Övlad qatili...

6 yaşlı oğlunun başını kəsən ata cəmiyyətdə şok yaratdıOrxan Oruc: “Hadisənin affekt halında baş verib-verməməsini təbii ki, məhkəmə-tibbi ekspertizasının psixiatrları müəyyənləşdirəcəklər”
 Beyləqanda dəhşətli qətl törədilib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb. Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. İlkin məlumatda hadisənin ailədaxili münaqişə zəminində törədildiyi məlum olub. Sonradan məlum olan təfərrüatlara görə, 6 yaşlı oğlunu amansızlıqla öldürən Zahid İsgəndərov bir müddət əvvəl həyat yoldaşından ayrılıb. Z.İsgəndərovun Cəbrayıl rayonundan məcburi köçkün düşmüş Mahirə adlı qadınla nikahı pozulduqdan sonra onların birgə nikahından olan oğlu, 6 yaşlı Ümid atası, kiçik qız isə anası ilə qalıb. Lakin münaqişələr bununla bitməyib.
Z.İsgəndərov keçmiş həyat yoldaşını dəfələrlə ölümlə hədələyib. Dünən isə kəskin psixoloji vəziyyətdə Z.İsgəndərov əvvəlcə oğlunu öldürüb, daha sonra isə keçmiş həyat yoldaşını qətlə yetirmək üçün onların evinə gedib. Qohum-qonşu yığışaraq onun qadını öldürməsinə mane olub. Yaxalanacağını görən Z.İsgəndərəv qaçıb. Həyata keçirilən əməliyyat axtarış tədbirləri
nəticəsində saxlanılan ata tutularaq rayon prokurorluğuna gətirilib. Öldürülən uşağın anası Mahirə Abışova mətbuata açıqlamasında atasının oğlunun başını meşədə kəsdiyini deyib. Zahid İsgəndərovla 8 il əvvəl ailə qurduğunu vurğulayan M.Abışova evləndiyi ilk gündən əri tərəfindən döyüldüyünü, fiziki zorakılığa məruz qaldığını deyib: "İki ay əvvəl atamın evinə gəldik. Burda onunla yenə dalaşdıq. O, içki içirdi, tüfeyli həyat sürürdü. Bu səbəbdən onunla qayıtmadım. Sonra gəldi, uşaqların ikisini də oğurladı. 3 yaşlı kiçik oğlumu saxlaya bilmədiyi üçün geri qaytardı. Amma Ümidi vermədi”. M.Abışovanın sözlərinə görə, əri ona sonuncu dəfə hadisədən bir gün əvvəl zəng edib: "Hər dəfə zəng edəndə söyürdü deyə onunla danışmırdım. Dünən də zəng vurdu. Bilirdim ki, Ümidin səsini eşidəndə danışacağam. Amma qoymadı danışmağa. Ümid "alo” deyən kimi, telefonu əlindən aldı, məni söydü. Mən də telefonu söndürdüm”. Ananın dediyinə görə, Z.İsgəndərov oğlunu meşəyə apararaq, orada başını kəsib. Daha sonra törətdiyi cinayəti həmkəndlilərinə xəbər verərək qaçıb. Qadına bu barədə xəbəri polislər verib. Gecə Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları ailənin təhlükəsizliyini təmin etmək məqsədilə evlərinin ətrafında keşik çəkiblər.
Qeyd edək ki, Zahid İsgəndərovun qardaşı Vahid İsgəndərov hadisənin baş vermə səbəblərini açıqlayıb. Onun sözlərinə görə, qardaşının 6 yaşlı oğlunun boğazını kəsməsinin səbəbi oğlunu anasına vermək istəməməsi olub: "Buna səbəb qayınatası və yoldaşı arasında son günlər baş verən mübahisə olub. Yoldaşı bundan ayrılmaq istəyirdi. Uşağın biri kənddə, bizimlə qalırdı. Biri də anası ilə qalırdı. Onlar da məhkəməyə verib, uşağı qardaşımdan almaq istəyirdilər. Bunların rəsmi nikahları belə yoxdur. Yoldaşı atası ilə birləşib uşağı almaq istəyirdi. Bu da vermirdi. Axırı da belə dəhşətlə sona çatdı”. Dəhşətli qətli törədən Z.İsgəndərov daha sonra qardaşına zəng edib və oğlunu öldürdüyünü söyləyib: "Çox vaxt axşamlar uşağı kəndə mağazaya aparırdı. Elə həmin gün də bu adla uşağı evdən götürüb. Qardaşım içki içən idi. Amma uşağa indiyə qədər bir sillə belə vurduğunu görməmişəm. İçəndən sonra başqaları ilə dalaşardı, onları söyərdi. Amma uşağına heç nə etməzdi. Axşam zəng elədi dedi ki, uşağın başını kəsmişəm. Dəhşətə gəldim, inanmadım. Dedi ki, filan yerdədir, gedin götürün”.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Tükürpədici olayla bağlı "Şərq”ə danışan "Gənc Psixoloqlar” İctimai Birliyinin sədri, psixoloq Orxan Oruc hesab edir ki, cəmiyyət üçün yararlı olmağın ən vacib xüsusiyyətlərindən biri də fərdin psixi sağlam olmasıdır. Psixi sağlam olan insanın hadisələri müşahidə analiz etmə qabiliyyəti, dəyərləndirmə bacarığı da sağlam olur ki, bu da hadisələrə və insanlara verilən reaksiyaları təhlükəsizləşdirir: "Bəşəriyyət yaranandan bu günə qədər hər kəs üçün həyatda ən vacib şəxslərdən biri də onun övladlarıdır. Əgər hər hansı bir şəxs öz övladını, xüsusilə də əgər həmin övladın cəmi 6 yaşı varsa, xüsusi amansızlıqla qətlə yetirirsə, sözsüz ki, burda psixoloji məqamlar mütləq təhlil olunmalıdır. Ola bilər, atanın keçirdiyi kəskin emossional vəziyyət bu cür cinayətlə nəticələnən davranışın baş verməsinə səbəb olub. Hadisənin affekt halında baş verib-verməməsini təbii ki, məhkəmə-tibbi ekspertizasının psixiatrları müəyyənləşdirəcəklər. İstənilən halda, bu kimi cinayətlərə haqq qazandırmaq mümkün deyil. Əksər vaxt qonşudakı, qohumdakı ailələrdə müşahidə etdiyimiz aqressiv davranışlarla bağlı laqeyd münasibət nümayiş etdiririk. Mütləqdir ki, həmin şəxs uşağını qətlə yetirənə qədər də ona qarşı şiddət nümayiş etdirib. Ancaq bəzən bu kimi şiddətlərə tərbiyələndirmə prosesi kimi baxmağımız məhz bu cür cinayətlərlə rastlaşmağımıza səbəb olur”.
Psixoloqun sözlərinə görə, buna bənzər xarakterli cinayətlərin çoxalmasının bir səbəbi də, elə məhz bu cür xəbərlərin kütləviləşdirilməsidir: "Hər bir vicdanlı, vətəninə, cəmiyyətinə yararlı olmaq istəyən jurnalist xəbər hazırlamamışdan öncə özünə sual verməlidir, bu xəbərlə mən nəyə nail oluram, insanlara hansı faydanı verirəm? Əgər bu suallara sağlam niyyətli cavab yoxdusa, həmin xəbəri kütləviləşdirməyə ehtiyac yoxdur. Çünki bu kimi cinayət xəbərləri şüuraltı olaraq digərlərinə də ötürülür. Və "heç vaxt mən belə hərəkət etmərəm” deyən şəxs belə iradə zəifliyi səbəbindən affekt vəziyyətində eyni davranışı təkrarlayır. Və beləliklə bu kimi cinayətlər həndəsi silsilə ilə artır”.
Şəymən