Ortaq türk tarixinə Bakıdan ALİM BAXIŞI...
Akif Aşırlı: ”Belə bir məqamda bu cür böyük tarixi konfransın keçirilməsi çox müsbət haldır”
Ortaq türk tarixinə yeni baxış sistemi formalaşmaqdadır. Türk xalqlarının min illər əvvələ qayıdıb öz ortaq tarixlərinə sahib çıxması, onu dərindən, ətraflı araşdırması, təbliğ etməsi hazırda vacib məsələlərdən biri kimi gündəmdədir. Məlum olduğu kimi, sentyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında "Şərqi və qərbi türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
Sentyabrın 14-də başa çatacaq beynəlxalq konfransda şərqi və qərbi türk dünyasının ortaq tarixi problemlərinə dair aparılan elmi tədqiqatların nəticələri müzakirə edilir və fikir mübadiləsi aparılır. Konfransda bildirilib ki, məqsəd türk dünyasının ortaq tarixi dəyərləri ilə bağlı araşdırmaların genişləndirilməsinə, bu sahədə çalışan alimlərin bilik və təcrübələrinin bölüşdürülməsinə imkan verə biləcək akademik bir platforma yaratmaqdır.
Xatırladaq ki, konfrans "INOCTE 2017 – "Osmanlı tədqiqatlarında yeni tendensiyalar” beynəlxalq konqresi çərçivəsində AMEA, Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Xəzər Universiteti, Türkiyə Səlcuq Universiteti, Sütçü İmam Universiteti və Türk Tarix Qurumu tərəfindən təşkil olunub.
Tədbirin açılış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, beynəlxalq konfransın tarixi əhəmiyyəti böyükdür: "Konfransın təşkilində məqsəd bu tədbir vasitəsilə türk xalqlarının ortaq tarixi dövrlərinin araşdırılması ilə bağlı aparılan tədqiqat işlərini daha da genişləndirmək, xalqımızın öz milli-mədəni dəyərlərinə olan qayğı və diqqətini, bu sahədə olan biliklərini daha da təkmilləşdirməkdən ibarətdir”.
Qeyd edək ki, türk xalqlarının müxtəlif dövrlərdə yaşadığı tarixi-siyasi hadisələrdən danışan AMEA-nın vitse-prezidenti bu hadisələrin səbəb olduğu sosial-iqtisadi dəyişikliklərdən, yeni formalaşan etnik-mədəni dəyərlərdən, bunların xalq və dövlətlərin inkişafında rolundan bəhs edib. O, türkoloji məsələlərlə bağlı AMEA-da bir sıra tədbirlərin keçirildiyini söyləyərək, bugünkü konfransın elmi əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Konfransın baş koordinatoru, professor Alaattin Aköz Şərqi və Qərbi türk dünyasına dair elmi tədqiqatların hazırkı vəziyyətindən danışıb. O, qədim türk yazılı mənbələrinin yenidən tədqiqi, ortaq dəyərlərin qorunub saxlanması və digər məsələlərdən söz açıb.
"Şərqi və qərbi türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransın əhəmiyyətindən söz açan "Şərq” qəzetinin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru, araşdırmaçı jurnalist Akif Aşırlı bu elmi konfransın böyük nəticələr verəcəyinə əmin olduğunu bildirib:
"Belə bir konfransın Azərbaycanda keçirilməsinin çox böyük əhəmiyyəti var. Bu baxımdan ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ortaq türk tarixinin, ortaq türk mədəniyyətinin problemləri, ortaq türk ədəbi dilinin formalaşması ilə bağlı ideyalarla çıxış edib. Bununla bağlı xeyli işlər görülüb. Alimlərin müxtəlif xarici elmi dərgilərdə çıxışlarının əsas tezislərindən biri də bu məsələdir. Hesab edirəm ki, Azərbaycan və Türkiyənin türk alimlərinin iştirakı ilə belə bir tədbir keçirilməsi və orada yüzlərlə alimin məruzələrinin planlaşdırılması çox müsbət haldır. Həmişə kənar, xarici qüvvələr türk dünyasının birliyini istəməyib, bu birliyi sarsıtmağa çalışıblar. Bu birliyin gücünü dərk edərək bu birliyə qarşı hətta tarixdən istifadə edirlər. Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək üçün xarici qüvvələr Səfəvi və Osmanlı qarşıdurmalarını gündəmə gətirməyə çalışırlar. Hətta dini məzhəb nöqteyi-nəzərindən də problemlər yaratmaq istəyənlər tapılır. Bəzi qüvvələr çox yaxşı anlayırlar ki, həm mənəvi, həm dövləti güc, həm də intellektuallıq baxımından Türkiyə və Azərbaycanın bir yerdə olması onlar üçün əngəl törədir. Belə bir məqamda bu cür böyük tarixi konfransın keçirilməsi çox müsbət haldır. Düşünürəm ki, Azərbaycan-Türkiyə alimlərinin ortaq tarixi faktoloji materialları daha çoxdur. Bura həm türk etnosunun formalaşması, türk dövlətçiliyinin təşəkkülü, inkişafı və həm də vahid qüvvə olaraq bölgədə nüfuz qazanması və s. daxildir. İnanıram ki, konfransda çıxış edən alimlər bir sıra məsələləri gündəmə gətirəcəklər”.
A.Aşırlı onu da diqqətə çatdırıb ki, "Şərqi və qərbi türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” mövzusunda beynəlxalq konfransın 15 sentyabr ərəfəsində keçirilməsinin böyük tarixi əhəmiyyəti var:
"Türk dünyasının kiçik "NATO”su şəklində formalaşmış Qafqaz İslam Ordusu 15 sentyabr tarixində 18 min erməni-bolşevik birləşməsinin müqavimətini qırıb Bakını işğaldan azad etmişdi. Konfransın bu ərəfədə keçirilməsinin özü də əlamətdar tarixi hadisədir. İnanıram ki, bu konfransda Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və s. respublikaların alimlərinin də iştirakı təmin olunub. Çünki Qazaxıstanın özündə də bu sahədə xeyli işlər görülüb. Bu yaxınlarda Qazaxıstanda keçirilən beynəlxalq tədbirdə də müşahidə etdik. Bu gün orada türkçülüyün araşdırılması üçün böyük işlərə başlanıb. Burada həm arxeoloji tədqiqatlar aparılır, həm də türk etnosunun tarixi, mədəniyyəti ilə bağlı işlər görülür. Bu baxımdan, düşünürəm ki, Özbəkistan, Qırğızıstan, Qazaxıstan alimlərinin də bu işə çox böyük faydası olacaq.
Bilirsiniz, ortaq türk ədəbiyyatı antalogiyası çap olunub, amma ortaq türk tarixi antalogiyası yazılmayıb, yoxdur. Düşünürəm ki, bu konfransların keçirilməsi bir sıra problemlərin həllinə doğru atılan çox ciddi addımlardan biri ola bilər. Yəni ortaq türk tarixi yazılmalıdır. Ortaq türk tarixinin yazılması prosesini həyata keçirməyə qadir olan kifayət qədər elmi-intellektual qüvvələr var. Məsələn, Qazaxıstanda Beynəlxalq Türk Akademiyası var.
Bu qurum kifayət qədər sanballı işlər görür. Azərbaycanda Akademiyanın Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu fəaliyyət göstərir. Özbəkistanda da bu sahədə işlər aparılır. Bu yaxınlarda bir özbək alimi ermənilərin Orta Asiyada törətdiyi qırğınlar haqqında yazmışdı. Tariximizdə baş verən hadisələri, faktları birləşdirmək lazımdır. Ümumiyyətlə, ortaq türk tarixinin yazılmasına çox ciddi ehtiyac var”.
"Bakı-Xəbər" qəzeti