Papa 30 il evli bir qadınla “gizli eşq” yaşayıb

Mərhum Roma Papası John Paul II -un ərli qadınla 30 ildən artıq sürən çox yaxın münasibətlərindən xəbər verən yüzlərlə məktub və fotoşəkil BBC redaksiyasına təqdim olunub. Polşa əsilli Amerika filosofu Anna-Teresa Tymienieckanın məktubları illər boyu Polşa Dövlət Arxivində gözdən uzaq saxlanıb. Bu sənədlər 2005-ci ildə vəfat etmiş müqəddəs atanın çox nadir hallarda görünən tərəfinə işıq salıb.
Papanın evlənməmək əhdini pozduğunu göstərən heç bir dəlil yoxdur. Onların dostluğu 1973-cü ildə, Tymieniecka gələcək Papa, Krakov arxiyepiskopu kardinal Karol Wojtyla ilə görüşüb keşişin yazmış olduğu fəlsəfə kitabını müzakirə etmək istəyərkən başlanmışdı. O vaxtlar 50 yaşlı amerikalı qadın Polşaya işlə əlaqədar səfər etmişdi. Bundan az sonra onlar məktublaşmağa başlamışdılar. Başlanğıcda kardinalın məktubları rəsmi xarakter daşıyırdı, lakin dostluq dərinləşdikcə məktublar daha məhrəm olmağa başlayıb. Onlar kardinalın "Icraçı” (Acting Person) kitabının genişləndirilmiş versiyası üzərində birlikdə işləməyi qərara almışdılar. Dəfələrlə, çox vaxt kardinalın katibinin iştirakı ilə, bəzən isə təklikdə görüşmüşdülər. Aralarındakı məktublaşma isə ara verməmişdi.
1974-cü ildə o yazırdı ki, xanım Tymienieckanın bir ay ərzində göndərdiyi dörd məktubu təkrar-təkrar oxuyur, çünki bu məktublar "məzmunca dərin və şəxsi idi”.
Əvvəllər heç vaxt üzə çıxarılmamış fotolarda Karol Wojtyla çox asudə görünür. O, xanım Tymienieckanı kənd yerlərində gəzintilərə və xizək tətillərinə dəvət edirdi. Xanım Tymieniecka hətta onun qrupla düşərgə səyahətinə də qoşulmuşdu. Bəzi fotolarda onların Vatikanda görüşdükləri əks olunub.
"Bu fotolarda 20-ci əsrin bir ovuc nəhəng fiqurları əks olunub. Bu fotolarda katolik kilsəsi başçısının çox cazibədar bir qadınla sıx münasibətlərini görürük” - deyir Cambridge Universitetinin xristianlıq tarixi professoru Eamon Duffy. 1976-cı ildə kardinal Wojtyla ABŞ-da keçirilən katolik konfransında iştirak etmişdi. Xanım Tymieniecka onu istirahət üçün New England-dakı ailənin bağ evinə dəvət etmişdi.
Qadının məktubları onların arasındakı münasibətlərin son dərəcə yaxınlığını göstərirdi, çünki kardinalın da məktubları onun xristianlıq vəzifələri fövqündə bu münasibətlərə məna vermək çırpıntıları keçirdiyini büruzə verirdi. 1976-cı ilin sentyabr tarixli məktublarından birində kardinal yazırdı: "Əzizim Teresa, üç məktubun hamısını aldım. Yazırsan ki, ikiyə parçalanırsan, lakin sənin bu sözlərinə mənim cavabım yoxdur”. Bununla belə o, Teresanı "Allah hədiyyəsi” adlandırırdı.
BBC xanım Tymienieckanın heç bir məktubunu görməyib. Belə güman edilir ki, bu məkrubların surətləri onun ölümündən 6 il əvvəl, 2008-ci ildə Polşa Dövlət Arxivinə satılıb.
Lakin BBC redaksiyasına təqdim edilmiş məktubların arasında Tymienieckaya aid olanları yox idi. Polşa Dövlət Arxivi bu məktubların orada saxlanıldığını təsdiq etməyib. Məktubların satılması barədə danışıqalr aparmış nadir əlyazmaları dəllalı Marsha Malinowski deyir ki, o münasibətlərin erkən mərhələsində xanım Tymienieckanın kardinal Wojtylaya vurğun olduğuna əmindir. "Məncə bu, onların məktublarında tamamilə əksini tapıb” - deyib ekspert.
Məktublardan bəlli olur ki, kardinal Wojtyla xanım Tymieniecka-ya özünün ən dəyərli təbərrüklərindən birini - skapyular kimi tanınan ikonalı sinəbəndini bağışlayıb. 10 sentyabr 1976-cı il tarixli məktubunda kardinal yazırdı: "Mən sənə məxsusam və nəhayət Polşanı tərk etməzdən əvvəl çıxış yolu tapmışam: bu bir sinəbənddir. Bu elə bir ölçüdür ki, burada mən səni bütün situasiyalarda qəbul və hiss edirəm. İstər sən uzaqda, istərsə də yaxında olanda”.
Papa olandan sonra isə o belə yazmışdı: "Mən mərasimdən sonra yazıram və bu o deməkdir ki, bizim yazışmamız davam etməlidir. Mən sənə söz verirəm ki, səyahətimin bu mərhələsində olan hər bir şeyi xatırlayacağam”.
Kardinal Wojtylanın bir neçə qadın dostu olub. O, psixiatr Wanda Poltawska ilə də onilliklər boyu məktublaşıb. Lakin onun xanım Tymienieckaya məktubları bəzən son dərəcə emosionaldır. Bu məktublarda onun bu münasibətin mənası ilə çarpışdığı hiss edilir. Papa John Paul II 27 illik hakimiyyətdən sonra 2005-ci ildə vəfat edib. O, 2014-cü ildə müqəddəs elan edilib.
Qüdsiləşdirmə prosesi adətən uzun və əziyyətli bir işdir, lakin John Paul II müqəddəsliyə cəmi 9 ilin ərzində yüksəlmişdi. Bir qayda olaraq, Vatikan kimi isə müqəddəsləşdirəndə həmin şəxsin ictimai və şəxsi yazılarının hamısı təftiş edilir, lakin BBC ona verilmiş məktubların belə bir yoxlamadan keçib-keçmədiyini bilmir. Müqəddəslərin kanonlaşdırılması üzrə Konqreqasiya (The Congregation for the Causes of Saints) bildirir ki, şəxsi sənədlərin açıqlanması hər bir katolikin özünə bağlıdır və burada məcburiyyət yoxdur.
"Biz öz vəzifəmizi icra etmişik, - deyilir qurumun rəsmi bəyanatında, - Ruhani atanın göndərdiyi və mühüm arxivlərdən tapılmış bütün sənədlər lazımınca öyrənilib”.
Polşa Dövlət Arxivi bildirir ki, bu, unikal münasibətlər olub. Arxiv əlavə edib ki, Papa həyatı boyunca çox sayda belə mehriban münasibətlər yaşayıb.