Professor: “Jurnalistikada təhsil alan tələbələrin bilik səviyyəsi çox aşağıdır” - Səbəblər açıqlandı






"Hazırda jurnalistikada təhsil alan tələbələrin bilik səviyyəsi çox aşağıdır”

Bu sözləri "Sherg.az”a jurnalistika fakültəsində təhsil alan tələbələrdən danışarkən BDU-nun professoru Cahangir Məmmədli söyləyib.

Onun qənaətincə, jurnalistika fakültəsində təhsil alan tələbələr bu sahəyə o qədər də maraqlı deyil:

"Çünki jurnalistika fakültəsini bitirən məzunlar hər zaman jurnalist kimi fəaliyyət göstərmirlər. Jurnalist kimi çalışmaq istəyənlər də çox yerlərdə qonorar az olduğuna görə və ya maddi vəziyyətin çətinliyinə görə, başqa işlərlə məşğul olurlar. Bundan əlavə jurnalistikaya müxtəlif sahələrdən çox axınlar olur. Bu da jurnalist tələbələrə müsbət təsir bağışlamır. Jurnalistika fakültəsini qurtaranlar başqa ixtisaslardan gələnlərdən daha bacarıqlı olurlar. Çünki onlar bu sahənin təhsilini alıb. Amma bəzi problemlərdən dolayı onlar media sahəsində işləmirlər və əsasən başqa sahələrə üz tuturlar”.

Jurnalistika fakültəsində keçid balının aşağı olduğunu söyləyən professor diqqətə çatdırıb ki, bu fakültəyə qəbul olmaq üçün həyata keçirilən prosedurlar heç də qənaətbəxş deyil:

"Jurnalistika fakültəsinə qəbul zamanı müsabiqənin olması sözügedən sahəyə bir çox mənfi təsirlər göstərir. Çünki müsabiqədə topladığı balın üzərinə qəbul imtahanın da topladığı bal gəlinməklə abituriyentlər bu fakültəyə qəbul olunurlar. Bu da müəyyən dərəcədə onların yetişməsinə mənfi təsir göstərir. Hazırda abituriyentlər jurnalistikaya aşağı balla qəbul olunurlar. Amma 7-8 il bundan qabaq belə deyildi. Onlar indiki balla müqaisədə daha çox bal toplayırdılar. Hətta bal göstəricisinə görə, hüquq fakültəsini də seçirdilər. Amma indi imtahanlarda çox aşağı bal toplayıb, bu fakültəyə daxil olurlar. Buna görə də, müəyyən qədər tələbələr arasında bilik səviyyəsizliyi ortaya çıxır. Bu da onlara gələcək karyeralarında çətinlik yaradır”.

C.Məmmədlinin sözlərinə görə, jurnalistikaya gələn adam birdəfəlik bilməlidir ki, o, yardıcı bir fakültədə təhsil alır:

"Burada da ədəbi dil normalarına son dərəcə əməl olunmalıdır. Çünki onlar həm bədii, həm də publisistik üslubu gözəl bilməlidir. Yəni bu fakültəyə daxil olmaq istəyənlər  öncə öz ifadə tərzlərinə güvənməlidirlər. Çünki o, burada bədii-publisistik, mətbuat üslubunda eyni zamanda müxtəlif məzmunda yazı yazmağı bacarmalıdır. Əgər bunu bacarmasalar, çox əziyyət çəkəcəklər. Hətta çoxları da sonda heç jurnalist ola bilmir. Burada dil faktoru üslub baxımından çox rol oynayır. Jurnalistikada peşəkar olmaq istəyənlər buna maksimum dərəcədə hazır olmalıdırlar”.

Kənan Eynuroğlu