Prokuror Səfər Əbiyevin müavininə 10 il iş istədi - MƏHKƏMƏDƏN






Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadəetmədə təqsirləndirilən sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə proses davam edib.
Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Mehman Səlimovun vəkili vəsatətlə çıxış edərək məhkəmə heyətinə etiraz edib. O bildirib ki, müdafiə tərəfinin sübutları araşdırılmayaraq verdiyi vəsatətlərin hər biri baxılmamış saxlanılıb: "Hesab edirik ki, bu işə qərəzli baxılır. İttiham tərəfinin bütün sübutları araşdırılır. Ona görə hakimlərin hər üçünə etiraz edirik".
Mehman Səlimov vəkilinin verdiyi vəsatətin təmin edilməsini istəyib.
Dövlət ittihamçısı çıxış edərək vəsatətin təmin olunmamasını deyib. Hakimlər müşavirəyə yollanıb. Qərara əsasən vəsatət baxılmamış saxlanılıb.
Hakim bildirib ki, məhkəmə istintaqı başa çatıb. Çıxışlar mərhələsinə keçilib. Dövlət ittihamçısı çıxışı zaman Səfər Əbiyevin müavininə 10 il müddətinə azadlıqdan məhrum edilmə cəzası verilməsini istəyib.
Mehman Səlimovun vəkili müdafiə çıxışına hazır olmadığı üçün vaxt istəyib.
Məhkəmə prosesi aprelin 15- də davam edəcək.
Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.