Permyakovun erməni ailəsini qətlə yetirməsi artıq sübut olunub
“Ermənistanı susmağa vadar edən faktor onun Rusiyadan asılı olmasıdır”
Erməni hüquq-müdafiəçisi Artur Sakuns rusiyalı hərbi qulluqçu Valeri Permyakovun Gümrüdə Avetisyan ailəsinin qətlinə dair şok açıqlama verib. O, həmin hadisənin V.Permyakov tərəfindən törədilməsini inkar edib. Onun sözlərinə görə, cinayət yerində aşkarlanan dəlillər Permyakovun qatil olduğuna əsas vermir:
"Həqiqəti danışsaq, şəxsən mən bu cinayətdə Permyakovdan demək olar ki, heç şübhələnmirəm. Cinayət yerində Permyakova aid olduğu bildirilən dəlillər şübhələri əvvəlcə onun üzərinə çəkirdi, amma bu heç də onu göstərmir ki, Permyakov qətl zamanı orada olub. Hadisə yerində avtomatın tapılması şübhələri onun tərəfə yönəldir. Avtomatda onun tərinin tapılması təbiidir. Bu onun avtomatıdır. Cinayət başında tapılmış siqaretin kötüyü buna əsas vermir ki, Permyakov həqiqətən də orada olub. Rusiya tərəfi Permyakovu gizlədəndə bütün dəlillər yox edilmişdi.
Hüquq müdafiəçisinin fikrincə, Rusiya tərəfi nə isə gizlədir və erməni tərəfi bunda onlara kömək edir: "Daha əvvəl bildirilirdi ki, Gümrüdə Avetisyanov ailəsinin amansız qətli haqqında iş Ermənistanın İstintaq komitəsinə veriləcək. Rusiya hərbi bazasından fərarilik etmiş və 13 yanvarda erməni-türk sərhədinin yanında saxlanan V.Permyakov yeddi nəfəri qətlə yetirdiyini etiraf etmişdi”.
Hüquq müdafiəçisinin iddialarını şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında söyləyib ki, bu barədə müxtəlif fərziyyələr ortaya atılır: "Ermənistan cəmiyyəti əsəbidir ki, rus hərbiçisi ailəni qətlə yetirib. Bundan əlavə söyləyirlər ki, rus əsgərləri içib, cinayət törədirlər. Ona görə də, ruslara qarşı narazılıqlar artır. Vəziyyət getdikcə gərginləşir. Bunu Ermənistan hakimiyyəti və Moskva ilə bağlı müəyyən ekspertlər də görür. Bu səbəbdən vəziyyətdən çıxış yolu kimi müəyyən versiyalar ortaya atırlar ki, onu V.Permyakov deyil, başqası öldürüb. Cinayətin üstünü örtməyə çalışırlar. Bu da anlaşılandır. Ermənistanın Kremllə bağlılığı var. Hətta separatçı ölkə şimal qonşumuzdan yüz milyon dollar kredit alıb. Ermənistanı susmağa vadar edən faktor onun Rusiyadan asılı olmasıdır”.
Politoloq diqqətə çatdırıb ki, hazırda hadisənin gizlədilməsinə dair iş aparılsa da, rus əsgərin özü onu etiraf edib: "Etiraf etməsəydi, başqa versiyalar ətrafında düşünmək olardı. Amma ortada əsgərin etirafı və şahidlər var. Bu qədər fakt varkən onu necə inkar etmək olar? Qətlə yetirməyibsə, onda alternativ fikir ortaya atsınlar. Ad çəksinlər ki, qətli filan cinayətkar qrup törədib. Bunu ortaya qoya bilmirlər. Eyni zamanda rus əsgərini vəziyyətdən çıxarmağa çalışırlar”.
Sözügedən cinayət hadisəsinə dair təşkil olunacaq məhkəmə prosesinə diqqət çəkən ekspert bildirib ki, məhkəmə gedişi zamanı ortaya faktlar qoyulacaq: "İşgəncə faktları var. Körpə uşaq məhv edilib. Əlbəttə, bütün bunlar Ermənistan cəmiyyətində ciddi ikrah və qəzəb doğura bilər. Bu, baş verməsin deyə, ortaya belə bir məsələ atırlar ki, qətli rus əsgəri törətməyib. İnanmıram ki, erməni cəmiyyəti bu yalana inansın. Çünki ortada fakt, dəlil və hadisəni törədənin etirafı var”.
Ayyət Əhməd