Professor akademiyanın prezidentinin təklifini qəbul etmir

Şahlar Əsgərov: “Qurumlar yaratmaqla heç nə həll olmur”
“Azərbaycanda Elm və Texnologiya üzrə Ali Şura yaradılmalıdır. Bu şuranın qərarı bütün elmi təşkilatlar üçün məcburi olmalıdır”.


Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasında çıxış edən AMEA prezidenti Akif Əlizadə deyib.

Akademik qeyd edib ki, yüksək texnologiyalarla bağlı ən yeni biliklərin tələbələrə ötürülməsi üçün yeni effektiv mexanizmlər hazırlanmalıdır:

"Bəzi hallarda magistratura pilləsində dərslər bakalavr pilləsindəki dərslərin genişləndirilmiş formasında həyata keçirilir. Bu istiqamətdə yeni tədbirlərin keçirilməsi lazımdır. Niyə gənc tədqiqatçılar ilkin tədqiqatlarını unikal cihazlarda aparmasınlar?! Bu, onların elmə marağını artırar, onlarda elmə vurğunluq yaradar”.

A.Əlizadənin sözlərinə görə, elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyət AMEA-da magistratura təhsilinin yaradılmasıdır. O, elmi potensialın ölkə səviyyəsində səmərəliliyini artırmaq üçün elmlə təhsilin inteqrasiyasının yeni, müasir modellərinə ehtiyac olduğunu bildirib: "Alimlərimiz təhsil prosesində yaxından iştirak etməli, auditoriyalara üz tutmalı, tələbələrimiz isə elmi təhlil və təcrübələrin aparıldığı laboratoriyalara gəlməlidirlər. Təhsilin tələbləri elmi araşdırmalarda öz əksini tapmalıdır. Elmin tələbləri isə yetişməkdə olan gənc nəsildə formalaşdırılmalıdır”.

Məsələni dəyərləndirən professor Şahlar Əsgərov isə belə şuraların heç bir əhəmiyyəti olmayacağını düşünür: 

"Ölkəmizdə yüzlərlə elmi işlər aparılır, məqalələr yazılır və bu elmi məqalələrin əsasında monoqrafiyalar yazılıb müəyyən nəticələr əldə olunur. Amma bu monoqrafiyadan alınmış nəticələr sənayedə tətbiq edilmir. Sanki, çox keyfiyyətli kərpic kəsə bilirik, amma bu kərpiclərdən ev tikə bilmirik. Kərpiclərdən ev tikmək, saray yaratmaq lazımdır. Alınmış elmi nəticələrdən lazımlı istifadə etmək lazımdır. Biz Yaponiyanın təcrübəsini öyrənsək, bu məsələni asanlıqla həll edə bilərik. Yoxsa qurumlar yaratmaqla heç nə həll olmur. Bəlkə bu cür qurumların əhəmiyyəti var, lakin mən orda elə bir nəticə görmürəm. Elmi məqalə və kitablar yaza bilirik, ancaq alınmış nəticələri texnologiyaya çevirə bilmirik”.

Yeganə Bayramova