Partiyaların institut kimi güclənməsi dövlətin özünün faydasınadır

Siyasilər təşkilata ayrılan maliyyə vəsaitlərinin yalnız texniki xərclər üçün yetərli olduğunu vurğulayır


"Azərbaycanın 2017-ci ilin dövlət büdcəsi layihəsində siyasi partiyalara 2,5 milyon manat həcmində vəsaitin ayrılması nəzərdə tutulub”. Bu sözləri maliyyə naziri Samir Şərifov 2017-ci ilin büdcə layihəsinin parlament komitələrinin birgə keçirilən iclasında aparılan müzakirələr zamanı deyib. Nazir həmçinin bildirib ki, gələn il və sonrakı illərdə infrastruktur layihələrinin icrası üçün siyasi partiyalara ayrılan maliyyə vəsaitinin həcmləri azaldılacaq.

Siyasi partiyalara ayrılan maliyyə vəsaitlərinin yalnız texniki xərclər üçün yetərli olduğunu deyən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Elçin Mirzəbəyli 2,5 milyon vəsaitin əslində o qədər də böyük olmadığını vurğulayıb: "Partiyaların maliyyə vəsaiti ötənilki kimi qalıb. Bu baxımdan da şübhəsiz ki, Azərbaycanda çoxpartiyalı sistemin inkişafı üçün siyasi partiyaların
dövlət tərəfindən maliyyələşdirilməsinin artırılması lazımdır. İlk baxışda böyük bir vəsait görülsə
də, həmin vəsaitlər partiyaların sayına bölündükdə, o qədər də böyük bir vəsait qalmır. Bu da bir
siyasi partiyanın yalnız texniki xərclərini ödəyə bilər. Bu aspektdən də əgər xərclər azaldılacaqsa,
deməli, texniki şərtlər də ödənilməyəcək. Qənaətimcə, 2,5 milyon bir o qədər də böyük vəsait deyil
ki, onun azaldılması nəzərdə tutulsun. Partiyalar dövlət idarəçilik sisteminin bir hissəsini təşkil
edirlər. Siyasi partiyalar kadr bazasıdır və düşünürəm ki, onların yetkin bir institut kimi
formalaşması və inkişafı dövlətin özünün marağında olmalıdır. Məhz buna görə də maliyyənazirinin yanaşmasının nədən qaynaqlandığını və səbəbini bilmirəm. Zənnimcə, əgər manatla və
digər sahələrlə bağlı hər hansı bir problem yaranıbsa, bu, ilk növbədə Maliyyə Nazirliyinin mərkəzi
bankının günahından qaynaqlanan problemlərdi. Bunun da məsuliyyətini siyasi partiyaların və
yaxud digərlərinin üzərinə qoymaq lazım deyil. Manatın üzmə siyasətini yürüdənlər ilk növbədə
özləri də yürütməyi bacarmalıdırlar”.

Partiyaların maliyyə vəsaitinin qarşıdakı illərdə azalmasına dair iddiaları dəyərləndirən millət vəkili Fazil Mustafa məsələyə mənfi münasibət bildirdiyini deyib: " Ölkəmizdə partiyaların siyasi institut kimi formalaşması və güclənməsi dövlətin özünün faydasınadır. Xüsusilə, parlament tipli
partiyaların inkişaf etməsi həm də müəyyən dərəcədə parlamentalizm ənənələrinin daha da
təkmilləşməsinə xidmət edir. Onsuz da ən çox vəsait ayrılan partiya Yeni Azərbaycan Partiyasıdır.
Digər partiyalar çox cüzi vəsait alırlar. Belə müqayisəyə görə ən faydalı YAP-dır. Başqa partiyaları
tam sıradan çıxartmağa nə ehtiyac var? Düşünürəm ki, bu açıqlama partiyaların sıradan
çıxarılmasına yönələn bir addım olardı və təbii ki, bu, doğru qəbul oluna bilməz”.

Yeganə Bayramova