Politoloq müharibə istəyən deputatlara SƏSLƏNDİ : " Hələ tezdir"




Rəsmi və ictimai şəxslərin, o cümlədən təşkilatların emosional müharibə çağırışı ilə məsələ həll edilmir.

Bunu Sherg.az-a əkdər millət vəkilinin  müharibə çağırışını şərh edərkən politoloq Tofiq Abbasov deyib. 

Onun sözlərinə görə, hazırkı şəraitdə Azərbaycanın  Ermənistana müharibə elan etməsi tezdir: 

"Ermənistan elə nataraz  dövlətdir ki, onu hazırlıqsız vəziyyətdə yaxalamaq lazımdır. Lakin burada Azərbaycanın beynəlxalq institutların qarşısındakı öhdəliyini unutmaq olmaz. Sülh prosesində Ermənistan nə qədər danışıqlardan yayınıb, önəmli məsələləri sonrakı plana ataraq, münaqişənin həlli prosesini ləngitməyə çalışsa da, biz diplomatik səviyyədə dözümlülüyümüzü sona qədər saxlamalıyıq. Qarşıdan gələn danışıqlarda Ermənistan destruktiv mövqe nümayiş etdirərsə, o zaman, bu addımı atmaq olar”.

Politoloq qeyd edib ki, Azərbaycan hələ 90-cı illərin sonlarından işğalçı dövlətə sülh prosesini ləngitməmək barədə ciddi xəbərdarlıq edib. Dünya birliyində Ermənistana havadarlıq edən qurumlar və ölkələr açıq dəstəyini göstərir və onun mövqeyini müdafiə edirlər: 

"Hətta Minsk qrupunun həmsədri olan Ceyms Uorlik bu məsələni aydın ifadə edir. Bu səbəbdən, elə məqamda bu addımı artmaq lazımdır ki, həmin təsisatlar Azərbaycana təzyiq göstərə bilməsinlər. Təklif edirəm ki, gələcək bir neçə il müharibə barədə ciddi addımlar atılmasın. Lakin yenə də Azərbaycanın bütün göstəricilərə görə Ermənistandan xeyli irəlidə olduğu bəllidir. Bu hərbi hazırlığa, ordu quruculuğuna, demoqrafik vəziyyətə, iqtisadi göstəricilərə də aiddir. Ermənistan isə aprel döyüşlərindən sonra sözün əsl mənasında təşviş içərisindədir. Bütün bunları nəzərə alaraq, istisnaları zərərsizləşdirdikdən sonra müharibə elan edə bilərik”.

T. Abbasov əlavə edib ki, rəsmilərin bu çağırışları emosional xarakter daşıyır. Ermənilər öz istəyi ilə işğal edilmiş torpaqlarımızdan geri çəkilməsə, zərərçəkmiş tərəf olaraq, zərbə endirməliyik”.

Qeyd edək ki, Milli Məclisdə "Hərbi vəziyyət haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fəzail Ağamalı Ermənistana qarşı müharibə çağırışı ilə çıxış edib.

Aysel Aslan