Natiq Cəfərli: “Kimə kredit verib-verməməyi bankların özləri müəyyənləşdirməlidirlər”
Maliyyə Bazarlarına Nəzarət Palatasının pensiyaçılara kreditlərin verilməsinin dayandırılması barədə qərar qəbul etdiyi bildirilir. Məlumata görə, qərar kredit təşkilatlarının aidiyyəti şəxslərinə göndərilib. Qadağanın hansı müddəti əhatə etdiyi məlum deyil.
Qərarın qəbul olunmasına səbəb pensiyaçıların ödəniş qabiliyyətinin aşağı olması göstərilir. Hesab edilir ki, bu qərar problemli kreditlərin həcminin artmasının nisbətən qarşısını alacaq. Qeyd edək ki, Palata xəbəri rəsmən təsdiqləməyib.
Addımı şərh edən tanınmış iqtisadçı Natiq Cəfərli "Şərq”ə açıqlamasında qeyd edib ki, Azərbaycan vətəndaşı ölkə banklarından kredit götürə bilər: "Ayrı-seçkilik etmək düzgün deyil. Banklar öz kredit siyasətinə uyğun olaraq kredit verə bilər. Dövlət qulluğundan çıxan pensiyaçılar 1000 manata yaxın təqaüd alırlar. Onlara necə kredit verilməyəcək? Bu çox yanlış qərardı. Problemli kreditlərin artmasının səbəbi heç də təqaüdçülərimiz deyil. Bu kreditlərin artmasının səbəbi külli miqdarda götürülən kreditlərin geri qaytarılmamasıdır. Beynəlxalq bankdakı proseslər hər şeyi ortaya qoydu. Bundan başqa, problemli kreditlərin artması istehlak kreditlərində yaranan çətinliklər və əhalinin gəlirlərinin azalması ilə bağlıdır. Bu da yalnız pensiyaçılarla əlaqədar məsələ deyil. Bu işdə bankların özləri qərar verməlidirlər. Kimə kredit verib-verməməyi bankların özləri müəyyənləşdirməlidirlər. Bu qadağanın yalnız bir kateqoriyadan olan insanlara tətbiq edilməsi, onların hüquqlarının pozulması deməkdir. Məncə, doğru yanaşma deyil”.
Digər iqtisadçı-ekspert Qubad İbadoğlu qeyd edib ki, 18 gün əvvəl valyuta ilə kreditlərin verilməsini 1 ay müddətinə dayandıran Maliyyə Bazarlarına Nəzarət Palatası indi də kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinin qadağasına dair qərar qəbul edib: "Qadağanın hansı müddəti əhatə etdiyi məlum deyil. Qərarın qəbul olunmasına səbəb pensiyaçıların ödəniş qabiliyyətinin aşağı olması ilə bağlıdır. İqtisadi məntiqlə izah olunmayan bu yanaşma bir tərəfdən insan hüquqlarına, digər tərəfdən də sosial müdafiə sisteminə ciddi zərbə vura bilər. Əvvəla, hesab edirəm ki, bütün pensiyaçılara eyni kateqoriyada yanaşıb, onların hamısının ödəniş qabiliyyətinin aşağı olmasını düşünmək yanlışdır. Birincisi, pensiyaçıların özləri fərqli kateqoriyada (dövlət qulluqçuları, hərbiçilər və s.) müxtəlif səviyyədə təqaüd alırlar. Onlar arasında hətta bu gün işləyənlərin əmək haqlarından çox aylıq təqaüd alanlar vardır. İkincisi, pensiyaçılar arasında işləyənlər və fərdi bizneslə məşğul olanlar da vardır ki, onların da ödəmə qabiliyyətinə şübhə etməyə dəymir. Üçüncüsü, bəzi pensiyaçılar banklarda əmanətlərə malikdir və onlar depozitlərdən də gəlir əldə edirlər. Nəhayət, hətta işləməyən və depozit olmayan pensiyaçının da borc vəsaitlərindən faydalanmaq hüququ vardır. Onlar üçün bir çox ölkələrdə hətta sosial kredit paketləri də təqdim olunur. Görəsən, pensiyaçılara kredit verilməsini qadağan edən Maliyyə Bazarlarına Nəzarət Palatasının tələbələrə kredit verilməsinə münasibəti necədir? Axı tələbələrin təhsil aldığı dövrdə ödəniş qabiliyyəti ümumiyyətlə mövcud olmur”.
Ayyət Əhməd