Parad bir daha hərbi qüdrətimizi təsdiqlədi

Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlara malikdir
“Düşmən və onun havadarlarına bəyan etdik ki, siz Azərbaycan ordusunun qarşısında tab gətirə bilməzsiniz”



İyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad hamımızı qürurlandırdı. Hərbi parad yenilməz Azərbaycan Ordusunun güc və qüdrətinin bütün dünyaya nümayişi və mesajı oldu. Bir daha sübut olundu ki, güclü iqtisadiyyata söykənən güclü ordu formulu Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilib.

Ölkəmizin iqtisadi inkişaf tempi Silahlı Qüvvələrin müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb. Həqiqətən, sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Ali Baş Komandan İlham Əliyev paradda Milli Ordumuzun son illərdəki uğurları ilə bağlı möhtəşəm nitqi ilə bütün dünyaya, eləcə də işğalçı Ermənistana çox mühüm mesajlar verdi. 

Bəyan etdi ki, biz çox güclü ordu yaratmışıq: "Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər”. Şübhəsiz, bütün bu uğurlar heç də asanlıqla qazanılmayıb. Müstəqilliyimizin ilk vaxtlarında ölkədəki hərc-mərclik, çəkişmələr, silahlı qarşıdurmalar ordumuza da sirayət edib. 

Zabit və əsgərlər müxtəlif siyasi qruplaşmaların təsiri altına düşdüklərindən bir çox problemlər yaranıb. Bütün bunlara yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi ilə son qoyulub. Ümummilli lider Heydər Əliyev ilk gündən ordu quruculuğu məsələlərinə xüsusi diqqət yetirib. Nizami ordu quruculuğu yolunda ciddi addımlar atılıb. 

Ulu öndərin ordu quruculuğu strategiyası bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı bir qayda olaraq bütün çıxışlarında ordu quruculuğu məsələlərinə toxunaraq bildirir ki, hər bir sahədə qazanılan uğurlar dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini və vətənpərvərliyini nümayiş etdirir. Ordumuz tam müasir, yüksək dağıdıcı gücə malik və düşməni dəqiqliklə məhv edə bilən silahlarla təchiz edilib. Güclü iqtisadiyyata mütənasib güclü ordu formulu ötən 15 ildə Prezident İlham Əliyevin fəaliyyətinin əsas qayələrindən birinə çevrilib. 

Ali Baş Komandanımızın son illər ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusu kimi bütün dünyaya səs salıb. Bu gün beynəlxalq araşdırma mərkəzləri dünyanın ən güclü ordularının siyahısını tərtib edərkən Azərbaycan Ordusuna da xüsusi diqqət ayırırlar. Bir sıra ölkələrin yer aldığı reytinq siyahısında Azərbaycan Ordusu layiqli yerini tutur. 

Dövlət başçısının silahlı qüvvələrdə islahatların davam etdirilməsini, ordu quruculuğunun daha müasir metodlarla həyata keçirilməsini, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasının prioritet vəzifələr kimi müəyyənləşdirməsi bütün ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Eyni zamanda, ordumuzun güclənməsi Ermənistanla aparılan danışıqların ədalətli şəkildə yekunlaşmayacağı təqdirdə işğal altında olan ərazilərin azad edilməsi üçün Azərbaycanın üstünlüyünü təmin edir. Ermənistan hakimyyətində bunu yaxşı anlayır və ciddi təlaş keçirirlər. Azərbaycan hələlik sülh danışıqlarına sadiqdir. Təcavüzkar Ermənistanın qeyri-konstruktivlikdən əl çəkməyəcəyi, işğal olunmuş torpaqlarımızı öz xoşu ilə azad etməyəcəyi təqdirdə Azərbaycan Ordusu öz sözünü deyəcək.

 Reallıq ondan ibarətdir ki, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazırdır. Bu gün Azərbaycan bayrağının Talış zirvəsində, Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərində əzəmətlə dalğalanması, strateji əhəmiyyət daşıyan bu yüksəkliklərin geri qaytarılması bir daha sübut edir ki, Azərbaycan məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz tarixi torpaqlarını tezliklə geri qaytaracaq. Respublikamızın ərazi bütövlüyü bərpa olunacaq. Üçrəngli bayrağımız Şuşada, Xankəndində, Laçında və işğal altında olan hər qarış Vətən torpağında vüqarla dalğalanacaq. Bunun üçün Azərbaycanın nəhəng iqtisadiyyatı, qüdrətli ordusu, qətiyyətli lideri, xalq-iqtidar birliyi mövcuddur.

Milli Məclisin deputatı Elman Məmmədov da düşünür ki, Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer alır və düşmən silahlı qüvvələrini ən azı 30 pillədən çox qabaqlayır: "Bunu biz deyil, nüfuzlu beynəlxalq təşkilatlar öz hesabatlarında göstərirlər. Azərbaycan ordusunda nizam-intizam, ideoloji iş, vətənpərvərlik, mübarizlik, döyüş ruhu, fiziki hərbi hazırlıq ən yüksək səviyyədədir. 

Bütün bunlar silahlı qüvvələrimizin döyüş hazırlığının, qabiliyyətinin yüksək səviyyədə olduğundan xəbər verir. Azərbaycan əsgəri bilir ki, o, yağı düşmənlə üz-üzədir və işğal olunmuş torpaqları azad etməlidir. Məhz bu amil ordumuzu daha da güclü edir”. 

Deputat söyləyib ki, ölkəmiz bu paradla ordumuzun yaranma gününü qeyd etməklə yanaşı, dünyaya və düşmənə hərbi gücümüzü göstərmiş oldu: "Düşmən və onun havadarlarına bəyan etdik ki, siz Azərbaycan ordusunun qarşısında tab gətirə bilməzsiniz. Hesab edirəm ki, düşmən gördüklərindən nəticə çıxarmalıdır. Əks təqdirdə hərbi parad nümayiş etdirilən silah-sursatın daha böyük arsenalı onlara tərəf tuşlanaraq, düşmənləri darmadağın edəcək. Əgər düşmən bunu görməzdən gəlirsə, heç olmasa, havadarları Ermənistana ordumuzun qarşısında aciz qaldığını başa salmalıdır”.

Qarşıdakı dövrdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar dəyişikliklərə toxunan E.Məmmədov qeyd edib ki, dünyada mövcud olan qaydalara əsasən sülh istəmək üçün müharibəyə hazır olmaq lazımdır: "Nəyəsə nail olmaq üçün güclü olmalısan, gücsüz dövlətin diplomatiyası ilə heç nə əldə etmək mümkün deyil. Bu gün Azərbaycanın bütün sahələrdə gücü var və ölkəmiz düşməndən istənilən sahədə dəfələrlə üstündür. Bu gücə güvənərək tezliklə torpaqlarımızı işğaldan azad edəcəyik”.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli də bildirib ki, parad gücümüzü, real qələbələrimizi bir daha ortaya qoydu: 

"Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümü münasibətilə Bakıda keçirilən Hərbi Parad onu göstərdi ki, Azərbaycan Ordusu son model texnologiyalarla, silahlarla təmin və təchiz olunub. Bu onu göstərir ki, həmin silahları almaq üçün əlbəttə ki, güclü iqtisadiyyata və güclü büdcəyə malik olmaq lazımdır. Ermənistanın büdcəsinin, iqtisadiyyatının hansı vəziyyətdə olması bizlərə bəllidir. Hətta onların ordusu, silahları da kiminsə iradəsi və hədiyyəsi əsasında formalaşır. Bu iradə, hədiyyə isə qarşı tərəfin istəyindən asılıdır. 

Konkret məqamlarda Ermənistana kömək olub-olmayacağı sual altındadır. Amma Azərbaycan tərəfi özü öz müdafiəsi üçün lazım olan ən modern silahları ala bilir və ordusunu bununla təchiz edə bilir. Bu artıq Ermənistana ciddi şəkildə bir mesajdır. Ermənistanın baş naziri Nikol Paşinyanın son dövrlərdəki açıqlamalarından da bu təşviş və mesajın alındığı hiss olunmalıdır. Hesab edirik ki, bu Hərbi Parad Azərbaycanın mövcud gücünü, real qələbələrini bir daha ortaya qoymuş oldu”.

İsmayıl