Prezidentlərin görüşü baş tutsa, təşəbbüskarı Rusiya olacaqSəfərlərin, danışıqların mahiyyəti ondan ibarətdir ki, ləngimədən böyük müharibənin qarşısı alınmalıdır
Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri və Ermənistan Prezidenti Serj Sarkisyanın Moskva səfəri çərçivəsində gündəlikdə olan əsas məsələlərdən biri də Dağlıq Qarabağ problemi olub. Parisdə Qarabağ münaqişəsinin haqlı tərəfləri bir daha aydınlaşıb. Fransa Prezidenti Fransua Olland mövcud status-kvonun qəbuledilməzliyi ilə də razılaşıb:
"Risklər var və biz bunu keçən ilin aprel ayında baş verən insidentdən də gördük. Danışıqlar yenidən bərpa olunmalıdır”.
İki günlük Moskva səfəri çərçivəsində Putinlə Sarkisyan da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə ediblər.
Hər iki ölkə başçısının rəsmi səfərləri fonunda Dağlıq Qarabağ məsələsinə diqqət ayrılması fonunda münaqişənin həlli istiqamətində prezidentlərin görüşünə dair gözləntilər yaradıb.
Siyasi elmlər doktoru, millət vəkili Elman Nəsirli də "Şərq”ə açıqlamasında prezidentlərin görüşünün istisna olmadığını deyib.
Xüsusilə də son günlər Dağlıq Qarabağ probleminin tənzimlənməsi istiqamətində müəyyən intensivlik müşahidə olunduğunu vurğulayan millət vəkili deyib ki, Ermənistan prezidentinin Moskva, Azərbaycan Prezidentinin isə Paris səfəri çərçivəsində dövlət başçıları bir çox məsələləri müzakirə ediblər, amma əsas diqqətçəkən məsələ münaqişənin tənzimlənməsi istiqamətində atılacaq addımlar olub:
"Fransa Prezidenti birmənalı şəkildə Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtının çatdığını və status-kvonun qəbuledilməz olduğunu qeyd etdi. Diplomatik dillə deyilən status-kvo qəbuledilməzdir sözünün el dilində mənası odur ki, Azərbaycanın işğal altındakı rayonları geri qaytarılmalı, ərazilər minalardan təmizlənməli, məcburi köçkünlər doğma yurd-yuvalarına geri dönməli, bölgədə sülhməramlı qüvvələr yerləşdirilməlidir. Düzdür, status-kvonun qəbuledilməzliyi ilə bağlı hər üç həmsədr ölkələrin dövlət başçıları səviyyəsində müəyyən fikirlər səsləndirilib. Amma aprel hadisələrinə qədər bu fikirlərin səsləndirilməsi ilə həmin döyüşlərdən sonra səsləndirilməsi arasında böyük fərq var. Əvvəllər heç bir dövlət Azərbaycanla Ermənistan arasındakı müharibənin real müstəviyə keçəcəyinə ümid etmirdi, amma bu döyüşlər təsdiq elədi ki, status-kvo mütləq dəyişməlidir. Əks halda əməliyyatların geniş miqyasa keçməsi labüd ola bilər. Odur ki, bu səfərlər və aparılan danışıqlarda əsas hasil olan fikir ondan ibarətdir ki, ləngimədən prezidentlər səviyyəsində görüş keçirilməli və status-kvonun dəyişdirilməsi istiqamətində real addımlar atılmalıdır”.
Elman Nəsirli hesab edir ki, baş tutacağı halda görüşün təşəbbüskarı Rusiya olacaq: "Fransua Olland aprel ayında artıq vəzifəsi ilə vidalaşacaq və ölkədə prezident seçkiləri keçiriləcək”.
Prezidentlikdən gedən insanların adətən diqqəti cəlb etmək üçün yaddaqalan addımlar atdığını vurğulayan politoloq deyib ki, Ollandın Dağlıq Qarabağ münaqişəsi məsələsində birmənalı mövqe sərgiləməsi də bununla bağlıdır: "Odur ki, vəzifədən gedənə qədər Ollandın ciddi addımlar atacağını proqnozlaşdırmaq olar. Amma bir şeyin fərqindəyik ki, Ermənistanın mövqeyini dəyişə biləcək əsas güc sahibi Rusiyadır. Rəsmi Moskvanın atdığı addımlar təkcə kəmiyyət yox, keyfiyyət baxımından da seçilə bilər. Amma ABŞ və Fransanın da prosesə layiqli töhfə verməsinə böyük ehtiyac var”.
Şəymən