Orduda 70 nəfərin məsuliyyətə cəlb edilməsinə polkovnikdən MÜNASİBƏT

Cəlil Xəlilov: "Vaxtlı-vaxtında yoxlamalar aparılmalıdır. İnanıram ki, neqativ hallar azalaraq, minimum həddə çatdırılacaq və tədricən tamamilə aradan qaldırılacaq"



"Son zamanlar hüquq-mühafizə orqanları, o cümlədən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən orduda hüquqi qaydaların möhkəmləndirilməsi, şəxsi heyətin məlumatlandırılması həyata keçirilir:

Bunu "Sherg.az”a Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov söyləyib. 

O qeyd edib ki, korrupsiya kimi neqativ hallar ən inkişaf etmiş dövlətlərdə belə orduda, cəmiyyətdə müşahidə olunur:

"Bunun qarşısını almaq üçün kompleks tədbirlər planı hazırlanıb, həyata keçirilməlidir. Torpaqlarımızın 20 faizinin işğal olunub, müharibə şəraitində yaşayırıq. Biz bu gün yalnız torpaqlarımızı azad etməyə çalışmalıyıq. İndiyə qədər olduğu kimi hamı cəbhə üçün, ordu üçün səy göstərməlidir. Ordumuzun adı mənfi məsələlərdə səslənməməlidir.

 Belə faktların ortaya çıxması cəmiyyətdə orduya qarşı inamsızlıq yaradır, ruh düşkünlüyü formalaşır. Həm ordu rəhbərliyi, həm də hüquq mühafizə orqanları korrupsiya faktlarının aşkar olunmasını açıq şərh etməli, insanlara dolğun məlumatlar verməlidirlər.

 Paralel olaraq, gələcəkdə orduda korrupsiya hallarının təkrarlanmaması üçün əməli tədbirlərin görülməsi vacibdir. Vaxtlı-vaxtında yoxlamalar aparılmalıdır. İnanıram ki, neqativ hallar azalaraq, minimum həddə çatdırılacaq və tədricən tamamilə aradan qaldırılacaq. Ordu müsbət keyfiyyətləri özündə birləşdirib, bir amal uğrunda birləşməlidir ki, torpaqlarımızı işğaldan azad edə bilək”.

Qeyd edək ki, Respublika hərbi prokuroru Xanlar Vəliyev keçirdiyi əməliyyat müşavirəsində Silahlı Qüvvələrdə 70 nəfərin korrupsiya faktları ilə bağlı məsuliyyətə cəlb edildiyini açıqlayıb. O bildirib ki, hərbi prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarısında korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görülüb, 57 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib.

Aysel Aslan