“Çünki manatı indiki məzənnədə saxlamaq üçün Mərkəzi Bank valyuta bazarına müəyyən qədər vəsait buraxmaqda davam edir”
“Proqnoz vermək çətindir”
Vahid Əhmədov: “Manatın yaxın vaxtlarda dollarla nisbətdə möhkəmlənəcəyini zənn etmirəm”
“Çünki manatı indiki məzənnədə saxlamaq üçün Mərkəzi Bank valyuta bazarına müəyyən qədər vəsait buraxmaqda davam edir”
“Çünki manatı indiki məzənnədə saxlamaq üçün Mərkəzi Bank valyuta bazarına müəyyən qədər vəsait buraxmaqda davam edir”
"Tədbirlərin effekt verməsi üçün ən azı il yarım, iki il vaxt lazımdır”
Fevralın 2-də Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Quba şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüşdə Milli Məclisin deputatları Vahid Əhmədov, Yevda Abramov, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Həm sözügedən görüşlə bağlı təəssüratlarını, həm də ölkədə baş verən iqtisadi-sosial proseslər barədə cəmiyyəti maraqlandıran suallara cavab almaq üçün Vahid Əhmədovla əlaqə saxladıq. Əli Həsənovun Quba şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüşü yüksək qiymətləndirən millət vəkili deyib ki, görüş sahibkarlar, icra nümayəndələri, bələdiyyə sədrlərinin iştirakı ilə rayonun böyük akt zalında keçirilib. Rayon əhalisi üçün şərait yaratdıq ki, öz suallarını verib, problemlərini dilə gətirsinlər. Əli Həsənov da kifayət qədər uğurlu çıxış edərək ölkə başçısının qarşıya qoyduğu tələbləri sakinlərin nəzərinə çatdırdı və ona ünvanlanan sualların hamısını cavablandırdı. Biz də millət vəkili olaraq, öz fikirlərimizi vətəndaşların diqqətinə çatdırdıq.
- Quba əhalisi daha çox hansı problemlərin həllinə diqqət çəkdi?
- Görüş zamanı qaldırılan məsələlər həddindən artıq çox idi. Qubada suvarma sistemi ilə bağlı problem çox ciddidir. Sakinlər görüşdə bu məsələni qaldırdı və Əli müəllim də özündə qeydlər apardı. Eyni zamanda, şəxsi məsələlərlə bağlı da müraciətlər oldu. Evi olmayan insanların mənzil istəyi, torpaqla təminat və s. kimi müraciətlər vardı.
- Son zamanlar dolların ucuzlaşmasına şahid oluruq. Bu proses hansı həddə qədər davam edəcək?
- Manatın möhkəmlənməsi üçün ixrac olmalıdır. Azərbaycanda isə əsas ixrac neft və neft məhsullarından asılıdır. Hazırkı mərhələdə dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir. Bütün bunlar fonunda manatın yaxın vaxtlarda dollarla nisbətdə möhkəmlənəcəyini zənn etmirəm. Çünki manatı indiki məzənnədə saxlamaq üçün Mərkəzi Bank valyuta bazarına müəyyən qədər vəsait buraxmaqda davam edir.
- Bir həftə əvvəl neftin qiyməti 35 dollara qədər yüksəlmişdi. Amma yenidən 29 dollara qədər düşüb...
- Dünya bazarında neftin qiymətinin qalxıb-enməsi birmənalı olaraq siyasi məsələdir. Böyük dövlətlər arasındakı gərginlik, baş verən müharibələr, təzyiqlərin hər biri neftin qiymətinə öz təsirini göstərir. Sırf iqtisadi məsələ olsaydı, proqnoz vermək daha asan olardı. Ancaq indiki halda dövlətlər biri-birini diz çökdürmək üçün neftdən istifadə edir və özlərinin işğalçılıq siyasətlərini həyata keçirirlər. Prosesin isə nə qədər davam edəcəyi həmin dövlətlərin siyasətindən asılıdır.
- Bəzi ekspertlər hesab edir ki, büdcəyə yenidən baxılmalı və neftin bir barreli 20-25 dollar civarında götürülməlidir. Bəs, sizin təklifiniz nədir?
- Maliyyə naziri Samir Şərifov da mətubata açıqlamasında neftin qiymətinin 25 dollardan götürülməsini təklif edib. Amma Mərkəzi Bank 30 dolları daha münasib hesab edir. Bizim də təklifimiz 30 dollardır. Hesab edirəm ki, büdcənin yenidən müzakirəsi zamanı ortaq məxrəc kimi iki təklifdən biri götürülə bilər.
- Bu azalma daha çox hansı sahəyə ayrılan xərclərə təsir edəcək?
- Çox güman ki, büdcənin müzakirəsi zamanı neftin qiymətinin 25-30 dollardan götürülməsi, yalnız əsaslı tikinti ilə bağlı müəyyən layihələrin dayandırılmasına səbəb olacaq. Sosial layihələr, müavinətlər, əməkhaqqları və təqaüdlərdə isə heç bir azalma gözlənilmir. Əksinə, artım olacaq. Dövlət başçısının da birbaşa göstərişi ondan ibarətdir ki, heç bir halda sosial layihələrdə azalma olmayacaq.
- Bank sahəsindəki vəziyyət necə tənzimlənməlidir?
- Birmənalı şəkildə bankların bağlanmasının əleyhinəyəm. Hər zaman banklarla bağlı islahatların aparılmasının tərəfdarı olmuşuq və bunu dəfələrlə bəyan etmişik. Cənab Prezident də bankların təmərküzləşdirilməsi haqqında qərar verib. Bankların bağlanması isə heç bir qəbulolunan deyil. Bu hökumət üçün də çox ciddi problemlər yaradır. Banklar bağlandıqdan sonra əmanətlərinin qaytarılması məsələsi vəziyyəti qəlizləşdirir. "Texnikabank” ölkədəki ən etibarlı banklardan biri idi. Həmin bankın lisenziyasının alınması müsbət hal deyil. Xüsusən də, son zamanlar "Texnikabank”la bağlı xeyli dərəcədə müsbət addımlar atılmışdı. Etibar müəllim ən yaxşı bankirlərdən biridir. Bu cür bankları bağlamaq əvəzinə, digər banklara birləşdirmək daha məqsədəuyğun olardı. Bank sistemində bank faizləri, o cümlədən iri bankların yaradılması məsələləri öz həllini tapmalıdır. Banklar öz aralarında birləşərək, kapital yığını əmələ gətirməlidir ki, bank faizləri aşağı düşsün.
- Kreditlərlə bağlı konkret təklifləriniz nədir?
- Dollarla kredit götürən insanların vəziyyəti çox çətindir. Bu baxımdan, onlar əlavə vəsait ödəməsinlər deyə, Azərbaycan hökuməti və Mərkəzi Bank məsələyə baxmalıdır, həmin insanların 10 min manata qədər aldığı kreditlərin köhnə məzənnə ilə ödənilməsi qərarı verilə bilər. İstəyimiz nisbətən aşağı təbəqəyə malik insanların əziyyət çəkməməsi, kreditlərin ödənilməsinə müəyyən mənada yardım edilməsidir. Hələlik təklifimizə baxılır və nədənsə, qəbul etmək istəmirlər. Hər halda, son sözü ölkə başçısı deyəcək. Çünki indiki halda cənab Prezident sosial sahəyə daha çox diqqət yetirir, nəinki aidiyyəti qurumlar.
- Vahid müəllim, bu gün üçün insanları ən çox düşündürən antiböhran tədbirlərinin nə zaman səmərə verəcəyi ilə bağlıdır. Bu barədə nə deyə bilərsiniz?
- Manatın ikinci devalvasiyasından sonra Prezident İlham Əliyev əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə 30-dək sərəncam imzalayıb. Bununla yanaşı, sahibkarlığın inkişafı, ölkəmizə investisiyaların cəlb olunması üçün də son günlər olduqca mühüm addımlar atılıb. Amma həyata keçirilən islahatlar, cənab Prezidentin imzaladığı sərəncamlar, qeyri-neft sektorunun inkişafı, idxal-ixrac əməliyyatlarının liberallaşdırılması, monopoliyanın aradan qaldırılması bir günün işi deyil. Bu tədbirlərin effekt verməsi üçün ən azı il yarım, iki il vaxt lazımdır.
Şəymən