Arzu Nağıyev: “Bu cür informasiyalar bizi təəccübləndirməməlidir”
PKK-nın Qarabağda yerləşməsi inandırıcı deyil
Elxan Ələsgərov: “PKK-çıların Dağlıq Qarabağa göndərilməsi əsla mümkün olan şey deyil”
Arzu Nağıyev: “Bu cür informasiyalar bizi təəccübləndirməməlidir”
Arzu Nağıyev: “Bu cür informasiyalar bizi təəccübləndirməməlidir”
Türkiyə mətbuatı PKK terror təşkilatının 400 üzvünün Dağlıq Qarabağda yerləşdirilməsi barədə məlumat yayıb. Deyilənə görə, həmin terrorçular PKK-nın Kandil dağı (İraq ərazisi) və Kamışlıdakı (Suriya) düşərgələrindən çıxaraq, Ağrı dağı ərazisindən Ermənistana keçiblər.
PKK-ya aid "Ağrı Qartalları” adlı qrupun erməni əsilli üzvləri Livan Karadağ, Hemaran Kervaçyan və Servet Bagopşin bələdçilik etdiyi silahlılar üçün Ermənistanın Göyçə gölü (Sevan) sahillərində, Vardenis (Göyçə) rayonunda düşərgə salındığı da qeyd olunub. Terrorçu PKK silahlıları Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə göndəriliblər. Onlar Azərbaycanın işğal altında olan Ağdam, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarına yerləşdiriliblər.
Xatırladaq ki, mətbuatda cəbhə xəttində atışmaların intensiv xarakter aldığı günlərdə ASALA terror təşkilatının liderlərindən biri, Paris terrorunun təşkilində adı hallanan Livan ermənisi Vazgen Sislyanın da Ermənistanın əli ilə Qarabağa gəldiyinə dair məlumatlar da yer alıb.
Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova işğalçı Ermənistana yardım edə biləcək hər hansı cəhdlərin qarşısını almaq üçün Azərbaycanın həmişə lazımi addımlar atdığını deyib: "PKK-çıların Qarabağda yerləşdirilməsi barədə xəbərlərin isə əsaslı fakt olmasını söyləyə bilmərəm. Amma istənilən halda, hansı dairəyə mənsub olmasından asılı olmayaraq terrorçu yenə də terrorçudur”.
Vitse-piker hesab edir ki, terrorçu təşkilatların qeyri-insani maraqlara xidmət edən addımlarının qarşısını almaq lazımdır: "Azərbaycan Beynəlxalq Terrora qarşı Alyansın üzvüdür. Azərbaycan hələ bir çoxlarından əvvəl terrordan əziyyət çəkən ölkədir. Buna görə də, terrorun istənilən formasına qarşı mövqeyimizi ortaya qoymuşuq”.
Xanım millət vəkilinin sözlərinə görə, ATƏT və digər beynəlxalq təşkilatların tədbirlərində Ermənistanın işğal altındakı torpaqlardan qeyri-qanuni istifadə etməsi məsələsi qaldırılıb. O, PKK terrorçuları ilə bağlı məlumatların təsdiqlənəcəyi təqdirdə, Azərbaycanın beynəlxalq təşkilatlara müraciət edəcəyinə də işarə edib: "Məlumatlar təsdiq olunsa, Azərbaycan bununla bağlı lazımi addımlar atacaq. Dediyim beynəlxalq alyansın Əlaqələndirmə Koordinasiyası var. Əgər məlumatlar təsdiq olunsa, Azərbaycan bununla bağlı lazımi addımlar atacaq. Amma ilk növbədə bu məlumatların doğru və dəqiq olması əsasdır”.
Politoloq Elxan Ələsgərov isə PKK terror təşkilatının Ermənistana dəstək məqsədilə 400 silahlı göndərdiyi barədə Türkiyə KİV-lərinin yaydığı məlumatın inandırıcı olmadığını düşünür. Türkiyədə bəzi KİV-lərin Rusiyadakı kimi ara qarışdırmaqla məşğul olduğunu vurğulayan E.Ələsgərov deyib ki, bəzi media orqanları adətən yoxlanılmamış, uydurma məlumatlar yayırlar: "Onlar və hətta bəzi siyasətçilər belə məlumatlardan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. PKK-çıların Dağlıq Qarabağa göndərilməsi əsla mümkün olan şey deyil. Bununla bağlı çox izahat verməyə heç lüzum da yoxdur. Sadəcə bunu demək bəsdir ki, onsuz da bölgədə döyüşlər dayanıb. Onlar gedib orada nə edəcəklər? Ona görə də belə məlumatlar inandırıcı deyil, populist xarakter daşıyır”.
Kürd və erməni terrorçularının geniş əlaqədə olduğunu bəyan edən siyasi ekspert Arzu Nağıyev də indiki halda PKK terror təşkilatının Ermənistana dəstək məqsədilə Dağlıq Qarabağa silahlılar göndərməsinin dəqiqləşdirilmiş xəbər olmadığını deyib: "Sözün açığı, Azərbaycana qarşı Ermənistan ordusu tərəfindən vuruşmaq üçün gələn dəstələrin bu cür informasiyaları yaymasına inanmıram. Ancaq onların bizə qarşı döyüşməsi birinci hal deyil və artıq bu cür informasiyalar bizi təəccübləndirməməlidir. PKK-a, ASALA kimi terror təşklatlarının Ermənistan rəhbərliyi tərəfindən daima dəstəkləndikləri bizə məlumdur. Ancaq indiki halda bu cür xəbərlər Ermənistan rəhbərliyi tərəfindən bilərəkdən yayılır ki, guya onları da dəstəkləyən qüvvələr var. Azərbaycan tərəfdə də Suriyada vuruşan hansısa dəstələrin döyüşlərə qatıldığını iddia ediblər. Onların yeritdiyi siyasət də bundan ibarətdir.
Hər hansı bir terror qruplaşmasının Azərbaycana qarşı Ermənistana dəstək verməsinə baxmayaraq qələbə bizimlə olacaq. Bizim güclü ordumuz var və əsgərlərimiz istənilən terrorçunun öhdəsindən gəlməyə qadirdir. Nə ASALA, nə də PKK terrorçuları bizim üçün ciddi bir təhlükə vəd edir. Ən azından, bu, bizim üçün yenilik olmadığından hazırlıqlıyıq. Bizim yolumuz haqq yoludur. Hədəfimiz ərazi bütövlüyümüzün bərpası və işğal altında qalan torpaqlarımızın azad olunması, təcavüzkar qüvvələrin torpaqlarımızdan çıxarılmasıdır. Bu yöndə qarşımıza çıxan bütün baryerləri aşmağa da hazırıq”.
Şəymən