Orxan Zeynalovun anası: "Balama kömək olun !"

Yasəmən Zeynalova:"Dövlət bu məsələnin üzərinə düşmədikcə, Orxanın ölkəyə gətirilməsi də get-gedə mümkünsüzləşir”




Ötən ay ailəsi Rusiyada həbsdə olan həmyerlimiz Orxan Zeynalova baş çəkib.

Bu barədə "Sherg.az”a O.Zeynalovun anası Yasəmən Zeynalova məlumat verib. 

O, oğlunun səhhətində problem olmadığını, durumunun qaydasında olduğunu söyləyib:

"Orxan bütün Azərbaycana salam göndərdi. Orxanın atası (Zahid Zeynalov) və mən getmişdik görüşə. Cəmi iki gün Rusiyada qaldıq. Yaxşı idi, nə deyim, həbsxanada olan insan nə qədər yaxşı olar ki?!”

"Orxanın azadlığa buraxılması və ya ölkəmizə ekstradisyası üçün aidiyyəti orqanlara müraciət etmisinimiz?" sualına gəlincə, Y.Zeynalova Orxanın atası, Zahid Zeynalovun Ədliyyə Nazirliyinə müraciət edəcəyini bildirib:

"Orxanın atası hazırda orta məktəbdə direktor müavini işləyir. Ona görə, dövlət orqanlarına müraciət etməyə vaxtı olmur. Amma bu yay Bakıya gələrək, müvafiq orqanlara şəxsən müraciət etməyi düşünür.

Bir müddət əvvəl müxtəlif qurumlara müraciət yazdıq. Addım atılacağını dedilər, amma heç bir tədbir görülmədi. Dəfələrlə demişəm ki, oğlum günahsız cəza çəkir. Dönə-dönə xahiş edirəm sizdən, Orxanın o həbsxanalarda unudulmasına imkan verməyin. Lazımlı orqanlara, ölkə başçısına da müraciət edin, bizim adımızdan, Mehriban xanıma məktub yazın, mənim balama kömək olun. Dövlət bu məsələnin üzərinə düşmədikcə, Orxanın ölkəyə gətirilməsi də get-gedə mümkünsüzləşir”.

Qeyd edək ki, Azərbaycan vətəndaşı Orxan Zeynalov 2013-cü ildə Moskva şəhərinin Qərbi Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirli bilinir. Orxan Zeynalov ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini söyləyib.

Aysel Aslan