Orada Azərbaycan təmsil olunmur

KTMT-in toplantısında Qarabağ müzakirəsi düzgün deyil
“Aydındır ki, orda Ermənistan öz mövqeyini bildirəcək. Çalışacaq ki, digər ölkələr də onun mövqeyini müdafiə etsin”


Xəbər verdiyimiz kimi, Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 14-də İrəvana səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Lavrov İrəvanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

M.Zaxarova onu da əlavə edib ki, KTMT-nin iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də müzakirə oluna bilər. Şübhəsiz ki, S.Lavrovun İrəvan səfərindən gözləntilərlə bağlı müxtəlif şərhlər, iddialar dolaşmaqdadır. Bəzi xarici ekspertlər bunu Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı canfəşanlıq göstərməsi kimi izah edir, əksəriyyət isə məlum səfəri S.Lavrovun Ermənistana "qorxma, arxandayıq” mesajını verməsi kimi xarakterizə edir. Maraqlıdır, bəs yerli politoloqlar və parlamentarilər bu haqda nə düşür? S.Lavrovun İrəvan səfəri hansı xarakter daşıyır?

Suallarımızı cavablandıran "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu "Şərq”ə söyləyib ki, KTMT bu cür görüşləri mütəmadi olaraq keçirir və bunun fonunda Rusiya rəsmilərinin İrəvana səfərləri çoxalıb: "Az qala rusiyalı rəsmilər İrəvanı su yoluna döndəriblər. Tərəflərdən birinin - Azərbaycanın iştirak etmədiyi bir məkanda Dağlıq Qarabağ münaqişəsini necə müzakirə etmək olar? Aydındır ki, orda Ermənistan öz mövqeyini bildirəcək. Çalışacaq ki, digər ölkələr də onun mövqeyini müdafiə etsin. Burada Azərbaycan təmsil olunmur. Ölkəmiz bu təşkilatın üzvü deyil. Ona görə də KTMT çərçivəsində Qarabağ məsələsinin müzakirə edilməsini yanlış hesab edirəm. Bunun üçün başqa platformalar var. Əgər orda Lavrov birmənalı olaraq Ermənistana dəstək ifadə edəcəksə, yenə də Rusiya münaqişənin həllində Ermənistanın xeyrinə çəkilmiş olacaq. Onsuz da Ermənistana "İsgəndər” raketlərini peşkək etməklə bu balansı pozublar. Üstəgəl, Azərbaycanın iştirakı olmadan Qarabağ məsələsinin müzakirəsi bu balansın bir az da pozulması deməkdir”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli bildirib ki, faktiki olaraq, bugünə qədər münaqişə öz həllini tapmayıb. Hazırkı vəziyyət belə bir mənzərə yaradır ki, hər üç həmsədr status-kvonun qorunub saxlanılmasında maraqlıdırlar. Dinamizm isə prosesi xilas etmək və prezidentlərin görüşünə nail olmaqdan ibarətdir. Lavrovun İrəvan səfərində bu məqamlara toxunula bilər. Ancaq bəzi mətbuat orqanlarında səfərin bütövlükdə Dağlıq Qarabağ problemi ilə əlaqələndirilməsi və bir neçə rayonun qaytarılacağı barədə yayılan məlumatların sadəcə nəbz yoxlamaq xarakterli olduğunu düşünürəm. Çünki indiki şəraitdə Ermənistanın davranışlarında və Rusiyanın işğalçı ölkəylə bağlı atdığı addımlarda pozitiv irəliləyişlər nəzərə çarpmır”.

E.Mirzəbəyli qeyd edib ki, Kreml Ermənistanın hava sisteminə nəzarəti hüquqi müstəvidə həyata keçirmək istəyirsə, bu, Rusiyanın münaqişənin həllində maraqlı olmadığını göstərir: "Ona görə də hər hansı bir irəliləyişdən danışmaq hələ tezdir. Hazırda məqsəd yalnız prosesi davam etdirməkdən ibarətdir: "Münaqişə tərəfləri ilə aparılan müzakirələr məhz buna yönəlib”.

Ayyət Əhməd