Problem belə qalmayacaq, zamanla həll olunacaq

“Dollarla olunan kreditlərin silinməsi sosial sığorta sahəsində ödənilməyən borcların silinməsindən daha mürəkkəbdir”




Ölkə parlamenti məcburi dövlət sosial sığorta sahəsində ödənilməyən borcların və sanksiyaların silinməsi ilə bağlı prezident İlham Əliyevin göndərdiyi təklifi bəyənib. "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsinin aprelin 1-dən qüvvəyə minəcəyi nəzərdə tutulur.

Qanuna əsasən, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı il yanvarın 1-i tarixinə kimi yaranan və 2018-ci il aprelin 1-dək ödənilməyən borcları tam məbləğdə silinir.
2015-ci il yanvarın 1-nə kimi yaranan və ödənilməmiş məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclar da tam məbləğdə silinir.
Qanun layihəsində o da bildirilib ki, 2015-ci ilin yanvarın 1-dən sonra yaranan məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi bir neçə qaydada həyata keçirilir.
2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının 10 faizi ödənildikdə - maliyyə sanksiyalarının ödənilməmiş 90 faizi silinəcək.

2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə isə ödənilməyən 70 faiz ləğv ediləcək. Aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənilərsə, yerdə qalan hissə silinəcək.

Görəsən, dollarla alınan problemli kreditlərin silinməsi üçün də belə bir qanun layihəsi hazırlana bilər?
İqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, vətəndaşlara məxsus hər hansı bir borcun dövlət tərəfindən silinməsi müsbət bir haldır: 

"Hesab edirəm, bu istiqamətdə real addımların atılması təqdir olunmalıdır. Ancaq ödənilməyən borcların tarixçəsinin öyrənilməsi də vacib haldır. Problem yaradan səbəblər aradan qaldırılmasa, yenə də təkrar borclar yığılacaq”.

Dollarla alınan və geri qaytarılmayan problemli kreditlərin də silinməsi üçün belə bir qanun layihəsinin hazırlanma ehtimalına gəldikdə isə F.İbrahimov deyib ki, dollarla olunan kreditlərin silinməsi sosial sığorta sahəsində ödənilməyən borcların silinməsindən daha mürəkkəbdir: 

"Dollarla alınan kreditlərin fəsadlarını biz artıq görürük. Vətəndaşlar dollarla aldığı kreditləri qaytara bilmədikləri üçün bir çox bankların aktiv vəsaitləri yoxa çıxdı və fəaliyyətini dayandırmaq məcburiyyətində qaldılar. Banklarda depozitləri olan vətəndaşlar isə bankların üzərinə gəldi. Hökumət bu məsələyə müdaxilə edib. Əmanətlərin sığorta fondu hesabına borcların bir hissəsi qaytarılsa da, öz həllini gözləyən problemlər qalmaqdadır. Halbuki Maliyyə Nazirliyi devalvasiyadan əvvəl neftin qiymətinin ucuzlaşacağı ilə bağlı proqnozları dəyərləndirib kütləvi şəkildə dollarla kredit verilməsinin qarşısını vaxtında ala bilərdi. Mərkəzi Bankın da istənilən banka təsir imkanları vardı, amma heç bir qurum bu addımı atmadı. Şübhəsiz ki, problem belə qalmayacaq. Zaman və məkan çərçivəsində bu məsələ də öz həllini tapacaq. Sadəcə, hazırda problemin həlli istiqamətində irəli sürülən konstruktiv təklif və ya layihə yoxdur”.

Şəymən