“Özüm ərizəmi yazmışam”

Baba Yaşaroğlu: “Hələ yeni iş təklifi gəlməyib”



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətinin rəhbəri postuna yeni təyinat olub. Məlumata görə, qərar Rəyasət Heyətinin bu günlərdə keçirilən iclasında verilib. Səbuhi Qəhrəmanov müvafiq əmrlə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.

Məlumat üçün bildirək ki, bu təyinatdan öncə, qurumda həmin vəzifəni Baba Yaşaroğlu icra edirdi.

B.Yaşaroğlunun əvəzolunmasının səbəblərini öyrənmək məqsədilə özü ilə əlaqə saxladıq. O, "Şərq”ə söylədi ki, işdən öz xahişi ilə çıxarılıb: "Akademiyanın prezidenti, akademik Akif Əlizadədən tutmuş, qurumun sıravi işçilərinə qədər hər kəs fəaliyyətimi bilir və xidmətlərimdən razı olduqlarını deyirdilər. Sadəcə, müəyyən işlərim var, ona görə, ərizəmi yazıb, işdən azad olunmağımı xahiş etdim. Onlar da xahişimi yerinə yetirdilər. İnanıram ki, yerimə təyin olunan kadr da öz innovativ və kreativ ideyaları ilə akademiyanın təbliğinə müsbət töhfələrini verəcək”.

Həmkarımızın sözlərinə görə, hələ ki, yeni iş təklifi almayıb: "Sadəcə, yeni layihələr var. Onları həyata keçirmək istəyirdim. İşlə mümkün olmurdu. Ona görə də qərara aldım ki, işdən çıxsam, həmin ideyaları gerçəkləşdirə bilərəm. Həm də heç bir vəzifə əbədi deyil. Yerimə təyin olunan S.Qəhrəmanov da kifayət qədər təcrübəlidir. İnanıram ki, akademiyanı layiqincə təmsil edə biləcək”.

Ayyət Əhməd