Özəl universitetlərə qəbul niyə azaldılıb ? - AÇIQLANDI

Məlahət Mürşüdlü: "İqtisadi vəziyyət özəl universitetlərdə plan yerlərinin azalmasına gətirib çıxarır"


"Özəl universitetlərə qəbul planının azaldılması ödənişlərlə əlaqədardır”.

Bunu Sherg.az-a Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyib. 

O bildirib ki, əhalinin iqtisadi çətinlikləri təhsil sahəsinə də birmənalı təsir göstərir:

"Özəl universitetlərdə dövlət təhsil müəssisələrinə nisbətən ödəniş haqqı yüksəkdir. Ona görə, dövlət universitetlərinə üz tutanlar daha çox olur və özəl universitetlərdə plan yerləri boş qalır. Məsələn, bir özəl universitetə həmin ixtisas üzrə illik 3 min manat ödənirsə, dövlət universitetində 2 min 500 manata uyğun ixtisas seçmək olur. Nəticədə həmin ailələr 500 manat qənaət edir. Buna görə də iqtisadi vəziyyət özəl universitetlərdə plan yerlərinin azalmasına gətirib çıxarır. Özəl universitetlər müəllim heyəti, texniki təminat baxımından kifayət qədər təmin olunub və problem yaşanmır. Sadəcə ödənişlərdə olan fərqə görə, plan yerlərinin azalması müşahidə olunur”.

Qeyd edək ki, 2017/2018-ci tədris ili üzrə qeyri-dövlət ali təhsil müəssisələrinə (özəl ali məktəblər) ayrılan plan yerlərinin sayı azaldılıb. 2016/2017-ci tədris ili üzrə özəl ali məktəblərə qəbul planı 7 038 olmuşdusa, növbəti tədris ili üçün bu rəqəm 6195 olacaq.

Ayyət Əhməd