Sosial şəbəkələrə baxanda çox həyəcanlanıram. Hiss edirəm ki, toplumun əksəriyyəti, hətta orta yaşlı insanlar belə məsələləri məlumatsız şəkildə, öz bildikləri tərzdə şərh edirlər
Cəmiyyətin inkişafı milli və mənəvi dəyərlərin qorunması ilə bağlıdır. Çünki hər bir xalq özünəməxsus dəyərlərin daşıyıcısıdır. Azərbaycan xalqı da tarixən öz milli, dini, əxlaqi və mədəni dəyərləri ilə böyük inkişaf yolu keçib. İslam dini humanist təməl üzərində formalaşdığına görə, yayıldığı bütün ərazilərdə xalqların milli və mənəvi dəyərlərinə hörmətlə yanaşıb. Bu baxımdan islam dini mənəvi dəyərləri özündə birləşdirir, insanların bir-biri ilə mehriban yaşamasını, elm öyrənməsini tövsiyə edir.
Ramazan ayının da toplum üzərində xüsusi təsirləri var. Ümumiyyətlə, ibadətlərin hamısı sosial mahiyyət daşıyır. Çünki sosiallaşma insanların biri-biri ilə ünsiyyət qurmasını, sevinc və kədərlərini bölüşməsini, həmrəy yaşamasını təmin edir. "Şərq”in mövzu ilə bağlı suallarını cavablandıran tanınmış sosioloq-alim, professor Əhməd Qəşəmoğlu deyir ki, cəmiyyətimizdə əksəriyyət orucluq ayının əsl mahiyyətini dərk etmir...
- Ramazan ayı ilə bağlı düşüncələriniz, təəssüratlarınız nədir? Oruc tutmaq sizdə hansı duyğuları qabardır?
- Ramazan ayı kainatın nizamı ilə bağlıdır. Bu sahədə müəyyən fərziyyələr, təxminlər mövcuddur. Hər Ramazan ayında yerin kainatla əlaqələrində energetika artır. Nəticədə insanların kainatla əlaqələri güclənir. Məhz ona görə "Qurani-Kərim” Ramazan ayında nazil olub. Bu ayda hər kəs xüsusi hisslər yaşayır. Şəxsən mənim özümdə, indi bilmirəm bu hal aclıqla, pəhrizlə və ya başqa nə ilə əlaqəlidir, güclü yaradıcılıq enerjisi olur. Sanki insan aktivləşir, fəallaşır. Bir monoqrafiyamı məhz Ramazan ayında yazmışam. Yəni bu ayda xüsusi məqamlar var. Mahiyyət etibarı ilə isə Ramazan ac-susuz qalmaq yox, nəfsin tərbiyəsi ayıdır. Bir şəxsin 15-17 saat ac qalması, iftardan sonra isə istədiyini etməsi doğru deyil. İnsan orucla öz nəfsini tərbiyə etməlidir. Bəziləri elə zənn edirlər ki, sadəcə orucluq ayında bir qədər ehtiyatlı olmaq lazımdır, ay bitəndən sonra nə istəsələr edə bilərlər. Elə deyil. Məqsəd odur ki, insan Ramazan ayında 30 gün oruc tutaraq nəfsini tərbiyə etsin, digər ayları da məhz o şəkildə yaşasın. Nəfsini tərbiyə edən şəxs təsəvvüf fəlsəfəsinə görə daxilən təmizlənir. Daxilən təmizlənən adamın isə kosmo-kontaktı güclənir. Bunların hamısı biri-biri ilə sıx bağlıdır. Ramazan ayının çox böyük hikməti var. Məhz buna görə həmin ayı "Ayların Sultanı” adlandırırlar.
- Orucluq ayının toplum üzərində müsbət yöndə təsirləri var. Məsələn, ömrü boyu spirtli içki qəbul edənlər belə Ramazanın hörmətinə içkidən uzaq dururlar. Bu cür addımları necə dəyərləndirirsiz?
- Belə münasibət sosial cəhətdən çox maraqlıdır. Əksər insanlar Ramazan ayında istər-istəməz zərərli vərdişlərdən çəkinirlər. Əgər müəyyən bir qisim yanlış vərdişlərdən əl çəkirsə, deməli, onlar orucluğun mahiyyətini anlayırlar, ac qalmaqla işlərini bitmiş hesab etmirlər. Eyni zamanda camaat qənaət etməyi öyrənir, pəhriz vasitəsi ilə çəkilərini tənzimləyir, xəstəliklərdən xilas olurlar. Ona görə də hər Ramazan ayı topluma ancaq müsbət istiqamətdə təsir edir. 14 əsrdir Ramazan ayının cəmiyyətə mənfi təsiri barədə hər hansı ifadəyə, fakta rast gəlinməyib.
- Sosial şəbəkələrdə Ramazanla bağlı xoş olmayan, təhqiramiz ifadələr yer alır. İnanclı adamlar dindarları, oruc tutanlar tutmayanları ittiham edirlər. İxtilafa səbəb olan məqamların müzakirəsi düzgündürmü?
- Heç də xoş olmayan məqamlardır. Təəssüflər olsun ki, sadəcə islam dini ilə bağlı deyil, bir çox məsələlərlə bağlı mənasız mübahisələr aparılır. Sosial şəbəkələrə baxanda çox həyəcanlanıram. Hiss edirəm ki, toplumun əksəriyyəti, hətta orta yaşlı insanlar belə məsələləri məlumatsız şəkildə, öz bildikləri tərzdə şərh edirlər. Kim nə istəyir, yazır. Bunun özü böyük sosial bəladır, problemdir. İnsan bilmədiyi şey haqqında necə fikir yürüdə bilər?! O gün feysbukda görkəmli alim Lütfüzadəni müzakirə edirlər, haqqında hədyanlar yazırlar, onun azərbaycanlı olmadığını söyləyirlər. Mən Lütfüzadə ilə ünsiyyətdə olan adamam. O, mənim xarici ölkələrdə yazılarımı çap etdirir, mənə məktublar yazır. Lütfüzadənin nə qədər azərbaycanlı olduğunun, bizimkilərə necə kömək göstərdiyinin şəxsən özüm şahidi olmuşam. Amma feysbukda ağızlarına gələni yazırlar, dünya səviyyəli alimin anasının yəhudi olduğunu iddia edirlər. Belə şeylər yazmaq ayıbdır. Əfsuslar olsun ki, bəzi insanlar dərindən bilmədikləri məsələlər haqqında özlərini ağıllı göstərməyə çalışırlar.
- Formalaşmış bir ənənə mövcuddur. Demək olar ki, Ramazan ayında toy etmirlər və bunu içki içilməsi ilə əlaqələndirirlər...
- Yox, Ramazan ayında toy edilməməsinin səbəbi başqadır. Əsasən şiə məzhəbinə məxsus dindarlar bu ayda xeyir iş etmirlər. Səbəbi də odur ki, İmam Əlinin yaralandığı və vəfat etdiyi gün Ramazan ayına təsadüf edib. Şiələr də bu hadisədən sonra matəm saxlayıblar. Ona görə də orucluqda toy edilmir. Bu məsələdə sünni və şiə mənsublar arasında fərqlər var. Ancaq ilahiyyatçıların özləri kifayət qədər dini biliklərə sahib olmadıqları üçün insanları düzgün yola, istiqamətə sövq edə bilmirlər. Nəticədə işin içinə xurafat, mövhumat daxil olur və qorxunc vəziyyət yaranır.
- Neçə gündür sosial şəbəkədə, mediada orucluqla bağlı mənasız detallar müzakirə olunur və Ramazanın əsl mahiyyəti arxa planda qalır. Məsələn, "oruclu ikən öpüşmək olarmı” kimi məsələlərin müzakirəsinə necə baxırsız?
- Bir daha təkrar edirəm, orucluğun əsas mahiyyəti nəfsin tərbiyəsidir. Əsas bu məqama diqqət verilməli, müzakirə edilməlidir. O ki qaldı, öpüşmə məsələsinə, kimsə övladını, valideynlərini öpə bilər. Bunun günahı yoxdur. Amma nəfslə öpmək başqa məsələdir. Yəni burada əsas meyar nəfsdir.
- Sizcə, toplum gedərək dindarlaşır, yoxsa əksinə, dini və mənəvi dəyərlərdən uzaqlaşır?
- Azərbaycanda doğru islamın oturuşması üçün çalışmırıq. Bu sahədə göstərilən fəaliyyət arzuolunan istiqamətdə olmadığı üçün bir qisim insanlar getdikcə dindarların təsiri altına alınır, digər kəsim isə xüsusi xarici qüvvələrin toruna düşürlər. Daha çox ateizmə meyl edirlər. Sovet dövründə cəmiyyətimizdə müəyyən yaxınlıq var idi və insanlar belə məsələlərə ciddi əhəmiyyət vermirdilər. İndi cəmiyyətdə sürətlə differensiallaşma gedir. Dindarlar və qondarma dindarlar çoxalır. Mahiyyətini anlamadan ateist olanların sayı da az deyil. Ancaq dindar kəsim çoxluq təşkil edir. Bir qisim insan öz intellekti və mənəviyyatı ilə dinə meyl edirsə, islama məfkurə kimi baxırsa, digərləri müəyyən radikal qrupların təsiri altında hansısa təriqətin, məzhəbin yolu ilə gedirlər. İŞİD-ə qoşulanlarla evində islamın mahiyyətinə uyğun dua oxuyan adamları eyni səviyyəli dindar kimi dəyərləndirmək olmaz.
İsmayıl