"Oxumayan tələbənin ali məktəbdə nə işi var !?"




Universitetə daxil olduqdan sonra qaçqın olub,olmamasından asılı olmayaraq oxumayan tələbələr xaric edilməlidir. 

Bunu Sherg.az-a Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayevin qaçqın tələbələrin ödənişsiz təhsil almasına məhdudiyyət qoyulması təklifinə münasibət bildirərkən, millət vəkili Aqil Abbas deyib. 

Deputat qeyd edib ki, qaçqın və məcburi köçkün tələbələrin ödənişsiz təhsil almasına o halda hədd qoyula bilər ki, onların akademik göstəriciləri zəif olsun: 

"Qaçqın tələbələrin dövlət ali məktəblərində ödənişli təhsil alması düzgün deyil. Özəl universitetlərdə də geniş güzəştlər olunur, hətta onlar təhsil haqlarından azad olunur. Lakin bu tələbələr universitetdə ödənişsiz təhsil almalarından istifadə edib, yaxşı oxumurlarsa, onda hər hansı tədbirlər görülə bilər. Ümumiyyətlə, düşünürəm ki, qaçqın oldu olmadı belə, oxumayan tələbələr universitetdən xaric edilməlidir. Birdəfəlik olmasa da, ağlı başına gələnə qədər həmin tələbəni ali məktəblərdən uzaqlaşdırmaq lazımdır ki, təhsilin keyfiyyəti artsın. Nəzərə almaq lazımdır ki, oxumayan hər tələbə bir oxuyanın yerini alır.

A.Abbas əlavə edib ki, burda başqa hal da yaranır ki, ödənişsiz oxuyan qaçqın tələbələrin qiymətləri bilərəkdən aşağı salınar və onlardan təhsil haqqı tələb edə bilərlər:

"Bu artıq universitetlərdə sui-istifadə hallarına səbəb olar".

Qeyd edək ki, ADA-nın rektoru Hafiz Paşayev deyib ki, özəl universitetlərə müraciət edən tələbələr təhsil haqqından - ödənişdən azad olunurlar. Ancaq bu məsələyə qayıdıb, rektorlarla birgə bunu müzakirə etmək lazımdır.

Ayyət Əhməd