Orta aylıq pensiya və işsizliyə görə müavinət artırılacaq




"Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcədən asılığı ilbəil azalır. 2012-ci ildə büdcədən transfert 42% idisə, gələn il 37,4% -ə düşüb. Artıq pensiyalarla bağlı hüquqi bazanın dünya təcrübəsinə uyğun olaraq hazırlanması prosesi gedir”.

Sherg.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Deputat 2017-ci il üzrə DSMF-nin gəlirlərini də açıqlayıb: "DSMF-nin 2017-ci ildə gəlirləri 3,4 milyard manat təşkil edəcək ki, bu da 2016-ci illə müqayisədə 100 milyon manat çoxdur. Artım əsasən dövlət sosial sığorta haqlarının artımı hesabına nəzərdə tutulub. Xərclərin 95%-ni əmək pensiyalarının ödənişi təşkil edəcək.
Bu da 2016-ci illə illə müqayisədə 7,7% çoxdur. Ölkədə gözlənilən orta yaş həddinin artması ilə pensiya alanların 1 milyon 320 min nəfər olacağı gözlənilir. Buna baxmayaraq orta aylıq pensiya 8% artırılaraq 203 manata çatıdırılacaq”.
Komitə sədri bildirib ki, nəzərdə tutulan müsbət bir dəyişiklik pensiyaların təkcə sığorta hissəsinin deyil, məbləğin bütövklükdə indeksasiya olunmasıdır.
Deputat qeyd edib ki, 2017-ci ildə işsizliyə görə müavinətin artırılacağı gözlənilir. O həmçinin bildirib ki, debitor borclarla aparılan işlər yaxşılaşdırılmalıdır: "Debitorlara qarşı sanksiyaların gücləndirilməsinə ehtiyac var. "