Ordu quruculuğuna daha böyük diqqət göstəriləcək

Azərbaycan öz torpaqlarını müdafiə edir, bir qarış torpağını da kiməsə pay verən deyil



Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasın əvvəlində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olan Azərbaycan hərbçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Prezident İlham Əliyev şəhidlərimizin yaxınlarına səbir, yaralananlara şəfa diləyib.

"Ermənistan işğalçı siyasətini davam etdirir, sülh istəmir”

Dövlət başçısı bəyan edib ki, bu ayın əvvəlində cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısı alınıb, düşmənə layiqli cavab verilib, hərbi mövqelərimiz daha da möhkəmləndirilib: "Ermənistan işğalçı siyasətini davam etdirir, danışıqlar prosesinin pozulmasına çalışır. Danışıqlarda müəyyən irəliləyiş olan zaman Ermənistan təxribatlara əl atır. 2014-cü ildə Fransa dövlətinin başçısının təşəbbüsü ilə Parisdə keçirilən Ermənistan-Azərbaycan prezidentlərinin görüşündən sonra işğal olunmuş ərazilərdə hərbi təlimlərə başlamaqla Ermənistan növbəti təxribata əl atdı. Nəticədə qarşı tərəfə məxsus bir helikopter vuruldu və bundan sonra bir ildən çox müddətdə danışıqlar dayandırıldı. Prezidentlərin keçən ilin dekabrında keçirilən görüşü də nəticəsiz başa çatdı”. Dövlət başçısı vurğulayıb ki, qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı narahatlığını ifadə etdi. "Azərbaycan danışıqlar prosesinə sadiqdir və ümid edir ki, bu məsələ həll olunacaq”, - Prezident bildirib ki, xalqların öz müqəddəratını təyin etməsi prinsipi ölkələrin ərazi bütövlüyünün pozulmasına xidmət etməməlidir.

Prezident İlham Əliyev bəyan edib ki, ilk növbədə ordu quruculuğuna daha böyük diqqət göstərməliyik. Son illər ərzində bu istiqamətdə çox böyük addımlar atılıb, böyük işlər görülüb: "Ordumuzun maddi-texniki bazası möhkəmlənib. Bu gün Azərbaycan Ordusu həm maddi-texniki təchizat, eyni zamanda, döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasındadır. Biz müharibə şəraitində yaşayırıq. Bizim torpaqlarımız işğal altındadır. Əlbəttə, belə olan halda, ilk növbədə ordu quruculuğuna daha da böyük diqqət göstərilməlidir, göstərilir və göstəriləcək”. Dövlət başçısının sözlərinə görə, buna nail olmaq üçün iqtisadiyyat daha da sürətlə inkişaf etməlidir: "İqtisadi inkişaf bizim ümumi inkişafımızı müəyyən edir. İqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir. Biz bu gün müstəqil xarici siyasət aparırıq. Bu siyasət xoşməramlıdır. Biz istəyirik ki, dünyada münaqişələr aradan götürülsün, qarşıdurma ocaqları olmasın, sabitlik yaransın, xüsusilə bizim bölgəmizdə. Azərbaycan dünya miqyasında uğurlu, müstəqil xarici siyasət aparan ölkələrdən biridir. Əlbəttə ki, bunun da təməli, əsası həm iqtisadi müstəqillik, həm də xalq-iqtidar birliyidir. Ona görə, iqtisadi sahədə lazım olan bütün tədbirlər görüləcək və beləliklə, ölkəmizin dayanıqlı inkişafı təmin ediləcək”.

"Öz torpağımızı heç kəsə verəsi deyilik”

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan öz torpaqlarını müdafiə edir, bizim başqa dövlətin torpaqlarında gözümüz yoxdur: "Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Qanlı toqquşmalardan sonra beynəlxalq ictimaiyyət narahatlığını ifadə etdi. ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin rəhbərliyi sülh danışıqlarına sadiqlik göstərilməsi, məsələnin sülh yolu ilə həlli haqqında bəyanatlar verdi. Biz də bunu istəyirik. Dəfələrlə bəyan etmişik ki, məsələ sülh, siyasi yolla həllini tapsın. Bu gün də bəyan edirik ki, biz danışıqlar prosesinə sadiqik və ümid edirik ki, bu danışıqlar məsələnin həllinə gətirib çıxaracaq. Məsələnin həlli də çox sadədədir. Ermənistan silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalı, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar. Ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər. Xalqların öz müqəddəratını təyin etməsi prinsipinə gəlincə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır”.

"2016-cı il iqtisadi islahatlar ili olacaq”

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda bütün iqtisadi-maliyyə sektoru aparıcı dövlətlərin təcrübəsinə əsaslanaraq ən mütərəqqi prinsiplər əsasında inkişaf etməlidir. İlk növbədə, idarəetmə mexanizmləri təkmilləşdirilməlidir, şəffaflıq tam şəkildə təmin edilməlidir: "Bizim gəlirlərimiz artacaq. Baxmayaraq ki, neftin qiyməti kəskin şəkildə aşağı düşüb və hələ də çox aşağı səviyyədədir. Bu, təbii ki, bizim gəlirlərimizə çox ciddi təsir göstərir. Ancaq hesab edirəm ki, qeyri-neft sektorunun inkişafı sayəsində bu vəziyyətdən uğurla çıxa biləcəyik”.

"Prezidentin Dağlıq Qarabağ məsələsində geri çəkilmək niyyəti yoxdur”

Millət vəkili Fəzail Ağamalı deyib ki, dövlət başçısı qəti şəkildə Azərbaycan torpaqlarının işğaldan azad olunması niyyətindədir: "Ermənistan yenə də ən mühüm yollarla status-kvonu saxlamağa çalışır. Ölkə prezidentinin də dediyi kimi, buna görə də Ermənistan müxtəlif yollarla təxribatlara əl atmağa çalışır. Bütün bunlar sübut edir ki, Ermənistan işğalçılıq mövqeyindən əl çəkən deyil. Prezidentin mövqeyinin məntiqində dayanan vacib bir məqam var. O da bundan ibarətdir ki, Azərbaycan heç bir halda bir qarış torpağını belə Ermənistana güzəştə gedən deyil. Prezident Azərbaycanın heç bir ölkənin torpağında gözü olmadığını önə çəkməklə bərabər Azərbaycan torpaqlarının da geri qaytarılmasında dövlətimizin qətiyyətli mövqeyinin olduğunu dedi. Azərbaycan bununla Ermənistan və onu himayə edən dövlətlərə özünün prinsipial mövqeyini bir daha açıqladı”. Deputatın sözlərinə görə, aprelin əvvəlində təmas xəttində keçirilən hərbi əməliyyatlar Azərbaycanın hərbi gücünü, eyni zamanda Azərbaycan cəmiyyətinin müharibəyə hazır olduğunu göstərdi: "Xalq Prezidentlə birgədir. Azərbaycan cəmiyyəti çətin anlarda özünü səfərbər edə, rəhbəri ətrafında birləşə bilir. Bundan Ermənistan və onu himayə edənlər özləri üçün dərs götürməlidir”.

İsmayıl