Tramp da Rusiyaya qarşı kəskin mövqe lazım olduğunu desə də, həmçinin, İŞİD-lə mübarizədə əməkdaşlığı vacib hesab edib
Prezidentliyə namizədlər ikinci dəfə üz-üzə gəldilər
Klinton Əsədə qarşı kürd qüvvələrini silahlandırmağı təklif edib
Tramp da Rusiyaya qarşı kəskin mövqe lazım olduğunu desə də, həmçinin, İŞİD-lə mübarizədə əməkdaşlığı vacib hesab edib
Tramp da Rusiyaya qarşı kəskin mövqe lazım olduğunu desə də, həmçinin, İŞİD-lə mübarizədə əməkdaşlığı vacib hesab edib
ABŞ-da prezidentliyə namizədlər Hillari Klinton və Donald Tramp ikinci dəfə teledebatda üz-üzə gəliblər. İki namizədin teledebatı sərt ittihamlar və hədələrlə keçib. Klintona qarşı elektron poçtların silinməsi hadisəsilə bağlı ittihamlar səsləndirən Tramp, mövzunun çox ciddi olduğunu, Klintonun açıq şəkildə cinayətə yol verdiyini irəli sürüb.
Tramp, prezident olduğu təqdirdə məsələ ilə bağlı xüsusi prokuror tutacağını və Klintonu həbs edəcəyini bildirib. Trampın uzun illərdən bəri vergi ödəmədiyi iddiasını bir daha dilə gətirən Klinton isə bunları deyib: "Bu günə qədər heç bir respublikaçı üçün "prezidentliyə layiq deyil” sözlərini deməmişəm. Amma Tramp üçün bunu deyirəm”. Tramp isə Klintonun "Uol strit” şirkətlərinə söykənən namizəd” olduğunu və böyük firmalardan əldə etdiyi haqsız dəstəklərlə kampaniyasını davam etdirdiyini iddia edib. İki namizəd çox sərt atmosferdə keçən canlı yayımın sonunda biri-birlərinə əl uzatsalar da, teledebatın əvvəlində əllə salamlaşmayan iki rəqibin bu hərəkəti ABŞ ictimaiyyətində başqa bir mübahisə mövzusu olub. Hər iki partiya tərəfindən və sosial mediada kəskin tənqid edilən Tramp, cavabında diqqəti Klintonlar ailəsinin problemlərinə yönəltməyə çalışıb. Trampın debat qabağı mətbuat konfransında Bill Klintonu müxtəlif vaxtlarda layiqsiz davranışda ittiham etmiş 4 qadın iştirak edib. Təbii ki, hər iki həssas məsələ debat zamanı da qaldırılıb. Elə ilk sual hazırkı seçkilərin xoşagəlməz atmosferi barədə olub. Tramp 2005-ci ildə dediklərinə görə peşmanlığını ifadə edib. Əslində qadınlara qarşı heç vaxt pis əmələ yol vermədiyini vurğulayan Tramp, bunu Bil Klintonun etdikləri ilə müqayisə etməyə çağırıb. Klinton bu hadisənin yalnız son damla olduğunu və rəqibinin indiyə qədər qadınlar, meksikalılar, afro-amerikalılar, müsəlmanlar və hətta fiziki qüsuru olanlar haqqında ifadələrini onun prezidentliyə uyğun olmamasının sübutu kimi gördüyünü bildirib. Tramp Klintonun son "e-mail məsələsi”ndə etibarı itirdiyini deyərək, prezident seçiləcəyi təqdirdə Klintonun cinayət məsuliyyətinə cəlb ediləcəyinə söz verib. Klinton isə FTB-nin bir ildən artıq davam etmiş təhqiqatının heç bir nəticə vermədiyini yada salıb. Aktiv müzakirə obyektlərindən biri tibbi sığorta olub. Klintonun da dəstək verdiyi, prezident Obamanın sığorta islahatı çoxları üçün sığortanın qiymətinin qalxmasına səbəb olub. Trampın önə çəkdiyi bu məqamı Klinton da etiraf edib, lakin rəqibindən fərqli olaraq, müsbət tərəfləri də çox olan islahatı ləğv etməyi yox, nöqsanlarını aradan qaldırmağı məqsədyönlü hesab edib. Aparıcı Donald Trampa verdiyi sualda müsəlmanların ölkəyə daxil olmasına qoyacağı qadağa barədə sözlərini şərh etməyi xahiş edib. Tramp, əvvəl dediklərinin əksinə olaraq bunun qadağa deyil, ciddi yoxlama olacağını bildirib. Suala mövqeyini bildirən Klinton bu cür ifadələrin müsəlman müttəfiqlərlə münasibətlərə pis təsir etdiyini və terrorçuların xeyrinə olduğunu deyib. Rusiya ilə münasibətlərə də debat zamanı bir neçə dəfə toxunulub. İlk olaraq, Hillari Klinton, "Wikileaks” tərəfindən yayılmış məlumatları şərh edib və bunda Rusiya izi olduğunu bildirib. Klintona görə, Putin, bu yolla ABŞ seçkilərinə təsir etməyə və Trampın qalib gəlməsinə çalışır. Daha sonra isə Alepponun bombalanmasına münasibətini ifadə edərkən, Rusiyanın və Əsəd rejiminin cinayətlərinin araşdırılmasını lazım bilib. Tramp da Rusiyaya qarşı kəskin mövqe lazım olduğunu desə də, həmçinin, İŞİD-lə mübarizədə əməkdaşlığı vacib hesab edib.
Tramp, nəhayət ki, vergilərdən yayınması sualına aydınlıq gətirib. O, qanuni əsasla bəzi vergiləri ödəmədiyini etiraf edib və qeyd edib ki, Klintonun seçki kampaniyasını maliyyələşdirən bir çox varlı adamlar da eyni güzəştlərdən istifədə edir. Əvvəl olduğu kimi, xarici siyasətdə Klinton dövlət katibi kimi uğursuz fəaliyyətdə, Tramp isə heç bir konkret planının olmamasında ittiham edilib. Klinton ilk olaraq diqqəti Suriyada humanitar vəziyyətə, Tramp isə İŞİD-lə mübarizəyə yönəltməyi düşünür. Bununla belə, heç bir halda, regionda yeni ABŞ qoşunlarının yerləşdirilməsi müzakirə obyekti deyil. Maraqlıdır ki, Klinton Əsədə qarşı kürd qüvvələrini silahlandırmağı təklif edib və bunun hansı problemlər yaradacağını bildiyinə də işarə edib. Ekspertlərə görə, bu debat, son günlərdə rəy sorğularında aşağı düşən Tramp üçün itirdiyini qaytarmaq, Klinton üçün isə mövqelərini bir az da möhkəmləndirmək imkanıdır. Hansı namizədin uğur qazanacağı isə tezliklə rəy sorğularının nəticələrində özünü göstərəcək. Sonuncu teledebat isə oktyabrın 19-da Nevada Universitetində keçiriləcək.
İsmayıl