Cümşüd Nuriyev: "Sahibkarlar sövq edir deyə onlar qanun pozuntusuna yol verib, korrupsiyaya bulaşmamalıdırlar"
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin jurnalistlərə açıqlamasına görə, ötən il bəzi korrupsiya halları aşkarlanaraq bir neçə gömrük əməkdaşının vəzifələrindən azad edilib, barələrində cinayət işi açılıb. Bu il də qanun pozuntusu ilə məşğul olan gömrükçülərə qarşı sərt tədbirlər həyata keçiriləcəyini vurğulayan S.Mehdiyev gömrükçülər daim peşələrinə sadiq qalmalı, öz fəaliyyətlərini gömrük qanunları çərçivəsində aparmalıdır. Həmçinin sahibkarlar da gömrük əməkdaşlarını korrupsiya hadisələri törətməyə sövq etməməlidir.
Siyasi elmlər doktoru, iqtisadçı Cümşüd Nuriyev də Sherg.az-a DGK sədrinin fikirlərinə haqq qazandırıb. Onun sözlərinə görə, sahibkarlar elə bilir ki, azad bazar iqtisadiyyatında hər şey alınıb satıla bilər:
"Bu cür qanun pozuntuları, gömrük əməkdaşlarını korrupsiya hadisələri törətməyə sövq etmələri əvvəllər də vardı, indi də var. Sadəcə olaraq ötən illərə nisbətən qanun pozuntularının sayında xeyli dərəcədə azalma müşahidə olunur. Əvvəllər bu sahədə hüquqpozmaların faiz nisbəti 50-nin 50-yə idi, hazırda isə gömrük əməkdaşlarının 10 faizi qanun pozuntusuna yol verib, rüşvətlə işləyir. 10-15 faizə qədərini də sahibkarlar korrupsiyaya sövq edir. Bu kimi qanunsuzluqların qarşısını almaq üçün də DGK sədri gömrük işçiləri ilə sahibkarların təmasının məhdudlaşdırılması yönündə islahatlar aparır. Təbii ki, bu o qədər də asan məsələ deyil. Amma "ASAN” modelinin Azərbaycanda özünü doğrultması digər sahələrin də elektronlaşmasına olan ümidləri bir az daha artırır”.
Professorun sözlərinə görə, bizim sahibkarlar çalışır ki, gömrük dəyərini aşağı göstərsinlər, bəyannamədə qiymətlər onlara sərf edən məbləğ müəyyən edilsin, müqavilə şərtlərindən kənara çıxaraq məhsul keyfiyyətləri və mənşə ölkəsi ilə bağlı sertifikatları təqdim etmədən ölkəyə keçirsinlər. Və yaxud da saxta sertifikat təqdim etsinlər. Bütün bunlara nail olmaq üçün də gömrük işçilərini rüşvətlə ələ almağa çalışırlar. Məqsəd isə az xərclə böyük gəlir əldə etməkdir. Hətta elə vaxt olur ki, gömrük əməkdaşları sahibkarların fikirlərini belə başa düşmürlər.
C. Nuriyevin sözlərinə görə, sahibkarlar daha çox qazanmaq üçün gənc, perspektivli gömrükçüləri öz oyunlarına aludə edib, onların gələcəyini məhv etməməlidir:
"Sözsüz ki, burada gömrükçülərin də peşəkarlığı və iradəsindən çox şey asılıdır. Sahibkarlar sövq edir deyə onlar qanun pozuntusuna yol verib, korrupsiyaya bulaşmamalıdırlar. Amma bəzən onlar bilmədən sahibkarların toruna düşürlər. Anlamırlar ki, 5-10 manat əlavə qazanca görə iş həyatlarını təhlükəyə atırlar. Gənc gömrükçüyə rüşvət təklif edərək onu qanunpozuntusuna sövq edən sahibkar bu addımı atmazdan əvvəl özlərini, övladlarını göz önünə gətirsinlər. Cavanların təcrübəsizliyindən istifadə edib, onları öz nəfslərinin qurbanına çevirməsinlər”.
C. Nuriyev sonda keçmiş gömrük işçisi olaraq onların bayramını təbrik edib və fəaliyyətlərində uğurlar arzuladığını deyib.
Şəymən