PKK liderləri Dağlıq Qarabağ ərazisinə müvəqqəti gedə bilərlər

Amma ermənilər heç vaxt terrorçu kürdləri orada daimi yerləşdirməz



"Ermənistan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə terrorçu PKK qruplaşması liderlərini yerləşdirir”. Bu haqda "Əsassız Erməni İddialarına qarşı Mücadilə” Beynəlxalq İctimai Birliyinin sədri Göksel Gülbey açıqlama verib.

Gülbey bəyan edib ki, son vaxtlar Türkiyə təhlükəsizlik qüvvələrinin PKK-ya qarşı həyata keçirdiyi əməliyyatlar nəticəsində terror təşkilatı Kandildə istifadə etdiyi bazalarını Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarına - Dağlıq Qarabağa köçürməyə başlayıb. Onun sözlərinə görə, Dağlıq Qarabağda PKK-nın təlim düşərgələri var: "Erməni ailələr övladlarını o bölgəyə əsgər olaraq göndərmir. Azərbaycan Ordusunun gücünü bildiyi üçün bu cür silahlı qruplaşmalara ehtiyac duyan Ermənistan rəhbərliyi Rusiyanın dəstəyi ilə işğal etdiyi torpaqları PKK-nın baza olaraq istifadə etməsinə icazə verib”.

Məsələ ilə bağlı "Şərq”ə danışan Qafqaz Universitetinin professoru Fərhad Mehdiyev deyib ki, PKK üçün Dağlıq Qarabağ ərazisi müəyyən qədər "təhlükəsiz” hesab oluna bilər: "Suriyada hərbi əməliyyatlar gedir. Türkiyə PKK-ya qarşı qətiyyətli mübarizəyə başlayıb. Bu səbəbdən terrorçuların liderləri müvəqqəti Dağlıq Qarabağ ərazisinə gedə bilərlər. Amma ermənilər heç vaxt terrorçu kürdləri orada daimi yerləşdirməzlər. Sadəcə, müvəqqəti sığınacaq verə bilərlər. Təbii ki, bu məsələ beynəlxalq hüquqa ziddir. Belə vəziyyətdə nə etməliyik? Sözün düzü, bizim edə biləcəyimiz bir şey yoxdur. Ancaq Türkiyə hökuməti öz sərhədlərini gücləndirərək PKK-çıların Ermənistana keçməsini əngəlləyə bilər. Məlumdur ki, terrorçular ya birbaşa sərhəddən, ya da İran üzərindən Dağlıq Qarabağa keçə bilərlər”. Politoloqun sözlərinə görə, çıxılmaz vəziyyətə düşən PKK liderləri Ermənistana yox, İraqın Şimalındakı kürd muxtariyyətinə də gedə bilərlər. Çünki ora getmək də, yenidən Kandilə qayıtmaq da asandır. Həmçinin, İraqın Şimalında PKK üzvləri çox rahat gəzib-dolaşırlar və problem yaratmırlar. Bunu şəxsən özüm şahidlərin dilindən eşitmişəm”.

İsmayıl