Politoloq Məmmədyarovun bəyanatını şərh edir : "Barışmaq istəyirsənsə..."




"Minsk qrupunun həmsədri olan üç böyük dövlət- Rusiya, ABŞ, Fransa və beynəlxalq təşkilatların əksəriyyəti münaqişənin həllini istəmir".

Bunu Sherg.az-a Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun ""Status-kvo"nu dəyişməyin vaxtı çatıb" bəyanatına münasibət bildirərkən politoloq Zərdüşt Əlizadə deyib. 

O bildirib ki, həmsədrlər münaqişənin sülh yolu ilə həllini istəsəydilər, bütün dünya təcrübəsindən istifadə olunan üsulları tətbiq edərdilər: 

"Barışmaq istəyirsənsə, ədalət təbliğatına son qoyulmalıdır, qarşılıqlı inamın yaradılmasına yol açan tədbirlərə, iqtisadi əməkdaşlığa, gediş-gəlişə başlamaq lazımdır. Sülh istəyənlər hər iki tərəfin mənafeyini nəzərə alan razılıq sənədlərinin hazırlanması, ictimaiyyəti bu proseslərə cəlb edilməsi əhəmiyyətlidir. Keçmişdə olan dostluq nümunələri də önə çəkilməlidir. Dağlıq Qarabağ münaqişəsinin həllində isə bu əsaslar nəzərə alınmır.

Sözdə bir əməldə başqa olan şəxslər heç zaman barışığa nail ola bilməzlər. Çünki bu onların məqsədi deyil. Ermənistan prezidenti Serj Sarkisyan münaqişə nəticəsində hakimiyyətə və sərvətə qovuşub. Münaqişənin nəticəsində Rusiya, Fransa və Amerika bölgənin ağasıdırlar. Ola bilər, biri az ağalıq edir, digəri çox.

Münaqişədən zərər çəkən erməni və Azərbaycan xalqına gəlincə, Z. Əlizadənin fikrincə, ermənilər o qədər cahil, geridə qalmış, bixəbər, qafil və qorxaqdırlar ki, öz xeyirlərini anlamırlar:

"Anlamırlar ki, hər iki tərəfə hörmət və ləyaqət gətirən həqiqi sülh iki xalqın yaxşı yaşaması, varlanması üçün zəmindir. Bunu anlamırlar. Uydurma düşmən nağıllarına, rəsmi təbliğatlara uyub, dırnağarası millət qəhrəmanlarının olmayan cəngavərlikləri haqqında nağılları dinləyir, həm özləri böyüyür, həm uşaqlarını bu cür böyüdürlər. Bu isə onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həllini bir neçə ziyalıdan başqa heç kəs istəmir. Onları isə insanların gözündə vətən xaini, qorxaq kimi təqdim edirlər ki, heç kim dinləməsin”.

Ayyət Əhməd