"Təbii ki, kiməsə “filan adı qoy və yaxud qoyma” deyə təzyiq edə bilmərik. Amma tutaq ki, valideynin psixoloji durumu normal deyil və tutub uşağın barmağını kəsmək istəyir. Ona icazə verərlərmi?"
Övladına Arenda, Təkər adı qoymaq istəyənlər olub
Valideynlərin uşaqlarını gülüş hədəfinə çevirmək istəməsinə anlam vermək olmur
"Təbii ki, kiməsə “filan adı qoy və yaxud qoyma” deyə təzyiq edə bilmərik. Amma tutaq ki, valideynin psixoloji durumu normal deyil və tutub uşağın barmağını kəsmək istəyir. Ona icazə verərlərmi?"
"Təbii ki, kiməsə “filan adı qoy və yaxud qoyma” deyə təzyiq edə bilmərik. Amma tutaq ki, valideynin psixoloji durumu normal deyil və tutub uşağın barmağını kəsmək istəyir. Ona icazə verərlərmi?"
2019-cu ildə Azərbaycanda Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına adlarla bağlı 50-yə yaxın müraciət daxil olub. Komissiyanın sədr müavini, professor Sayalı Sadıqovanın sözlərinə görə, bəzi adların uşaqlara qoyulması ilə bağlı müraciətlərə mənfi cavab verilib: "Bu il valideynlər bizim quruma yeni doğulan uşaqlarına Rozef, Arenda, Təkər, Mirasoel və Cahardəst adlarının qoyulması üçün müraciət ediblər. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri adların qoyulması və ya dəyişdirilməsi ilə bağlı edilən müraciətlərə mənfi cavab verib”.
S.Sadıqova bildirib ki, valideynlər uşaqlarına maşın adları da qoymaq istəyib: "Maşınla bağlı cizgi filmin qəhrəmanı olan Makvin, maşın markası Lada adlarını qoymaq istəyənlər də olub”.
Uşaqlara ad qoyulmasının mühüm amil olduğu hər birimizə bəllidir. Valideynlərin bu mövzuda xüsusi diqqət göstərməsi vacib olsa da, bəzən adların qoyulması ilə bağlı xoşagəlməz hallarla qarşılaşırıq. Fərqlilik etmək, qeyri-adi ad seçmək istəyənlər təəssüf ki, bunun gələcəkdə övladlarına psixoloji zərbə olacağını düşünmürlər. Hətta neçə dəfələrlə şahidi olmuşuq ki, 18 yaşına çatan gənclərin bir çoxu adlarından utandıqları üçün müvafiq quruma müraciət edərək adlarını dəyişdiriblər. Nəticədə buna görə də qınaq obyekti olublar.
Uşaqlara ad qoymaq çox vaxt ailələrdə mübahisəli mövzu olur. Kimisi yaşlı nənə-babanın adını uşaqlarında yaşatmaq istəyir, kimisi baxdığı serial qəhrəmanının adını verir, kimisi də hansısa məşhurun. Amma seçilən adın uşaq psixologiyasına təsiri önəmlidir.
Bəs adından məmnun olmayan, hətta utanan şəxslərin günahlandırılması nə dərəcədə ədalətlidir? Valideynlər övladına ad verəndə nələrə diqqət etməlidirlər?
Sosioloq-alim Əhməd Qəşəmoğlu "Şərq”ə açıqlamasında uşaqlara ad qoyulmasının çox ciddi nüans olduğunu deyib. O bildirib ki, valideynlərin bu mövzuda diqqətli olması vacibdir:
"Təəssüf ki, bəzən valideynlər uşağa əcaib adlar qoymağı təklif edirlər. Bu, yeni hadisə deyil. Əvvəllər də bu cür hallarla tez-tez qarşılaşırdıq. Mən hələ uşaq olanda Sisian rayonundan Naxçıvana köçüb gələnlər arasında Qurultay, Kominist, Traktor, Kombayn kimi adlar var idi. Bizim camaat həmişə o adları çox gülünc qarşılayırdılar. O zamanlardan bəri müşahidə edirdim ki, kimsə qəribə adlara gülür və həmin adamı ələ salır. Bu olduqca incə və həssas bir məsələdir. Bir tərəfdən valideynin arzusu və istəyindən söhbət gedir. Lakin valideyn də gülünc adlar qoymaqla ilk növbədə övladının hüquqlarını tapdalayır. Uşağa elə ad qoyurlar ki, o, bütün ömrü boyu rişxənd mənbəyinə çevrilir. Təbii ki, kiməsə "filan adı qoy və yaxud qoyma” deyə təzyiq edə bilmərik. Amma tutaq ki, valideynin psixoloji durumu normal deyil və tutub uşağın barmağını kəsmək istəyir. Ona icazə verərlərmi? Əlbəttə yox. Ona görə də uşağa adın qoyulmasına da məhz bu məntiqlə yanaşmalıyıq. Düşünməliyik ki, bu ad gələcəkdə uşağa problem yaradacaqmı?”.
Sosioloq qeyd edib ki, ad üçün müraciət edilən qurumlarda çalışanlar valideynə hansısa adı qoyub-qoymamaqla bağlı göstəriş verməli deyil. Bunun üçün ayrıca komissiya yaratmaq, mübahisəli ad olarasa, müzakirə etmək lazımdır:
"Bir vaxtlar Cəfər Cabbarlının əsərlərində Sevil, Yaşar və s. adlar var idi. Bu adlar sonradan çox məşhurlaşdı və hər kəs uşağına əsərdəki qəhrəmanların adlarını qoymağa başladı. Bəzən yazıçılarımız çox gözəl adlar təklif edirdilər. Bir vaxtlar Rəsul Rza oğlunun adını Anar qoymaq istədiyini deyirdi. Lazımi quruma gedəndə isə ona bildiriblər ki, bizim valideynin arzusunu yerinə yetirməmək ixtiyarımız var. Ona görə də bu məsələdə olduqca maarifləndirmə işlərinə, qınağa ehtiyac var. Ciddi işləyən və mübahisəli adlarla bağlı problemi həll edə bilən komissiya yaradılmalıdır".
Ə.Qəşəmoğlu uşağa ad qoyulmasının islam dininin də tələbi olduğunu diqqətə çatdırdı:
"Qurani Kərim”də deyilir ki, uşaq anadan olarkən valideynin ilk borcu ona yaxşı bir ad qoymaqdır. İndi müxtəlif meyarları əsas gətirərək hansısa adın yaxşı olduğunu deyə bilərlər. Amma elm və aparılan tədqiqatlara görə, o adlar yaxşıdır ki, onlar səslənəndə həm məna və məzmunca müsbət əvhal-ruhiyyə yaradır, həm də saitləri çox olur.
İndi "Valeologiya” adlı elm sahəsi hər bir adın, işarənin və sözün energetikasını hesablaya bilir. Bu elmlə hansısa adın energetikasını hesablayanda baxırsan ki, "a” və yaxud başqa saitlər olan adlar daha melodik səslənir və xoş əhvala səbəb olur. Deməli, ad qoyanda ilk növbədə onun məzmununa və səslənməsinə fikir verilməlidir. Düşünmək lazımdır ki, bu ad insanların ovqatına necə təsir edəcək.
Yaxşı ad o olacaq ki, həm məzmununa, həm də səslənməsinə görə energetik dalğalanma yaradacaq. Ona görə də adların qoyulması istiqamətində ciddi işlər görmək lazımdır”.
Bəzən oğlanlara qız adının qoyulduğunu deyən Ə.Qəşəmoğlu bunun olduqca yanlış və gülünc olduğunu da vurğuladı:
"Bir gün mənə nömrə verdilər və telefon sahibinin adının Sədaqət olduğunu söylədilər. Zəng edəndə telefondakı şəxsdən Sədaqət xanımı çağırmasını xahiş etdim. Amma sonra məlum oldu ki, Sədaqət kişinin adıdır. Təsəvvür edin həmin şəxs bütün ömrü boyu belə xoşagəlməz hadisə ilə qarşılaşıb.
Tələbələrimdən birinin adı isə Canan idi. Semestr bitənə qədər həmin qızın adını mən çəkmirdim. Uşağa necə deyəsən ki, "Canan, gəl çıx lövhəyə”?. Axı valideynlər niyə başa düşmürlər ki, qızın adını Canan qoymaq düz deyil. Kənardan kimsə onu səsləyəndə bu heç də xoş görünmür. Belə hallar yolverilməzdir. Çünki bu cür neqativ adlar gələcəkdə həm uşaq, həm də cəmiyyətin özü üçün pis göstəricidir”.
Yeganə Bayramova