Aydın Mirzəzadə: “Fazil Mustafanın bu tipli çıxışları təəssüf doğurur. Bilmirəm, bəlkə diqqəti özünə cəlb etmək istəyir və yaxud müəyyən funksiyaları üzərinə götürməyə çalışır”Zahid Oruc: “Hər bir məclis üzvü maraqlı olmalıdır ki, iclas geniş diskussiyalar şəraitində keçsin. Onda hər birimiz fayda götürmüş olacağıq”
Milli Məclisin ötən həftə baş tutan iclasında vitse-spiker Ziyafət Əsgərovla deputat Fazil Mustafa arasında söz dueli yaşanıb. Buna millət vəkilinin reqlamentdə müəyyən dəyişikliklərin aparılmasını təklif etməsi səbəb olub: "Bizə təqdim olunan qanun layihələrində ayrı-ayrı məsələlərin qabağında bundan sonra yazılsın ki, filan məsələ müzakirəsiz olacaq, digər məsələ isə müzakirəli olacaq. Rəhbərlikdə nə qərar qəbul etmisinizsə, bunu bizə deyin, biz də əziyyət çəkib adımızı çıxışa yazdırmayaq.
Adımız yazıla-yazıla təkid edirik ki, söz deyək, amma söz verilmir. Milli Koordinatorun məlumatı dinlənildi. Bəlkə bizim çıxışa dəyərli təklifimiz var idi?” Deputatın etirazına Z.Əsgərovun cavabı sərt olub: "Müraciət olundu ki, çıxış etmək istəyən varmı? Niyə çıxış eləmədiniz? Mən sizin əlinizi görmədim. Torba atmaq lazım gələndə müraciət edirsiniz, amma bu məsələlərdə təkid etmirsiniz?”.
Mübahisəni dəyərləndirən millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında qeyd edib ki, məclisdəki bu qaynarlıq başadüşüləndir. Çünki bunun əksi sükut və sakit mühit deməkdir: "Diskussiyalardan söz açırıqsa, belə mövqe toqquşmalarının olması normaldır. Əsas olan bunun şəxsiyyətlər müstəvisinə keçməməsi və birinin digərinə qurşaqdan aşağı zərbələr vurmamasıdır. Bundan başqa, qərəzin olmaması və normal müzakirə mühitinin yaradılmasıdır. Biz bunu istəyirik. Bizi maraqlandıran odur ki, bir çox paralament üzvləri cəmiyyətin düşüncələrini məclisə niyə daşımırlar? Niyə aktiv deyillər? Niyə hansısa ictimai, siyasi və başqa məsələləri məclisdə qaldırmırlar? Qanunverici hakimiyyət dövlət qurculuğu ilə yanaşı, ictimai proseslərə də töhfə verə bilir. Belə olan halda isə zəngin ideyalar məclisə ayaq açır və müzakirə olunur”.
Özünün sadarətlə yaşadığı fikir toqquşmalarına diqqət çəkən parlamentari söyləyib ki, belə anlaşılmazlıqların yaşanması ajiotaja səbəb olmamalıdır: "Mən də belə hallar yaşamışam. Amma mübahisə sonda kin-küdurət və davakarlığa gətirib çıxarmayıb. Bu fikir ayrılıqları heç bir inzibati sanksiyalar yaratmayıb. Məclis zamanı dartışılan məsələlər elə orda da aydınlaşır”.
Həmkarının etirazına gəlincə, deputat deyib ki, haqlılıq və haqsızlıq payı fərdlər deyil, bir xüsusi şərait üzərində axtarılmalıdır: "Parlament ayda iki dəfə toplantı keçirir. Belə olan halda mövzuların çoxluğu səbəbindən çıxış üçün hazırlanan 10 -15 nəfərin mövqeyi təzyiq altında qalır və nəhayətdə, müşahidə etdiyimiz mənzərə meydana çıxır. Belə halların yaşanmaması məqsədilə MM müxtəlif problemlərə dair ayrıca dinləmələr keçirə bilər. Hətta bəzən kəskin tənqid etdiyimiz Rusiya Dumasında və Avropa parlamentində bu təcrübə mövcuddur. Hər bir məclis üzvü maraqlı olmalıdır ki, iclas geniş diskussiyalar şəraitində keçsin. Onda hər birimiz fayda götürmüş olacağıq. Kimin haqlı olub-olmadığını dəyərləndirmək istəmirəm. Əsas olan Fazil bəyin söylədiyi kimi geniş şəkildə debatların aparılmasıdır”.
Bununla yanaşı, parlamentari yetərsayın götürülməsi təklifini də irəli sürüb: "Onu dəfələrlə dilə gətirmişəm. Dünyanın əksər ölkələrində sözügedən təcrübə ləğv olunub. İclasın işə başlaması üçün üçdə iki və yaxud 50+1 norması artıq mövcud deyil. Yəni məclisə 25-30 nəfər də gəlsə, debatlar keçirilir, problemlərə baxışlar sərgilənir. Bu sözlərin heç biri mənim şəxsi ixtiram deyil. Məsələn, Fransada "erməni soyqırımını” tanımayanlara qarşı cəza qanunu 450 nəfərlik senatdan 103-nün səsi ilə qəbul olunmuşdu. Biz də sovet normasından çıxmalıyıq. İddialarım gerçəkləşsə, kimsə "mənə söz verin” deməyə məcbur qalmayacaq”.
Millət vəkili Aydın Mirzəzadə deyib ki, gündəliyə salınan bütün mövzular müzakirə olunur və heç birinə qadağa yoxdur: "İnsan alveri ilə mübarizə üzrə milli koordinatorun çıxışından sonra təklif olundu ki, hesabatla tanış olun. Daha sonra bildirildi ki, geniş müzakirəyə ehtiyac yoxdur. Sədr müraciət etdi və etiraz olmadı. Müəyyən müddət keçəndən sonra həmkarım məsələni populist formada qaldırdı. F.Mustafanın bu tipli çıxışları təəssüf doğurur. Bilmirəm, bəlkə diqqəti özünə cəlb etmək istəyir və yaxud müəyyən funksiyaları üzərinə götürməyə çalışır. Yalnız onu deyə bilərəm ki, onun çıxışlarına həmişə şərait yaradılıb və bundan sonra da yaradılacaq. Sadəcə o, təklif olduğunu diqqətə çatdırmalıydı. Ona söz veriləcəkdi. Lakin belə olmadı. Bu baxımdan hesab edirəm ki, həmkarımın yanaşması aydın deyil”.
Ayyət Əhməd