Həqiqətən də bu gün yerli seriallarda milli dəyərlərimiz təhrif olunur
"Satira adı altında Azərbaycanın adət-ənənələri ələ salınır. Bu problemlər indi baş vermir. Son 5-10 ildə serialların əksəriyyəti bu səviyyədə olub"
Milli Televiziya və Radio Şurasından verilən məlumata görə, efir məkanında teleserialların kəmiyyət baxımından artması tendensiyası davam etsə də, keyfiyyət baxımından çatışmazlıqlar qalmaqdadır.
Məlumatda qeyd edilir ki, xüsusilə komediya janrında çəkilib nümayiş etdirilən seriallarda bir çox hallarda xalqımızın ailə-məişət münasibətləri, ailə dəyərləri təhrif olunur. Valideyn-övlad, qohumlararası münasibətlər Azərbaycan ailəsinə xas olmayan bir şəkildə təqdim edilir.
MTRŞ-nin hər zaman düzgün reaksiyalar verdiyini deyən tanınmış telejurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli "Şərq”ə bildirib ki, bu reaksiyalar həddindən artıq gec olur. Onun sözlərinə görə, həqiqətən də bu gün yerli seriallarda milli dəyərlərimiz təhrif olunur: "Seriallar çıxan kimi MTRŞ buna münasibət göstərməli, müşahidələrini ümumiləşdirməli və tövsiyələrini verməlidir.
Amma indi əxlaqi-ictimai düşüncəni pozan, milli dəyərlərə qarşı olan seriallar həddindən artıq çoxalıb.
Satira adı altında Azərbaycanın adət-ənənələri ələ salınır. Bu problemlər indi baş vermir. Son 5-10 ildə serialların əksəriyyəti bu səviyyədə olub. Belə situasiyalara reaksiyaların verilməsi yaxşıdır. Amma bununla bağlı heç bir iş görülmür, təkliflər verilmir. Artıq vəziyyət elə həddə gəlib çatıb ki, hər yerdə, həmçinin sosial şəbəkələrdə açıq etirazlar var.
Ölkə başçısı da televiziya sahəsinə pul ayırdı, 10 milyondan çox vəsait xərcləndi, bəs ortaya nə çıxartdılar? Ona görə də hesab edirəm ki, hadisələrin arxasınca sürünmək yox, müəyyən mənada istiqamət vermək vacibdir. Belə olsa, əlbəttə ki, səmərəli nəticə əldə edə bilərik. Tənqidə qalsa, hər kəs tənqid edir. Lakin bu məsələlərlə bağlı təkliflər səsləndirmək lazımdır. Ciddi tədbirlər görülməlidir”.
Yeganə Bayramova