"Problemli kreditlərin əksəriyyəti süni şəkildə yaradılıb" - ŞƏRH






"Nə qədər ki, banklarda heç bir işlər aparılmır, bu sistemdə mövcud vəziyyət davam edəcək"

Bunu "Sherg.az”a Azərbaycan banklarında problemli kreditlərin atması ilə bağlı danışarkən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov söyləyib.

Onun qənaətincə, problemli kreditlərdəki artım əvvəlki illərdən qalanlardır:

"Onların qaytarılma məbləği artır. Belliklə də üst-üstə gəlib, müəyyən artmla nəticələnir. Bu kreditlər əvvəllki illərdən qalaraq indiki həddə çatmasının səbəbi məlum istiqamətdə heç bir əsaslı tədbirin görülməməsi ilə bağlıdır. Dəfələrlə demişik ki, problemli kreditlərin əksəriyyəti süni şəkildə yaradılıb. Maliyyə Bazarına Nəzarət Palatası (MBNP) tərəfindən problemli kreditlərlə bağlı yoxlamalar həyata keçirilməlidir. Bu problemləri yaradan şəxslər müəyyən olunmalı və onlarla bağlı araşdırmalar aparılmalıdır. 

Təəssüf ki, MBNP bununla bağlı heç bir addım atmır. Belə olan halda da problemlər qalıb, artır. Bununla da səriştəsiz banklara görə, işgüzar bankların da nüfüzuna xələl gəlir. Artıq əhalidə və sahibkarlarda belə bir fikir formalaşır ki, ölkənin bank sisteminə etibarı etmək olmaz. Əslində isə belə deyil. Ölkəmizdə yaxşı, obyektiv fəaliyyət göstərən banklarımız da mövcuddur. Məncə, bu məsələnin həlli istiqamətində müəyyən addımlar atılmalıdır. Əks təqdirdə vəziyyət belə də davam edəcək. Və sonda mənzərə daha acınacaqlı olacaq".

Qeyd edək ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyulun 1-nə 1 745,7 mln. manat təşkil edib.Azərbaycan Mərkəzi Bankına məlumatına görə, bu, iyunun 1-i ilə müqayisədə 2 % çoxdur. İlin əvvəlinə nisbətən problemli kreditlər 7,3% artıb, ötən il iyulun 1-nə nisbətən isə 3,6% azalıb. İyunun sonuna problemli kreditlərin ümumi kredit portfelində payı 14,4% təşkil edib. Bu nisbət mayın sonuna 14,3% təşkil edib.

Kənan Eynuroğlu