
Parisin davranışları ikili standart siyasətidir - Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çıxarılmalıdır
Çünki, separatçı Saakyanın qanunsuz səfərlərinin Fransa tərəfindən qarşısının alınması üçün heç bir tədbir görülmür
Hər zamankı kimi Fransa ermənipərəst siyasətini yürütməkdədir. Xatırladaq ki, Fransanın prezidenti Emmanuel Makron Frankafoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana üç günlük səfər etsə də, tarazlığı qorumaq üçün Azərbaycana səfər etmədi. Məsələn, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq, tarazlı münasibəti təmin edir. Bu günlərdə regiona səfər edən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi. Amma Qarabağ münaqişəsinin sülhlə həllində yardımçı olduğunu iddia edən ATƏT-in Minsk qrupu həmsədrlərindən biri olan Fransa bu cür həssaaslığı qorumaq ehtiyyacı görmür. Əksinə, rəsmi Parisin davranışları münaqişənin həllində maraqlı olmadığını göstərir.
Məsələn Fransanın şəhərlərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək işğal altında olan şəhərlərimizlə Fransanın şəhərləri arasında "qardaşlaşma” sazişləri imzalayırlar. Amma Fransa hökuməti tərəfindən bunun qarşısının alınması üçün heç bir tədbir görülmür. Faktiki olaraq 10-dan artıq Fransa şəhəri bu kimi qanunsuz və ilk növbədə Fransa qanunlarını pozan sənədə imza atıb.
Ermənilərin Qarabağda yaratdığı qondarma rejimin "rəhbəri” kimi özünü təqdim edən Bako Saakyan davamlı olaraq Fransaya səfər edir. Amma terrorçu Saakyanın bu qanunsuz səfərinin Fransa hökuməti tərəfindən qarşısının alınması üçün heç bir tədbir görülmür. Azərbaycan vətəndaşları Fransa səfirliyində viza almaq üçün süründürməçilik və bürokratik problemlərlə üzləşdiyi halda, saxta pasport məlumatları ilə Saakyan və digər separatçı ermənilər Fransa ərazisinə asanlıqla daxil olurlar. Halbuki qanuni əsaslarla Fransaya səfər edən Azərbaycan vətəndaşları Fransanın sərhəd-keçid məntəqələrində əsassız sorğu-suallarla qarşılaşırlar. Bu hal mütəmadi təkrarlanır.
Bütün bu kimi hallara yol verən rəsmi Parisin səmimiyyətdən uzaq bəyanatları artıq ürək bulandırır. Məsələn Fransa XİN və Fransanın Azərbaycandakı səfirinin "Fransa "Dağlıq Qarabağ Respublikası”nı tanımır deyə bəyanatı səmimi qəbul edilə bilməz. Belə açıqlamalar sadəcə məsuliyyətdən qaçmaqdan başqa bir şey deyil. Bəyanatla, quruca açıqlama ilə iş bitmir. Əgər Paris səmimidirsə, o zaman açıq və birmənalı şəkildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü, suverenliyini və münaqişənin də bu prinsiplər əsasında həllini dəstəkləməlidir. Amma bunu etmir, separatçılar rahat şəkildə Fransaya daxil olursa, bu ikili standartdır. Saakyan kimi əli günahsız insanların qanına bulaşmış bir separatçı-terroristin qanunsuz səfərinə Fransa tərəfindən göz yumulursa, bu qəbul edilə bilməz. Görünən odur ki, Fransa açıq-aşkar ikili standartlara əsaslanan siyasət yürüdür. Baxmayaraq ki, Cənubi Osetiya, Abxaziya, Transdnestria və Krımdan olan şəxslərin Fransanın ərazisinə daxil olmasına icazə verilmir.
Qarabağ separatçılarına qucaq açmaqla, Fransa Avropa İttifaqı daxilində aparılan müzakirələrdə Aİ-nin Azərbaycan ilə əlaqələrinin inkişafına maneə yaradır.
Yeni Koledoniyada keçirilmiş referendumdan sonra Fransa Prezidenti çıxış edərək müstəmləkə ərazisi olan Kaledoniyanın Fransanın tərkibində qalmasına görə fəxr etdiyini bildirdiyi, Fransa hökuməti Korsikada separatizmə qarşı sərt və kəskin siyasət apardığı halda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur. Bütün bunlar belə qənaət yaradır ki, Fransa qərəzli və qeyri-obyektiv tərəfdir. Bu səbəbdən də Fransa Minsk Qrupunun həmsədrliyindən çıxarılmalıdır. Hələ o zaman, ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu yaradılanda Azərbaycan qəti şəkildə Fransanın həmsədr olmasına etiraz edirdi. O zaman Fransa qərəzsiz və tarazlı siyasət yürüdəcəyinə öhdəlik götürmüşdü. Amma faktiki olaraq Paris üzərinə götürdüyü öhdəliklərə riayət etməməkdədir. Belə bir dövlətin, ermənipərəstlik nümayiş etdirən bir hökumətin Qarabağ münaqişəsinin ədalətli həllində rol oynayacağı inandırıcı deyil.
İctimaiyyət nümayəndələri də belə hesab edirlər ki, Fransa ikili standartlar ortaya qoyduğu üçün, münaqişənin həllində səmimi vasitəçilik edə bilməz. Buna görə də həmsədr olaraq Fransanın Minsk qrupundan uzaqlaşdırılması günün tələbidir.

"Fransa hər zaman ermənipərəst mövqeyini ortaya qoyub. Çünki, bu dövlətdə ermənilər və ermənipərəst qüvvələr çoxdur. Xatırlayırsızsa, Fransanın keçmiş prezidenti Nikola Sarkozi Ermənistanı "Fransanın bacısı” adlandırmışdı”.
Bunu "Sherg.az”a separatçı Saakyana Parisin qucaq açmasını şərh edən Qərb universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirib.
O diqqətə çatdırıb ki, separatçı rejimin nümayəndələrinin rəsmi pasportu yoxdur:
"Qondarma Dağlıq Qarabağ heç kəs tərəfindən tanınan qurum deyil. Azərbaycanın isə ərazi bütövlüyü Qarabağla birlikdə tanınır. Fransa yaxşı dərk edir ki, Saakyan turistik məqsədlə, yaxud adi səyahət üçün Fransaya səfər etməyib. Ordan ianə toplayır, dilənçilik edir, bununla yanaşı Fransa şəhərləri ilə, Azərbaycanın işğalda olan şəhərlərini "qardaşlaşdırır”. Bu da təbii ki, Fransa-Azərbaycan münasibətlərinə zərbədir. Rəsmi Paris bu ikili standartlardan əl çəkməlidir. Açıq şəkildə bildirməlidir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Bunu da əməldə sübuta yetirməlidirlər. Çünki beynəlxalq məntiq belə deyir. Amma Minsk qrupunun üzvünün separatçıya ölkəyə girməyə izn vermələri, ona qucaq açmaları, nə məntiqə, nə də beynəlxalq normalara uyğundur. Bu Fransa ilə Azərbaycan arasındakı münasibətlərin normal inkişafına müsbət təsir göstərə bilməz. Rəsmi Paris buna reaksiya verməli, Fransa XİN açıq şəkildə mövqeyini ortaya qoymalıdır. Belə davam edərsə, həmsədrlikdən uzaqlaşdırılması gündəmə gələcək”.
Anar