"Paşinyan Rusiyadan uzaqlaşır,Kreml də bunu diqqətdə saxlayır"- Regionda dəyişiklik...





"Yaxın gələcəkdə Cənubi Qafqaz regionunda böyük dəyişilmələr gözlənilir”.

Bunu "Sherg.az”a son zamanda Rusiya və Azərbaycan münasibətlərinin yaxınlaşması və bu durumun Ermənistanda yaratdığı narahatlığın səbəblərini izah edərkən politoloq Tofiq Abbasov söyləyib. 
Onun sözlərinə görə, region geosiyasi, kommunikativ imkanlar baxımından dünya nizamında böyük rol oynayır:

"Hətta Cənubi Qafqazın Şərq-Qərb arasında açar olduğunu qeyd edə bilərik. Burada geosiyasi nəhənglərin maraqlarının təmin olunması güc mərkəzləri üçün əhəmiyyətlidir. ABŞ da çalışır ki, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarsın. 

Müəyyən mənada bu proses formalaşır. Çünki Nikol Paşinyan həqiqətən nabələd siyasətçi kimi istənilən impulsu şərtləndirə bilər. Əsas odur ki, bu addımlar nə ilə nəticələnir. Baş nazirin son addımları göstərir ki, o, Rusiyadan uzaqlaşır. Öz növbəsində Kreml də bunu diqqətdə saxlayır. Rusiyanın erməni lobbisi rəsmi İrəvanın yanaşmasını ört basdır etməyə çalışsa da, rəhbər strukturlar prosesləri izləyirlər.

Bir neçə gün əvvəl Cocuq Mərcanlıda rusiyalı siyasətçilərin, deputatların konfrans keçirməsi, Azərbaycanla bağlı müsbət fikirlər səsləndirməsi təsadüfi deyildi. 

Əgər Rusiya rəsmiləri Azərbaycan ordusu tərəfindən işğaldan azad edilmiş ərazidə görüşlər keçirirsə, deməli, Rusiya elitasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha sağlam, adekvat nəzər formalaşıb. Azərbaycan diplomatiyasının uzunmüddətli effektiv fəaliyyəti Rusiya elitasını ayılmağa sövq etdi. Məsələn, Vladimir Jirinovski nə qədər etibar, siyasi bütövlük baxımından duru adam olsa da, bəzən erməniləri aşağılayır. 

Eləcə də Kreml üçün əhəmiyyətli ekspertlərin, Rusiya cəmiyyətinə vacib şəxslərin Azərbaycanla bağlı qətiyyətli müsbət fikirləri var. Bu onu göstərir ki, regionda transformasiyalar formalaşıb, yavaş-yavaş böyük dəyişikliklər olacaq”.

Qeyd edək ki, Rusiya elitasının son günlərdə Azərbaycanla bağlı müsbət rəylər səsləndirməsi ekspertlərin və ümumilikdə cəmiyyətin marağına səbəb olub. Belə ki, bəzi analitiklər Ermənistan baş naziri Nikol Paşinyanı qərbin adamı hesab edir və buna görə, Rusiyanın Azərbaycanla yaxınlaşdığını iddia edirlər.

Aysel Aslan