"Prezident öz ad gününü belə qaçqın və məcburi köçkünlərin arasında keçirdi" - Xoş təəssürat





"Ölkə başçısının təşəbbüsü ilə şəhid ailələrinə, veteranlara, Qarabağ, Böyük Vətən müharibələri və Çernobıl əlillərinə ev, avtomobil verilməsi ilk addım deyil”.

Bunu "Sherg.az”a millət vəkili Aqil Abbas deyib. 

O söyləyib ki, yalnız Bakıda, böyük şəhərlərimizdə deyil, regionlarda da bu cür təşəbbüslər həyata keçirilir:

"İndiyə qədər ölkə başçısı bir çox sosial layihələrin təşəbbüsçüsü kimi çıxış edib. Xüsusilə, bu təbəqənin insanlarına diqqət və qayğının göstərilməsi cəmiyyətdə ruh yüksəkliyi yaradır. Prezident İlham Əliyev hətta öz ad gününü belə qaçqın və məcburi köçkünlərin arasında, onların problemləri ilə maraqlanmaqla keçirdi.

Bu yaxınlarda isə 20 milyon manata yaxın pul ayrıldı, şəhid ailələri, əlillər, qaçqın və məcburi köçkünlər üçün şəraitin yaradılmasına dair tapşırıqlar verildi. Düşünürəm ki, bundan sonra keçiriləcək bu cür tədbirlərdə ölkə başçısı yenə də şəxsən iştirak edəcək. Bu tədbirlər insanlarda xoş təəssürat yaradır, onlar ölkə başçısı ilə danışır, problemlərini səsləndirirlər. Davamlı həyata keçirilən sosial layihələr Azərbaycan xalqının rifahına yönəlib”.

Qeyd edək ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, nazirlik "ŞA İnşaatçı” Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan binadan ümumilikdə 35 mənzili satın alıb. Bu mənzillərdən 23-ü Qarabağ müharibəsi əlillərinə, 12-si isə şəhid ailələrinə verilir.

Aysel Aslan