Orxan Zeynalovun işi ilə vəkili məşğul olmalıdır

“Köməyə ehtiyac olarsa, şəxsən mən bu köməyi Orxandan əsirgəmərəm. Söhbət hüquqi yardımdan gedir”



Rusiya vətəndaşı Yeqor Şerbakovun ölümündə təqsirli bilinərək həbsə alınan həmyerlimiz Orxan Zeynalov məsələsi ölkə ictimaiyyəti və mətbuatının gündəmindən düşüb.

Doğrudur, hadisənin qaynar çağlarında bütün Azərbaycan ictimaiyyəti bu hadisədən bəhs edirdi. O.Zeynalov sosial şəbəkələrin müzakirə mövzusuna çevrilmişdi. Ölkə rəsmiləri də həmvətənimizə dəstək xarakterli açıqlamalar verirdilər. Soydaşımızla bağlı lazımi tədbirlərin görüləcəyini vəd edirdilər. Amma hazırda tamam başqa bir mənzərəyə şahidlik edirik. Çünki son zamanlar həmyerlimizin adını belə çəkən yoxdur. Soydaşımız Zahid Zeynalov da elə bu

laqeydlik və ya biganəlikdən gileylənib. Belə ki, o, jurnalistin "Orxanın Azərbaycana ekstradisiyası üçün hansı qurumlara müraciət etməyi düşünürsünüz” sualına cavab olaraq bildirib ki, məsələ ilə bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən kömək gözləyir: "Çünki komitənin sədri Mübariz Qurbanlı Orxanla bağlı məsələdə əlindən gələni əsirgəməyəcəyinə söz vermişdi”. Məlumat üçün bildirək ki, Orxan Zeynalov 2013-cü il oktyabrın 10-da Moskva ətrafındakı Biryulyovo sakini Yeqor Şerbakovla aralarında yaranan mübahisə nəticəsində qətl törətməkdə ittiham olunur. O, istintaq və məhkəmə dövründə bu cinayəti törətmədiyini bəyan etsə də, istintaq və məhkəmə araşdırması zamanı onun qətli törətdiyi iddia olunub. Orxan Zeynalov Moskva Şəhər Məhkəməsinin qərarı ilə qətldə günahkar bilinərək, 17 il azadlıqdan məhrum edilib.

Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili Fəzail Ağamalı qeyd edib ki, Rusiyada olarkən soydaşımızla bağlı obyektiv istintaqın aparılamasının vacibliyini önə çəkib: "Ondan sonra O.Zeynalov haqda maraqlanmamışam. Maraqlanmağım üçün mənə müraciətlər olmayıb. Danışıqlar getdi ki, onun Azərbaycana ekstradisiyası mümkündür. Mən də buna dair müsbət fikrimi ifadə etdim. Rusiya ilə Azərbaycan arasında bu haqda anlaşma mövcuddur”.

Həmyerlimizin ölkəmizə gətirilməsinin mümkün olduğunu iddia edən parlamentari söyləyib ki, bu işlərlə O.Zeynalovun vəkili məşğul olmalıdır: "Köməyə ehtiyac olarsa, şəxsən mən bu köməyi Orxandan əsirgəmərəm. Söhbət hüquqi yardımdan gedir. Bir deputat kimi səlahiyyətim çərçivəsində yardım edə bilərəm”.

Ayyət Əhməd