“Əgər müəllim əxlaqsız hərəkət edirsə və direktor bundan narahatdırsa, niyə onun başqa məktəbdə dəyişdirilməsinə çalışır?”
Ortada qaranlıq məqamlar var
Əsas diqqət məktəb direktoruna yönəlməlidir
“Əgər müəllim əxlaqsız hərəkət edirsə və direktor bundan narahatdırsa, niyə onun başqa məktəbdə dəyişdirilməsinə çalışır?”
“Əgər müəllim əxlaqsız hərəkət edirsə və direktor bundan narahatdırsa, niyə onun başqa məktəbdə dəyişdirilməsinə çalışır?”
Bakının 45 nömrəli məktəbində ingilis dili müəllimi ilə məzunlardan birinin yayılan videosu gündəmin əsas müzakirə mövzusuna çevrilib. Baş verən olayda ittiham olunan Ziyafət Nəbiyeva videonun ona qarşı şantaj xarekterli olduğunu və onun işindən uzaqlaşdırmaq məqsədi ilə edildiyini deyib. Dediyinə görə, Ziyafət Nəbiyeva bir neçə abituriyentlə bərabər 11-ci sinfi bu il bitirən Aynurə Əliyevanı (ad şərtidir) da ingilis dilindən qəbul imtahanlarına hazırlaşdırıb. Ancaq iyunun 29-da məktəbin direktoru Nazilə Məmmədova müəllimi çağıraraq işdən azad edilməsi üçün ərizə yazmasını istəyib: "Bu mənə qarşı şantaj xarakterli bir qurmadır. Həmin şagirdə övladım kimi baxıram. Mənim başıma heç vaxt belə hadisə gəlməyib. Direktor məni otağına çağırdı və dedi ki, sən sakitcə ərizəni yaz və işdən get.
Artıq valideynlərin ağzını yığa bilmirəm. Mən həmin an şoka düşdüm. Bilmədim nə edim. Başladım ağlamağa. Mənimlə elə sakit və ustalıqla danışırdı ki, sanki, mənim halıma yanır. Mənə həmin görüntünü təqdim etdi. Orada əxlaqsız bir şey olmayıb. Həmişəki kimi, sinfə girirəm və əyləşirəm. Arxamca Nəzrin adlı şagirdim daxil olur, mənim üzümdən öpür və keçir. Sonra digər uşaqlar sinfə daxil olur.
Bir şeyi də qeyd edim ki, bu məktəbdə belə hallar birinci dəfə deyil. Keçən yay başqa bir müəlliməni belə sıxışdırıb işdən çıxarmaq istəyirdi. Ona deyirdi ki, dərs saatı azdır, get. Şikayətdən sonra onu işə qaytardı. İndi də elə bilib ki, mən köməksiz insanam. Ona görə mənə belə şər atıb. Onun məktəbdəki eybəcər işlərini danışmamışam. Məktəbdə dərsdən sonra bütün otaqları arendaya verir, musiqi məşğələləri təşkil edir və s.
Mən onunla otaqda olanda sual verdim ki, səni heç şagirdlərin öpmür? Burada qəbahət olan nədir ki? Onun özünün bir şagirdi var idi, Esmira adlı qız. Uşaqlar zarafatyana ona dəli Esi deyirdilər. Bütün günü bunun otağında otururdu. Üzündən öpürdü, qucaqlayırdı. Biz hamımız bunu bilirdik. Biz heç demirdik ki, belə şeylər etmək olmaz.
Mən fikirləşirəm ki, bu videonu valideyn çəkməyib. Bu onun özünün qurmasıdır. Məqsəd də məni oradan uzaqlaşdırmaqdır.
Mətbuat vasitəsilə cənab nazirə müraciət edirəm və xahiş edirəm, bu məsələni araşdırsın. Mən neçə ilin ingilis dili müəlliməsiyəm. Qəbul edə bilmərəm ki, mənim adımı belə çirkin adla
qaralasınlar. Bütün mətbuatdan və cəmiyyətdən xahiş edirəm. Məsələnin araşdırılmasına kömək edəsiniz”.
Qeyd edək ki, Ziyafət Nəbiyeva məsələ ilə bağlı "Təmiz Dünya” İctimai Birliyinə müraciət edərək hüquqlarının bərpasında kömək istəyib.
Birliyin sədri Mehriban Zeynalova təşkilatın bununla bağlı bütün zəruri addımları atacağını bəyan edib: "Hadisə barədə məlumat yayıldıqdan sonra məktəb direktorunun məsələyə münasibəti ilə tanış oldum. Öncə deməliyəm ki, məktəbə rəhbərlik edən şəxs hüquqi cəhətdən məlumatlı olmalıdır. Əgər hər hansı müəllim şagirdinə qarşı əxlaqsız hərəkət edirsə, dərhal hüquq-mühafizə orqanlarına məlumat verilməlidir. Ortada videogörüntülərin olduğu bildirilsə də, nə hüquq-mühafizə təşkilatlarına, nə də müəllim barədə tədbir görülməsi üçün Təhsil Nazirliyinə müraciət edilib. Əvəzində direktor müəllimə başqa məktəbdə işləməyi təklif edib. İkinci vacib məqam görüntülərin necə çəkilməsidir. Direktor bildirir ki, görüntüləri valideynlər ona təqdim edib. Valideyn mühafizə edilən müəssisəyə-məktəbə videokameranı necə quraşdıra bilər? Bu qanunidirmi və direktor buna necə münasibət bəsləyir? Üçüncüsü isə hər kəsin müdafiə hüququ var. Müəllim hüquqlarını müdafiə etmək üçün məsələni ictimailəşdirib. Direktor isə məsələnin araşdırılmasını gözləmədən müəllimi başqa məktəbdə işləməyə razı salmağa çalışıb. Əgər müəllim əxlaqsız hərəkət edirsə və direktor bundan narahatdırsa, niyə onun başqa məktəbdə dəyişdirilməsinə çalışır? Halbuki bunu bildiyi və ona görüntülər təqdim edildiyi anda dərhal həm Təhsil Nazirliyinə, həm də hüquq-mühafizə orqanlarına məlumat verməli idi. Amma direktor bunları etmək əvəzinə, müəllimin başqa məktəbə dəyişdirilməsinə çalışıb. Bu isə ortada hansısa qaranlıq, araşdırmaya ehtiyac olan məqamların olduğundan xəbər verir. Əminəm ki, həm nazirlik, həm də hüquq-mühafizə orqanları məsələni ciddi araşdıracaq”.
Baş verən hadisə
müəllimənin günahıdır
Azərbaycan Təhsil Şurasının sədri, ekspert Əjdər Ağayev isə bildirib ki, bu məsələni Azərbaycan məktəblərində baş vermiş hadisə kimi ümumiləşdirmək olmaz: "Belə hallar insanlar arasında da olur. Direktor, müəllim və şagird də insandır. İnsanların biri-birinə qarşı nifrəti də ola bilər, məhəbbəti də. Bu təhsillə deyil, insan xarakteri ilə bağlıdır. Dərs keçən müəllimə tədrisdə, ən başlıcası sinif otağında ciddi olmalıdır. Şagirdin, abituriyentin onu sinif otağında öpməsi məqbul sayıla bilməz. Müəllim ən çox sevdiyi şagirdi evində və toyda yalnız alnından öpə bilər. Sinif şəraitində belə hal olmamalıdır. Baş verən hadisə müəllimənin günahıdır. Gərək bu hala yol verilməyəydi”.
Ə.Ağayevin fikrincə, heç bir məktəbin direktoru rəhbərlik etdiyi qurumun barəsində belə məlumatların yayılmasını istəməz: "Bu videonun yayılmasında direktorun rolu varsa, bu, səviyyəsizlik kimi qiymətləndirilməlidir”.
Təhsil ekspertinin sözlərinə görə, bu hadisənin sosial şəbəkədə yayılmasında ancaq və ancaq məktəb şagirdlərinin marağı ola bilər: "Məncə, bu hadisə abituriyentlər tərəfindən yayılıb. Uşaqlar qeyri-adi, əxlaqi hərəkətlərlə bir növ məzələnirlər. Uşaqlar arasında biri-birinə qarşı eqoist hərəkətlər ola bilər. Uşaqlar kamilləşməmiş bir varlıqlardı”.
Hansısa bir məktəbin adının əxlaqsız bir hadisədə
hallanması bütünlükdə təhsil sisteminin adına bir ləkədir
Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü isə hesab edir ki, araşdırma zamanı əsas diqqət məktəb direktorunun üzərinə yönəlməlidir: "45 nömrəli məktəblə bağlı yayılan xəbərləri oxuyanda dəhşətə gəldim. Görün, məktəbin adı nələrdə hallanır? Elm ocağında hansı hadisələr baş verir? Məlumatı ilk oxuyanda inanmadım. Məktəblərimizdə əxlaqi, mənəvi, psixoloji aşınma gedir. Sözügedən hadisə isə bizə durumun həddindən artıq ciddi olduğunu göstərir. Təəssüflə qeyd edirəm ki, bir şagirdin istədiyi müəllimi öpməsinə bu cür xoşagəlməz don geyindirirlər. Bu artıq məktəb idarəedicilərinin mənəvi aşınmasının göstəricisidir. Əgər hadisə həqiqətən direktorun iddia etdiyi kimi baş versə belə, bu hadisə ictimaiyyətə bu cür açıqlanmamalı idi. Məktəb tərbiyə ocağı, maarifləndirici bir qurumdur. Hansısa bir məktəbin adının əxlaqsız bir hadisədə hallanması bütünlükdə təhsil sisteminin adına bir ləkədir. Məktəb gələcəyimizi yetişdirən müqəddəs bir məkandır. Məktəb müəllimləri də cəmiyyət üçün örnək olmalıdır. Küçələrdə, gecə barlarında yaşanan hadisələr artıq məktəblərə də ayaq açmağa başlayıb. Yanlış anlama və ya qisas məqsədi ilə məktəblər gözdən salınır. Hesab edirəm ki, bu məsələ ilə bağlı ölkədə həyəcan təbili çalınmalı, aidiyyəti qurumlar hərəkətə keçməlidir. Bu hadisəyə laqeyd qalmaq olmaz. Təhsil Nazirliyi, Bakı Şəhər Baş Təhsil İdarəsi birbaşa bu olaya hüquqi müstəvidə münasibət bildirməlidir. Hadisə araşdırılmalı və günahkarlar cəzalandırılmalıdır. Müəllimlə şagird arasında yaxın münasibətlərin biz dəfələrlə şahidi olmuşuq. Bir şagirdin öz müəllimini öpməsini cəmiyyətə əxlaqsız bir formada təqdim etməyin nə mənası var? Bu məsələnin real və ya böhtan xarakterli olmasından asılı olmayaraq səbəbkar cəzalandırılmalıdır. Bu cür şəxslərin məktəb divarları arxasında yer almasına imkan vermək olmaz”.
Bu böhtan cəzasız qalacaqsa, gələcəkdə müəllim-şagird münasibətlərində böyük fəsadlar yaradacaq
Kameranın məktəbə valideynlər tərəfindən yerləşdirilməsinə gəldikdə isə ekspert deyib ki, burada mütləq məktəb rəhbərliyinin "əl”i var: "İnanmıram ki, direktorun xəbəri olmadan hansısa valideyn sinif otağında kamera quraşdırsın. Bu, qeyri-mümkündür. Çox güman ki, həmin kamera direktorun razılığı, bəlkə də elə göstərişi ilə quraşdırılıb. Sözsüz ki, istintaqın gedişində bütün bunlar açığa çıxacaq və məsələ hüquqi müstəvidə öz həllini tapacaq. Sinif otaqlarında kameraların quraşdırılması, dərs prosesinin nəzarətə götürülməsi təqdirəlayiq haldır. Bu gün paytaxtda kameralarla təchiz edilmiş orta məktəblərimizin sayı kifayət qədərdir. Ancaq bir məktəbdə cəmi bir sinifə kamera quraşdırılması artıq müəmmalıdır. Deməli, burada ta əvvəldən bir maraq olub”.
Professor Vurğun Əyyub isə hesab edir ki, müəllimə-şagird münasibətləri haqqında yayılan video, direktorun iddiaları ciddi şəkildə araşdırılmalıdır: "Direktor böhtan atıbsa, (buna şübhəm yoxdur ki, böhtandır) o direktor cəzalandırılmalı, hətta müəllimlikdən uzaqlaşdırılmalıdır. Bu böhtan cəzasız qalacaqsa, gələcəkdə müəllim-şagird münasibətlərində böyük fəsadlar yaradacaq. Müəllimin şagirdlərinə, şagirdlərin müəllimlərinə sevgisi olmasa, o məktəbdən, təhsil-tərbiyədən nəticə gözləmək olmaz. Böhtan cəzasız qalacaqsa, bundan sonra müəllimlər şagirdlərə, şagirdlər müəllimlərinə qarşı hər zaman vasvası münasibət göstərəcək, biri-birlərinə qarşı şübhələrlə yanaşacaq, inamsızlıq olacaq. Müəllimlə şagird arasında inamsızlıq isə verilən təhsil və tərbiyənin mənasızlığına gətirib çıxaracaq”.
Şəymən