Baxçalı AKP-nin blokadasını dağıtdı, sədr hakim partiyadan seçildi
Türkiyədə Hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputat İsmət Yılmaz Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib. Səsvermənin dördüncü turunda İsmət Yılmaz və Cümhuriyyət Xalq Partiyasının namizədi Dəniz Baykal mübarizə aparıblar. İsmət Yılmaz 258 deputatın səsini qazanaraq parlamentin sədri seçilib.
Parlamentdə ilk çıxışını edən sədr hər kəsə eyni məsafə ilə yaxınlaşacağını bəyan edib: "Vəzifədə qaldığım müddətcə tərəfsiz xidmət göstərəcəm. Buna söz verirəm. Görüləcək işlərimiz çoxdur. Qum saatı işləməkdədir. Millətimiz yeni bir anayasa gözləyir”. Parlament seçimini şərh edən ekspertlərə görə, artıq AKP-yə qarşı qurulan müxalifət bloku dağılıb. Bloku dağıdan isə MHP sədri Dövlət Baxçalı olub. Baxçalının seçkidə Dəniz Baykalı dəstəkləməməsi və 80 deputatını bitərəf qoyması CHP-liləri, hətta HDP-liləri narazı salıb.
"MHP və CHP ilə eyni məsafədəyik”
Koalisiya ilə bağlı müzakirələri şəffaf şəkildə həyata keçirdiklərini deyən baş nazir Əhməd Davudoğlu üç partiya ilə görüşəndən sonra yekun qərarlarını verəcəklərini deyib: "MHP ilə yaxınlaşmamız olmadı. Hər kəslə eyni uzaqlıqda dayanmışıq. MHP-nin qərarına sayğı duyuram. Öz namizədlərinin arxasında dayandılar, bizə səs vermədilər. Amma digər namizədə də səs vermədilər. MHP ilk gündən dedi ki, "bu partiya o partiya ilə koalisiya qursun”. Bu, MHP-nin işi deyil. Hər kəs həddini bilsin. Koalisiyaya ən az ehtiyacı olan partiya AKP-dir. Amma Türkiyənin bir saat belə hökumətsiz qalmağa vaxtı yoxdur. Hər şey müxalif partiyaların mövqeyindən asılıdır. Təəssüflər olsun ki, onların indiki mövqeyi nikbin olmağıma imkan vermir. Mən ilk turda bir-bir liderləri ziyarət edəcəm. Heç bir gizli bazarlıq olmayacaq. Siyasi əxlaqa zidd heç bir təklif edilməyəcək. Hər şey əhalinin gözü önündə olacaq.
"Böyük ehtimalla hazırda AKP ilə MHP arasında danışıqlar gedir”
Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev deyib ki, MHP koalisiyanın qurulması üçün kilid partiya olduğunu bilir: "Aydındır ki, AKP-ni təmsil edən İsmət Yılmazın seçilməsində MHP-nin də rolu var. Baxçalının "4-cü turda 80 deputatımız bitərəf qalacaq” açıqlaması əslində sədr seçiminin nəticəsini bəlli etdi. MHP bununla CHP-nin məclis başqanlığının qarşısını aldı. Böyük ehtimalla hazırda AKP ilə MHP arasında danışıqlar gedir. İsmət Yılmazın başqan seçilməsi də iki partiya arasında olan razılığın bariz nümunəsidir. Nəyə görə AKP Məclis başqanlığının özündə qalmasını istəyir? Ona görə ki, tam olmasa da, Türkiyədə parlament sədrinin məclisi idarəetmə səlahiyyəti var. Düzdür, spiker məsələlərin gündəliyə gətirilməsində və qəbulunda səlahiyyət sahibi deyil. Amma ən azından iqtidar üçün önəmli strukturdur”.
"Müxalif partiyalar erkən seçimi çıxış yolu hesab etmirlər”
F.Mehdiyevin sözlərinə görə, əsas məsələ MHP-yə veriləcək nazirliklərdir: "İki partiya arasında bazarlıq bunun üzərində gedir. Əlbəttə, danışıqlar gizli aparılır. Hələlik hansı məsələlərdə razılıq olduğunu söyləmək çətindir. Çox güman ki, bunu koalisiya qurulduqdan sonra biləcəyik. Əgər koalisiya qurulmadan erkən seçkilər keçirilsə, partiyaların səs faizində elə də ciddi fərq müşahidə olunmayacaq. Bu səbəbdən partiyalar, xüsusən də müxalif partiyalar bunu çıxış yolu hesab etmir. Əgər MHP ağıllı hərəkət etsə və hakim partiya ilə koalisiya qursa, müəyyən dərəcədə AKP-nin səsini azalda, öz səsini artıra bilər. Çünki bu iki partiyanın sosial dabanı eynidir, ikisi də sağçı kəsimə malikdir. Hazırda MHP bunun hesabını edir”.
"AKP istəyir ki, hökumət qurulmadan erkən seçkiyə getsin”
Politoloqun sözlərinə görə, MHP əvvəllər irəli sürdüyü şərtlərdə bir qədər güzəştə gedəcək: "Ən azından "çözüm sürəcində” AKP-yə söz verəcəksə, onu yerinə yetirməyə məcbur olacaq. Amma rüşvət və s. məsələlərdə yenə öz bildiyini edəcək. Məsələn, hansısa məsələ parlamentdə səsə qoyulanda MHP-li deputatlar onun lehinə və əleyhinə səs verə bilərlər. AKP bunun qarşısını ala bilməz. Yenə deyirəm, MHP müəyyən sözlər verib koalisiya qura, amma sonra öz köhnə siyasətini davam etdirə bilər. AKP isə istəyir ki, heç bir hökumət qurulmadan erkən seçkiyə getsin. Lakin hakim partiya elə davranmalıdır ki, təkrar seçkilərdə səsini artırmağa qadir olsun. Yəni AKP istəyir ki, xalq koalisiyanın qurulmamasında onları günahlandırmasın və bir teatr quraraq deyir ki, "baxın, ey camaat, biz koalisiya təklifi etdik, amma heç bir partiya buna yanaşmadı. Deməli, bizdən başqası bu hakimiyyətə layiq deyil”.
İsmayıl