Parlament dəyişiklikləri dəstəkləyəcək

Məktəblilərin tibbi məlumatlarının gizliliyinin qorunub saxlanması çox önəmli məsələdir


Azərbaycanda həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanına yeni səlahiyyət verilir.

Bu barədə məsələ "Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb. Qanunun 53-cü (Həkim sirri) maddəsinə təklif olunan dəyişikliyə əsasən, həkim sirri təşkil edən məlumatın vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan verilməsi halları artırılır. Belə ki, həkim sirri təşkil edən məlumat (vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan) həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının sorğusu ilə verilə bilər.

"Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişikliklərin edilməsini dəstəkləyən millət vəkili Zahid Oruc məsələnin olduqca önəmli və həssas olduğunu diqqətə çatdırıb. Parlament üzvünün sözlərinə görə, bəzən ayrı-ayrı adamların şəxsi həyatı, durumu ictimailəşdirilir, lakin heç kim bunu qanunsuz hadisə kimi qəbul eləmir.

Millət vəkili həmçinin dəyişikliklərin parlament tərəfindən də müsbət qiymətlənəcəyini vurğulayıb: "Bu məsələ olduqca mühümdür. Çünki orta məktəbdə oxuyan oğlan uşaqlarının tibbi baxışa dair nəticələri müvafiq qurumlarda qorunub saxlanılır və onlar artıq 16 yaşında hərbi uçota götürülürlər. Onlar gələcəyin əsgərləri olacağı zaman tibbi göstəricilərdən, həmçinin son yoxlanışdan keçirilərək xidmətə yola salınırlar. Praktikadan görürük ki, iri hərbi hissələrdən olan əsgərlər tibbi durumlarının kəskin pis olduğunu, buna görə bir sıra hallarda ciddi fəsadlar yaşadıqlarını və xidmətdən tamamilə kənarlaşdırılmalarını, yəni onların xidmətlərinə xitam verilmələrini, əlillik dərəcəsi almalarını tələb edirlər. Komitə üzvü olaraq illər ərzində belə məktubları almaqdayıq. Açıq demək lazımdır ki, bunların da sayı azalıb. Çünki ötən illər ərzində Təşkilat və Səfərbərlik İdarəsi qanunçuluq prinsipinə yüksək dərəcədə əməl etməyə çalışıblar və keçmişdə özünü göstərən neqativ hallar, rüşvət problemləri də kəskin bir şəkildə aradan qalxıb. Ən azı Biləcəri toplanış məntəqəsi ətrafında yaşananları bir qədər də olsa xatırlayırıq”.

Z.Oruc hər bir şəxsə aid olan informasiyanın gizliliyi məsələsinə də toxunub. Millət vəkili şəxsi informasiyaların qorunmasına Konstitusiya vasitəsilə təminat verildiyini də diqqətə çatdırıb: 

"Bir insan xidmət üçün yararsız ola bilər və o ölkənin gələcək həyatında, ictimai-sosial sferada, əmək fəaliyyətində özünü gerçəkləşdirmək hüququna malikdir. Həmin o tibbi informasiyaların əlçatanlığı baş verəndə bu sanki cəmiyyətdə onun müəyyən sıxıntı keçirməyinə, fəaliyyətinin məhdudlanmasına səbəb olur. O özünü ictimai mühitdə qaralanmış sayır. Halbuki biz bu gün tibbi sahədə həkim sirri kimi məfhumların olduğunu görməkdəyik və pasiyentin hüquqlarından bəhs edirik. Məktəbli şəxslərin 17 yaşına qədər gəldikləri dövrdə və yaxud 4-5 il ali təhsil zamanında onların məlumatlarının gizliliyinin qorunub saxlanması çox önəmli məsələdir. Düşünürəm ki, bu vasitə ilə biz təkcə sağlam ordu qazanmırıq. Bunun başqa bir mühüm önəmi də var. Bu da ondan ibarətdir ki, insanlar öz durumlarına, gələcəkdə hansısa xəstəliyin inkişafına və onun hansı axarda getməsinə dair bilgilər əldə edir. Hər kəs özünü o mühüm situasiya ilə əhatə edir və gərəkən anda bir həkim və yaxud müvafiq icra orqanı ilə onun arasında olan münasibət kimi qeyd edilir. Amma bunun bütün bir bölgəyə, kəndə, qəsəbəyə və ya mediaya heç bir aidiyyəti olmamalıdır” .

Yeganə Bayramova