Polis haqqında qanun dəyişdirilir

“Qanuna nəzərdə tutulan əlavələr Amerika qanunvericiliyinə uyğunlaşdırılıb”



Azərbaycanda polisin vətəndaşı saxlama qaydalarında yeniliklər təklif edilir. Milli Məclisdən verilən məlumata görə, parlamentə "Polis haqqında” qanunun 23-cü (Azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı polis əməkdaşının vəzifələri) maddəsinə əlavə və dəyişikliklər layihəsi təqdim olunub.

Maddənin 3-cü hissəsinə edilən dəyişikliyə əsasən, saxlanmadan dərhal sonra polis həmin şəxsə sadəcə, saxlanmasının əsaslarını yox, səbəbini, şübhənin mahiyyətini bildirməli olacaq. Maddənin bu bəndinə edilən əlavəyə görə isə, polis saxlanılan şəxsə hüquqlarını "ona aydın olan dildə” izah etməlidir. Layihə Milli Məclisin aprelin 26-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Sabiq polis rəisi Mahmud Hacıyev "Şərq”ə açıqlamasında "Polis haqqında” qanunun 23-cü maddəsinə nəzərdə tutulan dəyişikliklərin təqdirəlayiq olduğunu deyib. Amma o şərtlə ki, icrası məsələsində heç bir problem olmasın.

Bununla belə M.Hacıyev qanunvericiliyin tez-tez dəyişdirilməsinin əleyhinə olduğunu deyib. Azərbaycanda qanunların az qala uşaq oyuncağına çevrildiyini vurğulayan sabiq polis rəisinin dediyinə görə, qərb ölkələrində illərlə qanunun nöqtəsinə toxunulmur: "Qanun layihəsi hazırlanan zaman onu bu günlə yanaşı, gələcəklə də uzlaşdırmalıdırlar. Ancaq bizdə az qala eyni maddəyə ildə 3 dəfə dəyişiklik edirlər. Sivil dövlətlərdə qəbul olunan hüquqi-normativ aktlar isə ən azı 10 il öz aktuallığını qoruyur. Bizim parlament üzvləri isə bu gün qəbul elədiyi qanuna sabah düzəliş, birisi gün də əlavələr edir. Bircə qanunlarımızın yamağı çatmır”.

Konkret olaraq, "Polis haqqında” qanuna edilən dəyişikliklərə gəldikdə isə M.Hacıyev deyib ki, qanuna nəzərdə tutulan əlavələr Amerika qanunvericiliyinə uyğunlaşdırılıb: "Əvvəla onu deyim ki, qanunda olub-olmamasından asılı olmayaraq polis kimisə saxlayanda hüquq və vəzifələrini izah eləmək, konkret səbəbi demək polisin vəzifə borcudur. Amerikada iki əsr bundan əvvəl hüquqi demokratik dövlət qurulub və elementar bir addım da qanunla tənzimlənir. İndiki situasiyada Azərbaycanla Amerika reallığı eyni deyil axı! Yuxarıda da qeyd etdiyim kimi, bu məsələnin qanunvericiliklə tənzimlənməsi müsbət haldır, amma qanun olmasa belə, vətəndaşı məlumatlandırmaq, ona hüquqlarını izah eləmək polisin vəzifə borcudur”.

Şəymən