Görün, bu adam öz vəzifəsinə, işinə necə bələddir, tapşırılan vəzifəni layiqli yerinə yetirir. Burada Ülvi Mehdiyevi bu vəzifəyə təyin edən Prezidentə təşəkkür etməliyik
Örnək bir davranışın şahidi olduq
“ASAN Xidmət”in sədri öz iş gününün böyük bir hissəsini jurnalistə həsr etdi
Görün, bu adam öz vəzifəsinə, işinə necə bələddir, tapşırılan vəzifəni layiqli yerinə yetirir. Burada Ülvi Mehdiyevi bu vəzifəyə təyin edən Prezidentə təşəkkür etməliyik
Görün, bu adam öz vəzifəsinə, işinə necə bələddir, tapşırılan vəzifəni layiqli yerinə yetirir. Burada Ülvi Mehdiyevi bu vəzifəyə təyin edən Prezidentə təşəkkür etməliyik
"Real TV”də "ASAN Xidmət”lə bağlı maraqlı veriliş yayımlanıb. "Mir Şahinin vaxtı” adlanan verilişdə "ASAN Xidmət”in fəaliyyəti, demək olar sıfırdan incələnib, xidmətin hansı şərtlər və imkanlar daxilində fəaliyyət göstərdiyi tamaşaçılara təqdim olunub. Nəzərə alsaq ki, ölkə əhalisinin böyük əksəriyyətinin hazırda ən çox müraciət etdiyi ünvan məhz "ASAN Xidmət”dir, təbii olaraq, xidmət əməkdaşlarının vaxtının, dəqiqəsinin "qızıl” olduğunu söyləməyə ehtiyac da qalmır.
Təsəvvür edin ki, bir telekanala fəaliyyət barədə danışmağı əməkdaşlardan biri, yaxud rəhbərliyin tapşırığı ilə sektor, ya şöbə müdiri deyil, birbaşa xidmət rəisi özü üzərinə götürür. İnandırıcı olmasın gərək. Amma həqiqətən də bu hal baş verib. Hamımızın qısaca "ASAN Xidmət” adlandırdığı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev özü iş gününün böyük bir hissəsini telekanala "hədiyyə” edib. Həqiqətən də, örnək bir davranışdır. Belə bir davranışı, münasibəti digər dövlət məmurlarından, nəinki idarə rəisləri, heç məktəb direktorları, bağça müdirələrindən də görmürük. Bu mənada "ASAN Xidmət” rəisinin telekanala vaxt ayırması, xidmətin fəaliyyəti barədə geniş izahat verməsi, jurnalistin önünə düşüb şöbələri, məntəqələri gəzməsi, hər bir detalı izah etməsi, ətraflı, əhatəli məlumat verməsi günümüzdə çox nadir hallarda rast gəlinən hadisədir. Əslində, "ASAN Xidmət” rəisi bununla mətbuata, mediaya nə qədər açıq olduqlarını, gizlədəcək fəaliyyətlərinin olmadığını, işlərinin şəffaflıq üzərində qurulduğunu çatdırır. Və bunu təsdiq edən arqumentlər də gətirir:
"ASAN Xidmət” mərkəzlərində rüşvət kimi neqativ hallara yol vermək imkanı sıfırdır”.
Bu sözləri Real-a eksklüziv müsahibəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, "ASAN Xidmət” mərkəzlərinin hər yerində müşahidə kameraları quraşdırılıb və əməkdaşlar hər bir xidmət pəncərəsini daimi izləyir.
"Burada infrastrukturun özü imkan vermir ki, rüşvət təklif və ya tələb olunsun. Əgər korrupsiyanı yaradan şərait yoxdursa, korrupsiyanın özünə də yer yoxdur. "ASAN Xidmət” mərkəzlərində infrastruktur şəraiti, insan resursları, iş prosesi elə qurulub ki, rüşvətin toxumu burada cücərə bilməz”, - deyə Ülvi Mehdiyev bildirib.
Ü.Mehdiyevin müsahibəsi bir neçə gün əvvəl "Real TV”də yayımlanıb və izləyicilər tərəfindən baxılıb və bəyənilib.
Biz jurnalistlər bunu başqa məmurlara gözəl bir nümunə hesab edirik. Və sual olunur; bütün məmurları da demirik, bir çoxu bu cür davranış sərgiləsə, mediaya bu dərəcədə açıq olsa və səmimi davransa, nə baş verər ki?! Hər halda yaxşı, təqdirolunası hal baş verər, deyilmi? Media informasiyasız, məlumatsız qalmaz, məlumatsız qaldığı üçün təsdiqlənməmiş, əsassız, şayiə yönlü məlumatlar da yayılmaz. Cəmiyyət də doğru-düzgün, fakta söykənən məlumatlar əldə etmiş olar. Bunun nəyi pisdir ki?! Amma nə edəsən ki, bəzi məmurlar, idarə rəisləri jurnalistlərin üzünə həqiqət qapısını açmaq əvəzinə, qapı-pəncərələri sıxca qapatmağı, yaxud da rüşvət təklif etməklə, özünə dair şübhələri daha da artırmış olur. Bu azmış kimi mətbuata qeyri-səmimi münasibət bəsləyən, "mətbuat xidmətinin rəhbəri” təyin olunduqdan sonra mətbuatı tamamən unudan, vaxtilə, jurnalistlik etdiyi dönəmlərdə hansı əziyyətlərə qatlaşdığını unudan sabiq həmkarlarımız da var. Yəni, bir müəssisə və ya idarəyə mətbuat katibi təyin olunmaq insanın ixtisasını, peşəsini unutması üçün tutarlı əsas ola bilərmi?
"Günahkar” jurnalistdirmi?
Tez-tez medianı dəqiqləşməmiş, təsdiqlənməmiş, mənbədən alınmamış məlumatları yaymaqda günahlandırırlar. Əgər mənbə susursa, jurnalist nə etməlidir? Belədə kütləvi informasiya vasitələri mövcud olan məlumatı yaymağı üstün tutur.
Dəqiqləşməni isə mənbənin öhdəsinə buraxır; Araşdırın və məlumat verin. Təəssüf ki, çox zaman hansısa hadisə barədə hətta belə araşdırmaların və KİV-ə rəsmi açıqlamaların da şahidi olmuruq.
Bəs media ilə dövlət orqanlarının, məmurların əlaqələri necə qurulmalıdır?
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu medianın ictimaiyyətlə dövlət institutları, o cümlədən təhsil müəssisələri arasında körpü rolunu icra edir:
- Ali təhsil müəssisələrinin mətbuat xidmətləri, ictimaiyyətlə əlaqələr şöbələri fəaliyyət göstərir. Bu, çox müsbətdir, çünki KİV-lər hər hansı informasiyanı əldə etmək istədikdə mətbuat xidmətləri, yaxud da ictimaiyyətlə əlaqələr şöbələri ilə əlaqə yaradır və sual ünvanlaya bilirlər. Mətbuat xidmətlərinin sualı nə dərəcədə cavablandırdıqları artıq başqa mövzudur. Amma ən azından jurnalistlərin müraciət edəcəkləri ünvan bəllidir. Dövlət orqanlarının, müəssisələrin mətbuat xidmətlərinin vəzifəsi ünvanlanan suala çevik və dəqiq cavab verməkdir. Yəni, burada əsas meyar çeviklikdir. Çünki cavabın gecikməsi informasiyaların artıq başqa istiqamətlərdə yayılmasına şərait yaradır. Mətbuat xidmətlərinin rəhbərləri də peşəkar olmalı və sualı özləri cavablandırmaq iqtidarında olmalıdırlar. Bəzən jurnalistlər mətbuat xidmətlərinin zəif fəaliyyətindən haqlı olaraq narazılıq edirlər. Mətbuata cavabdeh şəxs təmsil etdiyi müəssisənin fəaliyyətinə yaxından bələd olmalı və baş vermiş hadisələri də yaxından izləməlidir ki, medianın sualllarını cavablandıra bilsin. Məsələn, mən təhsil müəssisəsinin təmsilçisi kimi deyə bilərəm ki, təhsil problemləri mediada çox işıqlandırılır. Amma yenə də, təhsil müəssisələrinə cavabdeh şəxslərin iştirakı olmadan. Hesab edirəm ki, təhsil müəssisələrinin rəsmiləri mediadan qaçmamalı, mətbuatla, kütləvi informasiya vasitələri ilə sıx əlaqədə olmalı, sosial şəbəkələrdə, onlayn mediada aktiv olmalıdırlar. Niyə hansısa universitetin rektoru media ilə sosial şəbəkə üzərindən dialoqa girməsin? Burada çətin bir iş yoxdur. Sadəcə, aktivlik, həyatın nəbzini tutmaq lazımdır.
"Mediadan qaçanlar o kəslərdir ki...”
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət "ASAN Xidmət” sədrinin davranışını nümunəvi adlandırdı:
- Birincisi, mediaya o kəslər açıqdır, o kəslər jurnalistlərlə çəkinmədən, rahat danışır ki, onlar öz işlərini vicdanla yerinə yetirir, əlləri "əyri” deyil, rüşvətə, korrupsiyaya bulaşmayıblar, öz vəzifələrini qanuni şəkildə icra edirlər. Gizlədəcəkləri bir şey də yoxdu. Ona görə də jurnalistlərin qarşısına rahat çıxırlar. Amma hansı məmur ki, vicdansızdı, dövlət əmlakını talayır, savadsızdır, təmsil etdiyi sahəni bilmir, tapşırılan vəzifənin öhdəsindən gələ bilmir, özünə əminlik yoxdur, bəli, məhz belə məmurlar jurnalistlərdən qaçır, mediaya qapalı qalır. Jurnalistlə danışmaq üçün, verilən sualı cavablandırmaq üçün bilik, savad, təcrübə də lazımdır. Savadları, intellektləri olmadığından qorxurlar ki, ağızlarından nəsə qaçırarlar, biabır olarlar, paxırları, gizli işləri ortaya çıxar. Mən Ülvi Mehdiyevi alqışlayıram ki, mediaya bu tərzdə tolerantlıq, dözümlülük, açıqlıq, şəffaflıq nümayiş etdirib. Həm də Mir Şahin kimi illərin təcrübəli, yetişkin bir jurnalisti ilə "ASAN Xidməti” qarış-qarış gəzib, izahat verib. Görün, bu adam öz vəzifəsinə, işinə necə bələddir, tapşırılan vəzifəni layiqli yerinə yetirir. Burada Ü.Mehdiyevi bu vəzifəyə təyin edən Prezidentə təşəkkür etməliyik.
Mətbuat xidmətləri rəislərinə "oxşayır”
A.Həsrət bildirdi ki, vaxtilə təmsil olunduqları cəbhəyə - mediaya qeyri-dost münasibət bəsləyən bəzi mətbuat xidməti rəhbərlərindən inciməməliyik:
- Ayrı-ayrı nazirliklərin, idarə və müəssisələrin mətbuat xidmətləri, ictimaiyyətlə əlaqələr sektoru rəhbərləri barədə xeyli örnəklər bilirəm. Burada kiminsə adını çəkmək istəmirəm. Konkret şəxslər tanıyıram ki, məsələn, bir nazirlikdə mətbuat xidməti rəhbəri çalışdığı dövrdə mediaya əlçatan olub, jurnalistlərlə sıx, səmimi münasibət yarada bilib. Lakin sonra rəhbər dəyişikliyi baş verdikdə, həmin adam yenə mətbuat xidmətinin rəhbəri vəzifəsində qalıb, lakin fəaliyyəti sıfırlanıb. Deməli, burada problem mətbuat xidmətlərində kimin işləməsində deyil, rəhbərliklə bağlıdır. Rəhbər yerində olmayanda, media ilə münasibətlər də düzgün qurulmur. Mətbuat xidmətləri işlərini lazımi qaydada qura bilmir, media ilə əlaqə yarada bilmirlər. Çünki buna rəhbərlik izin vermir, şərait yaratmır, informasiyanın ötürülməsinə mane olur. İnformasiya almaq istəyən jurnalistsə mətbuat xidmətini günahlandırır. Haqlı olaraq da mətbuat xidmətindən umur. Çünki medianı informasiya ilə təmin etmək vəzifəsi mətbuat xidmətinin öhdəsindədir. Amma onlar rəhbərliyin təzyiqi, basqısı altındadırlarsa və hər hansı informasiyaya sahib deyillərsə, mətbuat xidmətlərinə informasiya verilmirsə, mediaya necə dəstək ola biləcəklər? Problem yerində olmayan, həvalə edilmiş vəzifənin öhdəsindən gələ bilməyən məmurlarda, nazirlərdə, idarə rəislərindədir.
(Davamı var)
Məlahət Rzayeva