“Ordumuz ərazi bütövlüyümüzü qısa müddətdə bərpa etməyə qadirdir" – POLKOVNİK

"Ölkəmizin hərbi qüdrəti güclənir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi, Naxçıvan Muxtar Respublikasında keçirilən əməliyyat nəticəsində böyük torpaq sahəsi işğalçılardan azad edilib. Hərbi qüdrətimizin artırılması nəticəsində bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərdə güclü ordular sırasındadır”.
"Sherg.az"ın xəbərinə görə, bunu Prezident İlham Əliyev 28 May- Respublika günü münasibətilə keçirilən rəsmi qəbulda çıxışında bildirib.
Ölkə başçısı deyib ki, müharibə hələ bitməyib. Belə olan halda hərbi potensialımızın gücləndirilməsi əsas prioritet məsələlərdən biri olmalıdır: 
"Bu istiqamətdə çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, son illərdə hərbi hissələrimizin 80 faizi tamamilə yenidən qurulub. Növbəti illərdə qalan, hələ də təmirə ehtiyacı olan hissələr də təmir ediləcək. Azərbaycan bu gün çox güclü hərbi potensiala malikdir. Ancaq bundan sonra da bu istiqamətdə praktiki addımlar atılacaq”.
Ölkə başçısının fikirlərini müsbət qiymətləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov "Sherg.az”a söyləyib ki, Prezident İlham Əliyev həm də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali baş komandanı olaraq ordunun təkmilləşdirilməsi, inkişafı ilə bağlı gedən işlərin rəhbəridir:
"Prezident silahlı qüvvələri hər zaman diqqət mərkəzində saxlayıb. Ölkə başçısı hər dəfə ordunu hazırlığını yüksək qiymətləndirib. 
Dövlət tərəfindən müntəzəm olaraq ordunun silahlandırılması ilə bağlı lazım olan tədbirlər görülür. Ən yeni müdafiə sisteminin tətbiqi və müasir silahla ordunun təkminləşdirilməsi sahəsində işlər aparılıb. 
Hərbi hissələrimizin böyük əksəriyyəti yenidən qurulub. Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ordumuz əsas rol oynayır. 
Çünki münaqişə sülh yolu ilə həll olunmasa, ordumuz qarşısına qoyulan tapşırığı yerinə yetirəcək. Əgər Ermənistan və Azərbaycanı təkbətək qoysalar, Azərbaycan Silahlı Qüvvələri işğalçı ölkənin ordusunu qısa müddətdə darmadağın edib, öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir".
Ş.Ramaldanov onu da əlavə edib ki, ən nüfuzlu beynəlxalq qurumların verdiyi statistik məlumatlara görə, ordumuz dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb:
" Təbii ki, bütün bu müsbət göstəricilər Prezident İlham Əliyevin orduya göstərdiyi diqqətdən irəli gəlir. Gələcəkdə də Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlarla təchiz ediləcək”.
Ayyət Əhməd