


Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsi bağlanıb. Yeni rəhbərlik bu addımı qəbul məsələsində heç bir müraciətin daxil olmaması ilə izah edib. Universitetin tədris işləri üzrə prorektoru Telman Cəfərovun sözlərinə görə, fakültə təşkil olunan zaman prosedur qaydaları gözlənilməyib. Yəni yaradıcılıq fakültəsi təşkil olunan zaman nə Elmi Şuranın qərarı olub, nə də Təhsil Nazirliyinin:

"Hüquqi qüvvəsi və bazası olmayan strukturu universitet rəhbərliyi bağlamalı idi”. Qeyd edək ki, Yaradıcılıq fakültəsi 2007-ci ildən fəaliyyətə başlayıb. Fakültənin təşkil olunmağında əsas məqsəd Azərbaycanda tələbələrin və istedadlı gənclərin estetik-bədii tərbiyəsinin gücləndirilməsinə, yaradıcılıq potensialının aşkarlanması və püxtələşməsinə, ədəbi mühitin formalaşmasına təkan vermək olub.

Fakültənin dekan müavini Şəhla Aslan isə açıqlamasında dinləyici müraciətlərinin olmaması kimi fikirlərin əsassız olduğunu deyib: "BSU-nun yeni rəhbərliyi tərəfindən Yaradıcılıq fakültəsinin bağlanması qərarı məni heç də məyus etmədi, əksinə, ədəbiyyata, istedadlı gənclərə qayğı göstərən insanlara hörmətimi bir daha artırdı. Bu yerdə "zər qədrini zərgər bilər” misalını çəkməkdən də vaz keçirəm. Qaldı ki, növbəti tədris ili üçün fakültəyə qəbulla bağlı müraciətlərə, hörmətli prorektorun (red: Telman Cəfərov) nəzərinə çatdırıram ki, fakültənin qəbul imtahanlarında iştirak etmək istəyənlərin uzun bir siyahısı var qarşımda”.

BSU-nun Yaradıcılıq fakültəsinin bağlanmasının kifayət qədər üzücü bir hal olduğunu vurğulayan yazar Cəlil Cavanşir sözügedən fakültənin Azərbaycanda bir ilk olduğunu deyib: "Yaradıcılıq fakültəsi akademik Kamal Abdullanın təşəbbüsü ilə 2007-ci ildə yaradılıb. Mən də ötən dərs ilində bu Fakültənin Oğuz rayonundakı filialına rəhbərlik etmişəm. Bu fakültəyə əsasən yeni yazmağa başlayan gənclər toplaşmışdı. Gənc yazarlar üçün olduqca əhəmiyyətli, vacib bir nəfəslik idi. Gənc yazarların müzakirələr aparması, ustad yazıçılarla görüşə biləcəyi məkan idi. Yarandığı gündən bu yana fakültədən çox dəyərli qələm adamları məzun olub və o şəxslər bu gün ədəbiyyatımızda söz sahibidirlər. Mən çox təəssüf edirəm ki, belə bir ocaq, nəfəslik fəaliyyətini dayandırıb. Ümid edirəm ki, ilk dəfə bu təşəbbüslə çıxış edib Yaradıcılıq fakültəsini yaradan akademik Kamal Abdulla mövcud imkanlarından istifadə edib bu fakültənin hansısa bir formada bərpasına nail olacaq və hansıs alternativ layihə ilə gənc yazarlarımızı sevindirəcək”.

Yaradıcılıq Fakültəsinin sabiq dekanı, şair Salam Sarvan isə bu fakültənin bağlanmasının gənc nəsil Azərbaycan ədəbiyyatı üçün xoşagəlməz hal olduğunu deyib: "Təəssüflənirəm, bu fakültə xeyli gəncə istiqamət vermişdi. Biri var, ədəbiyyata gəlirsən, sadəcə öz həvəsinlə çalışırsan. Biri də var, tanınmış yazarlardan, tənqidçilərdən ustad dərsləri alırsan, faydalanırsan. Mən inanmıram ki, fakültənin açılması barədə Elmi Şuranın qərarı olmasın. Bildiyimə görə, belə bir qərar olub”. Şair Aqşin Yenisey də BSU Yaradıcılıq Fakültəsinin ləğvinin ədəbi məkanda böyük təəssüf hissi doğurduğunu deyib: "Ümumiyyətlə, yeni rektorun verdiyi qərarlardan, müsahibələrdən hiss olunur ki, xanım əfəndi istənilən təşəbbüskarlığın, yaradıcı yeniliklərin əleyhinədir və universiteti daha çox hərbi baza kimi idarə etmək fikrindədir. Xüsusilə yaradıcılığa qarşı barışmaz mövqe tutması, universitetə çatacaq binanın fasadındakı klassiklərin şəkillərindən ibarət mozayikanı sökdürməsi, arxasınca Yaradıcılıq fakültəsini bağlaması onu deməyə əsas verir ki, yeni rektorun humanitar sahələri, yaradıcı təfəkkürü görməyə gözü yoxdur. Mən Yaradıcılıq fakültəsində dünya ədəbiyyatından, müasir Azərbaycan ədəbiyyatından sərbəst mühazirələr oxumuşam. Orada ədəbiyyata, yaradıcılığa meyilli xeyli gənclərin toplaşdığının şahidi olmuşam. Bu gün mətbuatımızda imza kimi tanınan bir neçə nəfərin adını çəkə bilərəm ki, bu fakültənin yetirməsidir. Bu fakültəni bağlamaqdansa, daha da inkişaf etdirmək olardı, humanitar ixtisasların öyrədildiyi mütəxəssislər, məsələn, bizdə olmayan mətnşünaslar hazırlamaq olardı. Amma görünür, yeni rektor bunu bacarmayacağını, həm də Azərbaycanın gələcək nəsilləri haqqında heç də narahat olmadığı üçün fakültəni yerli-dibli bağlamağı məsləhət bilib. Şükür məsləhətinə, biz nə deyə bilərik ki...?”

Yazar Fərid Hüseyn isə Slavyan Universitetinin tərkibindəki Yaradıcılıq fakültəsinin bağlanması ilə bağlı heç bir narahatlığa əsas görmür: "Yanılmıramsa, fakültə dekanı Qismət müsahibələrinin birində demişdi ki, Yaradıcılıq fondunun tərkibində fəaliyyətlərini davam etdirəcəklər. Yəni saytlar vasitəsi ilə elan veriləcək, istəyənlər sənədlərini təqdim edəcəklər, əvvəlki müəllim heyəti, yaxud dəvətli yeniləri mühazirələrini deyəcəklər. Hər şey öz axarı ilə gedəcək. Gümanımca, heç nə dəyişməyib, sadəcə ünvan - dərslərin keçiriləcəyi yer fərqlidir. Yer dəyişimi isə umulmaz bir çətinliyə girəvə ola bilməz. Mümkünanə-uğurlar...”

Şəymən